kondisioner

Yayın kondisioner dərdi – həm sərinlədir, həm də…

Baxış sayı: 1. 263

Yayı kondisionersiz təsəvvür etmək mümkün deyil. Qızmar günəşli havalarda insanların kondisionerlərə olan tələbatı da artır. Ancaq kondisionerdən düzgün istifadə edilmədikdə, o, hətta insanı ölümə qədər apara bilər. Belə ki, kondisioner yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yarada bilər.
Alimlər hesab edir ki, kondisioner otaqdakı oksigeni məhv edir. Mütəxəssislər hesab edir ki, kondisionerdən istifadə edərkən onu gündüz 24, gecələr isə 26 dərəcədə qoyulması xəstəlik riskini azaldır. Bundan başqa, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını dəyişmək lazımdır. Avtomobildə də kondisioner tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.

Image result for Həkim, pediatr Vaqif Qarayev
Həkim, pediatr Vaqif Qarayev kondisionerin yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaratdığını dedi: “Kondisioner işləyən otaqda havada ventilyasiya olmur. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədiciləri öz yerinə qayıdır. Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də törədir. Ona görə hər bir kondisioner modelinin filtrinə qulluq qaydasına əməl edilməlidir. Bəzən illərlə bu filtrlər təmizlənmir. Açıb baxdıqda orada barmaq qalınlığında tozun yığışdığını görərik. Ona görə də kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. Allergik problemi olan insanlar kondisionerdən uzaq qaçmalıdır. Saatlarla kondisionerin işləməyi düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı, pəncərəni açıb otaqda bir ventilyasiya yaratmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır. Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Kondisioneri elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında otursaq, uzansaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, allergik problemləri, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Bu problemləri olmayanlar da soyuq hava şırnağının altında saatlarla otursa, mütləq boyun və kürək nahiyəsində ağrılar olacaq. Kondisionerin altında yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür. Kondisioner olan otaqda çılpaq gəzmək olmaz. Yaxşı olar ki, sintetik olmayan təbii parçalardan, xüsusən də boyun və kürək nahiyəsini qapayan paltar geyinmək lazımdır. Bu mütləqdir. Bu soyuq hava ilə dəri arasında bir boşluq yaradır. Yəni soyuğun birbaşa təsirinin qarşısını alır”.
V.Qarayev bildirdi ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner qətiyyən olmaz: “Böyüklərin orqanizmi yuxarıda sadaladıqlarıma dözür, amma uşaq orqanizmi dözə bilmir. Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner qətiyyən olmaz. Uşaq olan ailələr bunu gərək tənzimləsin. Tutaq ki, axşam saatlarında uşaqları təmiz havaya çıxartmaq lazımdır. Yoxsa ”kondisionerim var, qoy uşaq kondisionerin altında oynasın, mən də ev işimlə məşğul olum” demək olmaz. Çünki bu, uşağı mütləq xəstələndirəcək. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Uşaq, eyni zamanda da böyüklər bayırdan gəlib birbaşa kondisionerin soyutduğu məkana girəndə temperatur fərqinə orqanizm mənfi reaksiya verəcək. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı soyutmaq olar. Yəni temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmir. Buna görə də hazırda hamı əzələ tutulması, boyun, baş ağrılarından, burun tutulmasından şikayət edir. Bu hallar kimdə varsa, demək ki, o, kondisionerdən düzgün istifadə etmir”.
Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir