İsti yay günlərini yaşayırıq. Mütəxəssislərin proqnozlarına görə, yeni başlayan iyul ayında davamlı olaraq isti hava kütlələri havanı daha da qızmar edəcək. İsti yay günləri insan sağlamlığına necə zərər verir? Orqanizmi qorumaq üçün hansı addımları ata bilərik?
Koronavirus pandemiyasının olduğunu da nəzərə alaraq, türkiyəli professor, ağciyər xəstəlikləri üzrə mütəxəssis Əhməd Rasim Kiçikustanın isti havanın zərərini azaltmaq üçün verdiyi tövsiyələrini təqdim edirik.
– Temperatur və nəm yüksəlib. Belə hava insan sağlamlığına necə təsir edir?
– Temperaturla bərabər nəmin də yüksəlməsi insanın isti havadan daha çox təsirlənməsinə səbəb olur. Nəmin artmasının yaratdığı ən böyük təhlükə tərləmənin qarşısını almasıdır. Yüksək temperatura qarşı insanın iki cür müdafiə mexanizmi var. Bunlardan biri dəridəki damarların genişlənməsi, digəri isə dəri vasitəsilə orqanizmdən suyun atılmasıdır. Nəm artdığı zaman orqanizmdən suyun atılması prosesi pozulur. Tərləmə olmadığı üçün suyu dəri vasitəsilə atmaq mümkün olmur. Bu hal uzun müddət davam etdikdə orqanizmin daxili temperaturu yüksəlməyə başlayır. Bu da orqanizm üçün təhlükəli haldır.
– Temperatur və nəmin artması hansı xəstəlik və narahatlıqlara səbəb olur?
– İsti hava bir çox narahatlıq və ağrılara səbəb olur. Bunlardan biri qol və ayaq əzələlərində əmələ gələn ağrılardır. Bəzən qarın əzələlərində də belə ağrılar ola bilir.
İkincisi, isti havanın yaratdığı tükənmişlikdir. İsti havada demək olar ki, bütün insanlar bu problemdən əziyyət çəkir. Hamımızda yorğunluq, halsızlıq, yatmaq istəyi olur. Bu hallar isti havadan baş verən bitkinlikdir. Lazım olan qədər su və duz qəbul etməklə bu vəziyyəti düzəltmək olar. İsti havanın ən təhlükəli tərəfi günvurmadır.
– Günvurma necə olur?
– Günvurma zamanı orqanizm daxili istiliyini sabit saxlaya bilmir və getdikcə yüksəlməyə başlayır. Daxili temperatur 41 dərəcəyə yüksəldiyi zaman isə ölüm təhlükəsi yaranır. Şüurun pozulması, baş gicəllənməsi və ağrısı, nitqin pozulması, sayıqlama və xəyal görmə, dil qatlanması və koma kimi təhlükəli hallar ortaya çıxa bilər.
– İsti və nəmli hava daha çox kimlərə təsir edir?
– Bu cür havadan daha çox ürək xəstələri və ağciyər xəstəlikləri olanlar, təzyiq və şəkərdən əziyyət çəkənlər, böyrək xəstələri təsirlənir. Uşaq və yaşlılar da isti havadan əziyyət çəkir. Çünki hər ikisi su ehtiyacını ödəməyə bilər. Uşaqların orqanizminin böyük bir hissəsi su olduğu üçün isti tərləmə vasitəsilə su itkisinə daha həssasdırlar. Qeyd edim ki, orqanizmdə hər hansı xəstəliyi olmayanlar da isti və nəm havadan təsirlənə bilərlər.
– İstidən qorunmaq üçün nə etmək lazımdır?
– Əgər insanların çöldə işləri yoxdursa, isti havalarda qapalı yerdə vaxt keçirmələri daha məsləhətlidir. Biz çox zaman havası təmiz olmadığı üçün insanlara ticarət mərkəzlərinə getməməyi tövsiyə edirik. Amma isti havalarda bu cür sərin məkanlarda vaxt keçirmək daha yaxşıdır.
Bayırda işi olanlar isə mümkün olduğu qədər Günəş altında az qalsınlar. Şlyapa və gün eynəyi taxmaq, pambıq paltarlar geymək lazımdır. Qızmar günəşli günlərdə çətirdən istifadə məsləhətdir. Orqanizmi yormaq, idman etmək olmaz. Fürsəti olanların sərin bir yerdə 25-30 dəqiqə yatmaları, ilıq su ilə çimmələri yaxşı olar. Çox yemək olmaz. Həzmi asan olan qidalar- duru və zeytunyağlı qidalar istifadə etmək yaxşı olar. Dəniz və hovuza getmək imkanı olanlar bundan istifadə edə bilər.
– Xüsusilə hansı saatlarda bayıra çıxmaq olmaz?
– Günəşin altında qalmaq onsuz da heç doğru deyil. İnsanlar yüksək faizli günəşdən qoruyucu kremlərdən istifadə edirlər. Halbuki bu kremlərin dəri xərçəngindən qoruduğuna dair əlimizdə heç bir dəlil yoxdur. Ona görə Günəş altında qalmamalıyıq. Lakin orqanizmin Günəşə də ehtiyacı var. İdeal olanı günəşli günlərdə, günorta saatlarında 15-20 dəqiqə günəş vannası qəbul etməkdir ki, bu, sağlamlıq üçün son dərəcə faydalı və sağlam həyat üçün şərtdir.