yaz

Yazın ilk ayında ölüm halları niyə daha çox olur?

Baxış sayı: 1. 475

“Mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı” deyimi günümüzdə çox işlənir. Mart ayında ölüm hallarının artması, xroniki xəstəliklərin, allergiyaların kəskinləşməsi, ürək tutmaları, təzyiqin oynaması kimi faktlar bu deyimin geniş yayılmasına səbəb olur. Qısaca olaraq “Mart çıxdı, dərd çıxdı” kimi deyilən fikir dərin kök salaraq aktuallığını itirmir.

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov bildirir ki, mart adətən hava şəraitinin qeyri-sabit keçdiyi bir aydır: “Martda hava daha çox küləkli və dəyişkən olur. Bu səbəbdən də mart ayında hava şəraiti ilə bağlı müəyyən problemlər olur. Mart ayı bizim ənənəvi xalq təqvimində “boz ay” deyilən dövrə düşür. Mart ayının xalq təqvimindəki adı “boz ay”dır. Həmin aya bu adın verilməsi “boz ay”da havanın daha çox buludlu, tutqun, nisbətən küləkli və qeyri-sabit keçməsi ilə bağlıdır. Xalq təqvimində bu ayı çətin bir ay kimi səciyyələndirirlər”.

Müsahibimiz deyir ki, kənd təsərrüfatı həyatı ilə məşğul olan insanlar üçün də bu ay çətin aydır. “Martın başqa çoxlu problemləri də var. Köhnə il bitir, yeni il başlayır, soyuqla istinin növbələşdiyi vaxtdır”.

Xəlilov qeyd edir ki, mart ayının sıxıntılı xüsusiyyətləri var: “Bu baxımdan qədim zamanlardan marta bir dərd, problem kimi baxırlar. Ona görə martın çıxmasını da xüsusi arzulayırlar. Çünki martdan sonra gələn ayda artıq təbiətdə yaşıllaşma başlayır. Müəyyən qədər bolluq yaranır. Xüsusilə, heyvandarlıqla məşğul olan insanlar üçün bu çox önəmlidir. Məsələn, ot bitir, artıq təsərrüfat həyatı rahatlaşır. Bizim mədəniyyətimizin bir hissəsi heyvandarlıqla bağlıdır. Ona görə təbiətin dirilməsi, yenidən otların bitməsi, yaşıllaşma və s. proseslər mart ayı çıxandan sonra daha da sürətlənir. İnsanların həyatı rahatlaşır. Bu baxımdan insanlar martın tez çıxmasını arzu edirlər. “Mart çıxdı, dərd çıxdı” deyiminin ifadəsi də burdan gəlir. Şübhəsiz ki, bizim mart ayı yeni təqvimlə gəlir. Hicri təqvimlərində və ya xalq təqvimlərində mart ayının adı yoxdur. Mart ayının adı milad təqvimindəki 12 aydan biridir. Amma görünür ki, mart sözünün yerində ənənəvi təqvimdən gələn başqa bir ad olub. Əlbəttə ki, “Boz ay çıxdı, dərd çıxdı” kimi səslənib. Amma mart sözü ilə poetik səsləndiyinə və qafiyələndiyinə görə, daha rahat şəkildə olan deyimə çevrilib”.

Terapevt Hüseyn Mehdiyevin bildirdiyinə görə, hər deyim nədənsə qaynaqlanır. Hər bir şeyin kökü olur. Tibbi nöqteyi nəzərdən yanaşılsa, müsahibimiz deyir ki, həkimə gedən hər bir adam bilir ki, ildə iki dəfə – yaz və payız aylarında, adətən, xəstəliklərin şiddətlənməsi dövrü başlayır. “Xəstəliklərin baş qaldırmasının həmin deyimə böyük təsiri olub. Çünki istər-istəməz təbiətdə baş verən dəyişikliklərlə əlaqədar olaraq orqanizmin özündə də dəyişikliklər başlayır. Yazda yatmış xəstəliklər də özünü büruzə verməyə başlayır. Bu nöqteyi-nəzərdən ürək-damar sistemi xəstəlikləri kəskinləşir”.

Mehdiyevin dediyinə görə, mart ayında ölüm halları həddindən artıq çox olur, yəni, dərdin üstünə dərd gəlir. “Təzyiqin normal idisə, martda mütləq təzyiqdə oynamalar olur. Ürək tutmaları artır. Allergik xəstəliklər baş qaldırır. Ağacların çiçəklənməsi, havanın dəyişkənliyi, isti ilə soyuğun bir-birini əvəz etməsi, təbiətin şıltaqlıqlarına qarşı orqanizm özünü tənzimləyə bilmir” deyən terapevtin bildirdiyinə görə, xüsusən, yaşlı adamlarda bu, özünü daha çox büruzə verir. Əslində bu kimi hallar mart başlayandan maya qədər davam edir. Elə bir xəstəlik yoxdur ki, yazda şiddətlənməsin.

“Bütün xəstəliklər yazda daha da kəskinləşir. Orqanizmdə immun sisteminin aşağı düşməsi halları baş verir. Vitamin çatışmazlığı müşahidə olunur. Bu amillər də xroniki xəstəliklərin baş qaldırmasına səbəb olur. Martda insanlar özlərinə qarşı daha diqqətli yanaşmalıdır. Səhhətində problemləri olan adamlar qidalanmadan tutmuş düzgün həyat rejiminə qədər ciddi fikir verməlidir. Təmiz havada çox olmaq lazımdır. Hava əlverişsizdirsə, ev şəraitində oturmaq daha münasibdir”.

Psixoloq Mehriban Mütəllimova bildirir ki, “mart çıxdı, dərd çıxdı” deyiminin psixoloji əsasları da var: “Bu deyim, adətən, el məsəli olaraq işlədilir. Kimisi üçün çox uzun ay oldu, kimisi üçünsə nə zaman gəldi-keçdi bilmədi. Hər fəslin, hər ayın öz gözəlliyi var. Mart ayı bir- birindən gözəl bayramları, adət-ənənəsi ilə gəlişini gözəl şəkildə göstərir. Yaz aylarında hava dəyişkən olur. Bu səbəblə insanlar qış ab-havasından tez çıxırlar, nazik geyinirlər və nəticə olaraq xəstələnirlər. Martda günəş üzümüzə gülsə də, aldanmamalı, qış tədbirlərindən imtina etməməliyik. Yazda bir çox xəstəliklərlə yanaşı psixoloji xəstəliklərin də əlamətləri güclənir. Məsələn, fəsil dəyişkənliyi ilə əlaqədar şizofreniya xəstəliyinin əlamətləri özünü daha qabarıq şəkildə göstərir. Yazda depressiyaların da kəskinləşməsi müşahidə olunur”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir