Yaz aylarında, xüsusən də koronavirus pandemiyasının yayıldığı bir dövrdə immunitetin necə gücləndirilməsi ən vacib məqamlardan biridir. Bu dəfə sizə pandemiya dövründə xəstəliklərdən necə qorunmalı olduğunuz barədə məsləhətlər təqdim edəcəyik.
Əvvəla qeyd edək ki, immunitet sistemi canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, vücudu yad və zərərli maddələrdən qoruyan qarışıq bir sistemdir. Bütün xəstəliklərə qalib gəlməyin yolu güclü immunitetə sahib olmaqdan keçir. Xüsusən də yaz aylarında buna diqqət etmək olduqca vacibdir. Mütəxəssislərin fikrincə immuniteti güclü olan şəxs koronavirusa yoluxsa belə bunu ən yüngül formada keçirmiş olur. Bəs immuniteti gücləndirmək üçün nə etməli?
Düzgün qidalanmaq:
Səhər yuxudan duranda və yemək qəbulundan 30 dəqiqə əvvəl 1 və ya 2 stəkan su içilməlidir. Suyun içilməsinin miqdarını aşağıda qeyd etdiyim hesablamaya görə təyin etmək mümkündür: Qadınlarda çəki (kq) X 0.30, kişilərdə çəki (kq) X 0,33. Məsələn, qadın 60 kq-dırsa çəki 0.30-a vurulur və onun üçün gün ərzində 1, 8 litr su içməyi müəyyən olunur. Çayı limonla içmək və bitki çaylarından istifadə etmək tövsiyə olunur. Səhər yeməyinə kalsium və zülal ilə zəngin olan yumurta, süd, pendir, bal, kəsmik, şor daxil edilməlidir. Günorta tərəvəzli şorbalar, borş, zülal ilə zəngin olan lobya, mərcimək şorbaları ilə qidalanmağınız tövsiyə olunur. Həftədə iki dəfə balıq yemək olduqca faydalıdır.
İdman etmək:
Əgər oturaq bir işdə işləyir və uzun müddət kompüter arxasında qalırsınızsa mütləq şəkildə kiçik fasilələr etməli və mümkün qədər yürüş etməlisiz. Düzənli olaraq idmanla məşğul olmaq ən gözəlidir.
Stressdən uzaq olmaq:
Müsbət fikirlər və nikbin əhval-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Elmi təcrübələr göstərir ki, optimistlər daha uzun və xoşbəxt ömür sürürlər.
Nizamlı yuxu:
Yuxu bədəni güclü, zehini oyaq saxlayar. Hind toyuğu və süd məhsulları kimi bəzi qidalar triptofan ehtiva etdikləri üçün yuxu gətirər. Axşamlar kofe içməkdən çəkinin.
Pis vərdişlərdən uzaq olmaq:
Zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir.