Bu yay makiyajda bizi hansı trendlər gözləyir? Tamamilə yeni və təbii gözəllik tendensiyaları! Birincisi, haylayterlər əhəmiyyətini itirəcək. İkincisi, çəhrayı ənliklərlə vidalaşırıq. Üçüncü və ən vacibi, tutqun (mat) dodaq boyalarını yığışdırırıq. Elə isə bütün bunlar nə ilə əvəz edilsin?
Beləliklə, bu yazıda oxucuları yayın əsas gözəllik tendensiyaları ilə tanış edirik.
Təbiilik
Gözəllik tendensiyaları arasında təbilik həmişəki kimi populyarlığın zirvəsindədir. Xüsusən yayda dərini makiyajla yükləmək qətiyyən olmaz. Odur ki, dərinin ideal görünməsi üçün qayğısına qalın, ona qulluq göstərin. Baza, BB, SS kremləri və ya azca ənliklə silahlanın. Haylayteri bir kənara qoyun, çətin ki, bu yay o, sizə lazım olsun. Dəri rənginin bərabər olması və sadəcə yanaqları vurğulamaq kifayət edəcək. Qaşlarınızı yüngül ştrixlərlə doldurun və ya kirpikləri qəhvəyi tuşla rəngləyin. Dodaqlara toxunmayın, yaxud da çox azca şəffaf dodaq boyası (blesk) çəkin.
Göy göz kölgələri və ya qələm
Buna inanmaq çətindir, SSRİ-nin gecə kabusunu xatırladan makiyaj tərzi yenə bizimlədir! Mavi göz kölgələri dəbə geri qayıdıb. Amma biz sizi sakitləşməyə dəvət edirik. Qorxmaq lazım deyil, sovet “tozunu” yaddaşınızdan silin, yeni makiyaj üsulu obrazı cəlbedici göstərməyə kömək edəcək. Sədəf qatını unudun və fırçanı sürtməyə qoyun.
Beləliklə, sxem çox sadədir: Barmağınızı göy və ya mavi rəngdə tutqun göz kölgələrinə sürtün və göz qapaqlarına çəkin. Bu trendi sınaqdan keçirməyə hələ də qorxursunuz? Gəlin etiraf edək ki, çox gözəldir!
Qalın oxlar
Qalın oxlar bu yayın daha bir dəbli tendensiyasıdır. Ola bilsin ki, belə trend adi gündəlik makiyaj üçün ağırdır, amma gecə tədbirləri üçün əla seçimdir. Qalın oxlar boyama prinsipi üzrə yaradılır: Əvvəlcə sürmə və ya layner ilə dəqiq oxlar çəkin, sonra isə içini rəngləməyə başlayın.
Narıncı yanaqlar
Bu yay vizajistlər ənənəvi çəhrayı və şaftalı tonlu ənliklərdən imtina edib, əvəzində bizə açıq narıncı çalarları təklif edirlər. Bəli, artıq “alma yanaqlar” elə də gündəmdə deyil. Yeri gəlmişkən, konturinq, dreypinq və strobinq kimi makyaj texnikaları da aktuallığını itiriblər.
Yay üçün krem ənlikləri və narıncı dodaq boyasını sınaqdan keçirin. Onlar almacıq sümüklərini təbii və gözəl vurğulayacaq.
Nəmli dodaqlar
Bütün qış vaz keçə bilmədiyiniz tutqun pomadaları şkafa qoyun və onları dodaq üçün olan şəffaf parıltıcılarla əvəz edin. Parıltılı və nəmli dodaqlar bu yay modanın zirvəsində olacaq!
Bir qədər də gözəllik hiyləsindən danışaq: Əgər parıltıcının qalıcığını artıqmaq istəyirsinizsə, dodaqlarınıza birinci şəffaf kirşan vurun.