Yazın gəlişi ilə əlaqədar bir çox insanlarda asqırma, öskürmə kimi allergik reaksiyalar müşahidə edirik. Bu şəxslərin əksəriyyəti daima yanında sprey gəzdirir. Bir müddət sonra allergiya bitmiş olsa da, əlamətləri qalmaqda davam edir.
Simptomlar allergiyaya aid olmaya bilər
Allerqoloq Ramin Nərimanın sözlərinə görə, əslində yaz allergiyası deyilən xəstəlik yoxdur. Bu hallar allergik rinit, yaxud astmanın başlanğıc dövrüdür. Bu səbəbdən məlum şikayətləri olan şəxslər mütləq allerqoloqa müraciət etməli, problemlərini dəqiqləşdirməlidirlər: “Hansı bitkilərin tozlarına qarşı allergiya mövcuddursa, ona uyğun müalicə təyin edilməlidir. Allergiya olub-olmadığını dəqiqləşdirmək lazımdır. Amma bizdə asqıran kimi adını allergiya qoyurlar. Simptomlar allergiyaya aid olmaya da bilər”.
Tozlanma başa çatdıqda xəstəlik də bitir
R.Nəriman bildirdi ki, hər insanda allergiya müxtəlif zamanlarda baş verə bilər: “Bitkilərin tozlanması əsasən yazda baş verir. Bu səbəbdən, müxtəlif bitkilərə qarşı allergiyası olan insanlar həmin dövrdə kəskin şəkildə əziyyət çəkirlər. Amma digər mövsümlərdə tozlanan bitkilərə qarşı allergiyası olan şəxslər də mövcuddur. Yayda tozlanan taxıl bitkilərinə qarşı kiminsə allergiyası varsa, bu, özünü həmin fəsildə göstərir. Ona görə də sadəcə yaz allergiyası demək doğru deyil. Bitkinin tozlanması başa çatdıqda dərman istifadə edib-etməməyimizdən asılı olmayaraq allergiya başa çatır. Bu problem hər il təkrarlanır”.
Bu zaman müalicə effekt vermir
Allerqoloqun fikrincə, həkim məsləhəti olmadan allergiyaya qarşı sprey istifadə etmək həyatımızı təhlükəyə atmaq deməkdir: “Burun spreylərinin növləri çoxdur. Əksəriyyəti heç allergiya zamanı istifadə olunmamalıdır. Hətta bəzisinin 2-3 gündən artıq istifadə edilməsi qadağandır. Xəstələr həkim məsləhəti olmadan aptekdən istənilən spreyi alırlar və istifadə edirlər. Bəzən o dərəcədə çox istifadə edirlər ki, dərmandan asılılıq yaranır. Bu zaman əlavə təsirlər, problemlər üzə çıxır. İnfarkt, insult yaradanları da mövcuddur. Gözün dərinliyinə təsir edir, boğulma halları yaşanır. Bu xəstələr sonradan allergiya ilə bağlı müalicə aldıqda onlarda dərmana qarşı dözümlülük olur. Bu zaman müalicə effekt vermir. Çünki zamanında düzgün müalicə almayıblar. Ona görə də sprey almamışdan öncə mütləq həkimə müraciət etmək lazımdır”.
Vaxtında müalicə alınmalıdır
Otorinolarinqoloq Elnur Əkbərov isə dedi ki, xəstəliyə qarşı müalicə mövsüm başlamadan olmalıdır: “Orqanizmimizdə baş verən proseslər özünü allergik rinit, allergik dermatit, allergik konyunktivit və daha fərqli formalarda göstərə bilər. Allergik rinit mövsümi xarakter daşıyır, yaz-payız, xüsusən də yaz aylarında olur. Amma il boyu allergik rinit də mümkündür. Xəstəliyin növündən asılı olaraq ya mövsümi, ya da il boyu müalicəyə ehtiyac var. Mövsümi allergik rinitdə pasiyentlər hər il yaz və payız başlamadan dərman müalicəsi almalıdır. Ortalama müalicə 20 gündür. Mövsüm başladıqdan sonra müalicə gedərsə, effekti daha zəif olur. Yəni allergik təzahürlər azalır, lakin burun rahatlamır. Ona görə də müalicə vaxtında başlamalıdır. Allergik rinit fonunda inkişaf etmiş poliplərdən əziyyət çəkən şəxslər də ola bilər. Onlar əməliyyat olunmalı və dərman müalicəsi almalıdır. Amma əməliyyat problemi həll etmək üçün deyil, məqsəd dərman üçün burunda uyğun şərait yaratmaqdır”.
“Allergik rinitin başqa müalicə üsulu yoxdur”
Otorinolarinqoloqun sözlərinə görə, allergiyanın müalicəsi yalnız dərmanlar və spreylərdir: “Allergik rinitin müalicəsində sadəcə burun spreyi istifadəsi yanlışdır. Ən çox istifadə olunmalı tərkibində stereoid və antistamin molekulları olan burun spreyləridir. Bunlardan əlavə antistamin qrupuna aid tabletlər də yazılmalıdır. Günümüzdə allergik rinitin başqa müalicə üsulu yoxdur. Digər mövcud üsullar yalnız köməkçidir. Burun spreyləri asılılıq yaratmır, amma istifadəsi məcburidir. Dərmanlar mütəmadi istifadə olunmalıdır”.
Həkim həmçinin bildirdi ki, spreylərin istifadəsi zamanı yan təsirlər də ola bilir: “Yan təsirlər burunda quruluq, xırda qanaxmalar şəklində özünü göstərir. Bu səbəbdən spreylər nəzarət altında istifadə edilməlidir. Müalicə öncəsi və sonrasında həkim nəzarəti mütləqdir”.
Xalq arasında deyirlər ki…
Pulmonoloq Əsəd Beydullayev qeyd etdi ki, bəzən dərmandan istifadə etməmək daha ağır fəsadlar yaradır: “Xalq arasında deyirlər ki, dərmanlar asılılığa səbəb olur. Amma bu, tələbatdır. Çünki xəstə yalnız dərman qəbul etdikdə özünü yaxşı hiss edir. Allergik astma olan hamilə qadınlar da bəzən uşağa zərər verəcək deyə, dərmanlardan istifadə etmirlər. Amma bu, yanlışdır. Dərmanlardan vaxtı-vaxtında düzgün qaydada istifadə etmək lazımdır. Çalışmaq lazımdır ki, dərman dayandırılmasın. Çünki bu zaman ana bətnindəki uşaqda da müəyyən xəstəliklər yarana bilər”.
Pulmonoloq bildirdi ki, burun tutulmalarında nazal spreylər, boğaz yollarında inqalyasiya və bronxlar üçün dərmanlardan istifadə olunur: “Yaz allergiyasının qarşısını almaq çox çətindir. Çünki havada uçan və gözlə görünməyən xırda hissəciklərdən, bitki tozlarından qorunmaq mümkünsüzdür. Çalışmaq lazımdır tozlanmanın daha aktiv olduğu küləkli havalarda və günorta saatlarında mümkün qədər çölə çıxılmasın. Ağacların və çiçəklərin çox olduğu yerlərdən uzaq durun. Dərmandan daha az istifadə etmək üçün bunlara əməl etmək lazımdır”.
Zərif Salmanlı