Artıq iyun ayını yaşayırıq, havanın temperaturu az qala hər gün artmaqdadır. Təbii ki, hava isindikcə insanların sərinləşdirici içkilərə, o sırada dondurmalara tələbatı artır. Bəs yay mövsümündə içki və dondurmadan necə istifadə edək? Hansı halda onlar təhlükəli ola bilər?
İlk öncə həm böyüklərin, həm də uşaqların çox sevdiyi dondurmalardan başlayaq. Son illərdə ölkə bazarında yerli istehsalla yanaşı, müxtəlif ölkələrdən, o cümlədən qonşu Türkiyə və Rusiyadan gətirilmiş dondurmalar satışdadır. Tərkibi və ölçüsünə, istehsal olunduğu yerə görə dondurmaların qiymətləri də fərqlidir. Məsələn, yerli istehsal olunan dondurmalar 40 qəpikdən başlayan qiymətə satılırsa, Türkiyə və xüsusən də Rusiyadan gətirilmiş dondurmalar ikiqat baha qiymətədir. Bəs yaxşı dondurmanı necə seçək?
Mütəxəssislər qeyd edir ki, istehsal olunduğu yerdən asılı olmayaraq, əgər dondurmanı dilin üstünə qoyduqda acı dad verirsə, deməli, həmin dondurmanın tərkibinə standartların əksinə olaraq bitki yağları, marqarin vurulub. Dondurma süd məhsulu olduğu üçün onun tərkibinə ancaq kərə yağı vurulmalıdır. Yalnız bu halda dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verir, yəni yararlıdır.
Dondurma alarkən daha bir məqama diqqət etmək lazımdır – onun kağızına. Əgər dondurmanın kağızı əzikdirsə, mütləq onu almaqdan çəkinmək lazımdır. Bu onu göstərir ki, dondurma bir dəfə əriyərək, yenidən dondurulub və bu da insan orqanizmi üçün təhlükəlidir və çirklənmiş məhsul hesab olunur.
Həmçinin dondurmanın istehsal tarixinə mütləq diqqət edilməlidir. Bu məhsul ən yaxşı halda, 18 dərəcə temperaturda 6 ay saxlanıla bilər. Lakin əgər məhsul satışa çıxarılırsa, tez bir zamanda satılmalıdır. Uzun müddət mağazaların soyuducularında qalan dondurmaların insanlarda mədə-bağırsaq xəstəlikləri yarada biləcəyi deyilir. Bununla bərabər dondurma üzərində qumabənzər köpüklü əlamət olmamalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir.
Dondurma vaçkeçilməz qida olsa da ondan da qaydasında istifadə etmək məsləhət görülür. Məsələn, ekspertlər bildirir ki, bir dəfəyə 300-400 qramdan çox dondurma qəbul etdikdə bu insanın bədən temperaturunu aşağı sala, hətta ölümə səbəb ola bilər. Diabetli xəstələr isə şokoladlı dondurmadan imtina etməlidir.
Yay mövsümünün vazkeçilməz sərinləşdirici içkilərindən biri də kvasdır. Məlum olduğu kimi, kvas qıcqırdılmış xəmirdən hazırlanır və tərkibinə qıcqırdılmış maddələr qatılır. Hesab olunur ki, bu içki yorğunluğu çıxarır və enerjini bərpa edə bilir. Qıcqırma prosesində bu içki mikroorqanizmlərlə zənginləşir ki, bu da həzmi normallaşdırır, immuniteti gücləndirir və hətta qastritlə mübarizə aparmağa kömək edir. Lakin kvas çəlləklərinin içərisində çöküntü yarandığından çəlləklər müntəzəm olaraq təmizlənməli, yuyulmalıdır. Çünki xəmirdən hazırlandığı üçün kvasın çöküntüsündə qurdlar əmələ gələ bilir və bu da orqanizm üçün təhlükəlidir. Bunun üçün kvas alarkən onun dadına, rənginə diqqət etmək lazımdır.
Spirtli içkilərdən olan pivə də yay mövsümündə kişilər üçün vazkeçilməz içkidir. Pivə təhlükəli içki hesab olunmasa da, ekspertlər qeyd edir ki, hər gün pivə içmək bədəndə antitoksikin fəaliyyətinə təsir edir və nəticədə iltihab prosesi yaranır. Bu isə bir müddət sonra hepatit və müxtəlif qaraciyər xəstəliklərinə yol aça bilir. Ümumiyyətlə, ekspertlər bildirir ki, yay mövsümündə siqaret çəkmək, spirtli içki içmək orqanizm üçün təhlükəlidir.
Əlbəttə ki, yay mövsümündə susuzluğu yatıran ən yaxşı içki sudur. Adi su orqanizmə, eləcə də zahiri görünüşə xüsusi təsir göstərir. Xüsusən də diyetoloqlar nəinki yayda, ilin bütün fəsillərində daha çox sudan istifadə edilməsini məsləhət görür. Lakin suyu tez-tez və aramla qəbul etmək lazımdır ki, böyrəklər həddən artıq yüklənməsin, bədəndəki su balansı pozulmasın.
Xalidə GƏRAY