qeza

Yayda yol qəzaları niyə artır?

Baxış sayı: 1. 372

Son günlər qəza haqqında xəbərlər daha çox yayılır. Ekspertlərin fikrincə, isti havanın, qızmar günəşin təsirindən nəqliyyat vasitəsini idarə etmək çətinləşdiyindən yol qəzalarının əsas payı yay fəslinə düşür. Son günlərdə baş verən yol nəqliyyat hadisələrinin çoxluğu bunu bir daha göstərir.

 

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov bildirir ki, qəzaların sayı ilbəil, hətta hər ay artır: “Qəzaların əksər hissəsi də məhz yay fəslinə düşür. Məsələn, 2016, 2017-ci ilin statistikasına nəzər salsaq, görərik ki, qəzalar daha çox yay fəslində olur. Yay fəslində baş verən qəzaların müxtəlif səbəbləri var. Məsələn, insanlar istirahət yerlərinə gedib gələrkən həmin yollar kifayət qədər yüklənmiş olur. Nəqliyyat vasitələrinin sıxlığı yaşanır. İstər-istəməz havaların isti keçməsi sürücülərin səhhətinə mənfi təsir göstərir. Hətta uzunmüddət avtomobili idarə edən zaman, baxmayaraq ki, içəridə kondisioner işləyir, asvaltın istisi görüntüyə də mənfi təsir göstərir. Çünki nəqliyyat vasitələrinin müəyyən baxış bucaqları var ki, asvaltın üzərindən qalxan isitilik nəticəsində bir növ görüntü yayılmış olur. Yəni kifayət qədər peşəkar sürücü olmalısan ki, belə bir vəziyyətdə nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarə edəsən. Digər tərəfdən də, istirahət mövsümündə avtomobillərin kifayət qədər sıxlığı yaşanır. Təbii ki, bunlar hamısı bəhanələr kimi səslənə bilər. Amma yay fəslinin də özünün şərtləri, tələbləri var. Bunları nəzərə almadan nəqliyyat vasitəsini idarə etmək olduqca təhlükəli anların yaşanmasına gətirib çıxara bilər. Avtomobillər saz vəziyyətdə olmalıdır. Necə ki, qış fəslində sürücülərə həmişə avtomobil şinlərinin dəyişdirilməsini tövsiyyə ediriksə, eyni zamanda yay fəslində gözləməli olduğumuz qaydalar var: Soyuducu mayeni, əyləc sisteminin mayesini nəzarətdə saxlamaq, kondisionerin müəyyən tələbləri var bunlara diqqət yetirmək, ümumiyyətlə, texniki göstəriciləri nəzarətdə saxlamaq lazımdır. Tək sürücülərin deyil, piyadaların günahı ucbatından baş verən qəzalar olur. Məsələn, nəqliyyat vasitələrinin sürətlə gəldiyi yolda, baxmayaraq ki, uzaq məsafədə də olsa, yerüstü keçid var, amma insanlar yerüstü keçidlərdən çox vaxt istifadə etməyə meylli olmurlar. Bunun müxtəlif səbəblərini gətirirlər. Bəzən bu səbəblər obyektiv olur, tutaq ki, hansısa bir keçiddə eskalator işləmir, hava boğucudur və s. Bəzi hallarda isə səbəblər subyektiv ola bilər ki, hansısa bir keçid uzaq məsafədədir və həmin uzaq məsafəni qət etməkdə insanlar çətinlik çəkir. İstənilən halda, yay fəslində sürücülər maksimum çalışmalıdırlar ki, öz üzərinə düşən vəzifələri yerinə yetirərək nəqliyyat vasitəsini diqqətli idarə etsin, piyadalar da, həmçinin öz vəzifələrinə uyğun davransınlar. Yolu keçərkən təhlükəli anlar qəza şəraitləri yaratmasınlar. Çünki istinin də insanlara birbaşa təsiri var. Bəzi hallarda adi görünən bir hərəkət havanın çox isti saatlarında xoşagəlməz hallara gətirib çıxara bilər”.

A.Allahverənov qeyd edir ki, isti hava sürücülərin səhhətinə təsirsiz ötüşmür: “Xüsusilə taksilər və sərnişin daşınması ilə məşğul olan digər nəqliyyat vasitələri gün ərzində 10-12  saat, elə taksi sürücüləri var ki, hətta 14 saat belə, nəqliyyat vasitəsini idarə edir, çörəkpulu qazanmaq istəyir. Amma təbii ki, bu onun səhhətinə, həm də onun davranış qaydalarına mənfi təsir göstərir. Ona görə də hansı nəqliyyat vasitəsini idarə etməyindən asılı olmayaraq sürücü zaman-zaman dincəlməlidir. Zaman-zaman dincəlməklə, nisbətən sərin bir şəraitdə, məkanda olmaqla sürücü bir növ özünə gəlir. Bundan sonra nəqliyyat vasitəsini daha peşəkarcasına idarə etmək qabiliyyətini qazanır. Amma belə olmadığı halda, təbii ki, gün ərzində bir neçə saat asvalt üzərində nəqliyyat vasitəsini idarə etmək onun səhhətinə, nəticədə nəqliyyat vasitəsini idarə etməsinə mənfi təsirini göstərir”.

Allahverənovun sözlərinə görə, qəzaların artmasının digər səbəbləri də var: “Bu səbəblər, xüsusilə də, indiki şəraitdə yolların təmir olunması, bir sıra yolların bağlanılması, bəzi hallarda alternativ yolların məhdud olması, təmir-tikinti işlərinin aparılmasıdır. Bunlar hamısı bir-birilə əlaqəli şəkildə yol infrastrukturuna, nəqliyyat vasitələrinin idarə olunmasına təsir edən amillərdir”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir