ramile Qurbanli

Yazıq qadın… çalış, yazıq olma

Baxış sayı: 1. 284

Bütün hallarda, qadının qazanına tökdüyüdür çömçəsinə çıxan. Başlanğıc qadın özüdür.

Bir neçə il əvvəl metroda bir qadının 13-14 yaşlı oğlunu boş yerdə oturdub, onun çantası da əlində özünün ayaq üstündə durmasından yazmışdım. Yazmışdım ki, bizim əksər analar oğullarını düzgün yetişdirib, tərbiyə etmir. Ana uşağı böyüdür, uşaqlığından onun bütün problem və çətinliklərinin altına öz çiyinlərini verir. Hətta yeniyetmə oğlunu oturdub, özü onun başının üstündə ayaq üstündə durur. Hərçənd, o oğlanın ayağa qalxıb yerini qadına, uşağa, yaşlıya verən vaxtıdır. Sosial şəbəkədə paylaşdığım bu yazıya görə xüsusən gənc oğlanların, həmin tərbiyəni görənlərin yersiz tənələri ilə rastlaşmışdım ki, “ana uşağına elə baxar də”.

Bizim anaların oğullarına – gül balalarına heç kim heç bir söz deyə bilməz, qarşılarında onun anasını görəcəklər. Bu fədakarlığı qız uşaqlarına etmirik, onları ətrafdakı təpkidən qorumuruq, oğlanı qoruyuruq. Anlamırıq ki, əksinə olmalıdır, qızı qorumalıyıq. Oğlan özü özünü qorumağa qadir olmalıdır. Hətta bacısını, qadını, yeri düşəndə haqqı, ədaləti müdafiə etməli olduğunu anlatmalıyıq ona. O ruhda böyüməlidir, məsuliyyətli, vicdanlı, nəzakətli, sevgi dolu olmağı aşılamalıyıq ona. Etmirik. Deyirik sənə bir vurana sən iki zərbə endir. Heç vaxt analar oğullarına “zora zorla cavab vermə, zor tətbiq etmə”, demir. Əksinə, qonşunun uşağının “layiqli cavabını” verməyibsə, qolumuzu çırmayıb özümüz meydana giririk, anasını balasına, balasını anasına qatırıq. Oğlu da görür ki, anası “yaxşı oturtdu düşməni yerinə”. Düşünür ki, belə olmalıdır. Ailə quranda da anasının bu gül balasına xanımı desə ki, zəhmət olmasa, bir ailə məsuliyyətini hiss et, kişibala qolunu çırmayıb, hücum çəkir qadına. Yaxud qadını şəxsi əmlakı hesab edir. Yaxud qadından da anası olduğu kimi, onun bütün əmirlərinə müntəzir dayanmasını umur. Ana oğlunu qadına məhəbbətlə, şəfqətlə, nəzakətlə tərbiyə etmir. Əksinə, oğul ondan başqa bir qadını sevsə, naxələfdir. Qadın qısqanclığı oğlunu öz xanımına belə qıymır…

Nəticədə oğulda qadına aqressiya yaranır. O aqressiya yönəlir bütün qadın cinsinə-küçədə, bazarda, işdə, evdə-xanımına, qızına-hətta anasının özünə.

Qadın ağzını açan kimi onu döyənlər yalnız ucqar kəndlərdə yaşayan, normal təhsil görməyən, qoyun otarmaqdan və Üzeyir Mehdizadəni dinləməkdən qeyri işi olmayanlar deyil. Həm də ali təhsil görüb normal işdə işləyən vəkillər, müstəntiqlər, müəllimlər, aşpazlar və sair bütün sənət sahiblərindən var ki, dinlədikləri yalnız ən yaxşı halda molla söhbətləridir. Bəli, müxtəlif təriqətə qulluq edən dinbazların din barədə cəfəng söhbətləri. Guya “qadını döymək imandandır”. “Qadın itaət edəndir.” Qalan elmdən, dünya sivilizasiyasından xəbərləri yoxdur. Əksər peşə, sənət sahibləri bu gün başlarını aşağı salıb yalnız iş görüb çörək qazanmaqla məşğuldurlar, inkişafları, mədəni olmaları üçün heç bir cəhddə bulunmurlar. Kitab oxumuruq, kinoya, teatra getmirik. Psixologiya, insan mənəviyyatı, davranış qaydaları ilə bağlı tədbirlərdən, seminarlardan, insanın inkişafına xidmət edən bütün nəsnələrdən uzağıq. Kişilər heç oxumur. Qadınlardan az faiz mütaliə edir. Qadınlı-kişili ən yaxşı halda seriallara baxır, həm də uşaqları ilə birlikdə. O seriallara ki, bizə heç nə vermir, bax, yaşadığımız bu bəlalardan qeyri.

Televiziyalar insanları cəhalətə, nadanlığa sürükləyir, nadanlıq aşılayır. Qəhrəmanlarımız ya üzündən nadanlıq yağan şou adamlarıdır, ya da kriminal avtoritetlər.

Mənim dövrümün gənclərinin qəhrəmanları Ovodlar, Korçaginlər, Oleq Koşevoylar, Qafur Məmmədovlar, Mixaylolar, Zoyalar, İsrafillər, Həzi Aslanovlar idi. Çünki ideologiya bizə onları misal gətirib, onlar kimi olmağı aşılayırdı. İndi Xatunlar, Şəbnəmlər, Kərimlər, Nadirlər, Qulilər, Muradlardır bizə qəhrəmanlıq simvolu kimi aşılanlar. Nadirin qadına münasibətidir bugünkü kişinin münasibəti.

Özünün pulemyot qabağına atan Elnurlar, düşmənin gözünün içinə qədər gedən Mübarizlər, əyninə kəfən geyinən Allahverdilər, ölüm təhdidi altında dediyindən dönməyib düşmən bayrağına tüpürən İlqarlar kölgədə qalıb, onlardan danışmaq sərf eləmir, onlar kimi olmağını istəmirik gənclərimizin. Saqqalını uzadıb, balağını qısaldanlar yaxşıdır, başını yarıb qan çıxardanlar, kişiliyi qadını döyməklə isbat etmək istəyənlər.

Bir bəla ondadır ki, bizim cəmiyyətdə-kişilərdə natamamlıq kompleksi var, çox böyük səviyyədə. O qədər sıxışdırılıb, alçaldılırlar ki, onun aqressiyasını qadını öldürməklə çıxardanda özünü kişi kimi hiss edə bilir. Yolda qadın sürücünü sıxışdıranda, onu pəncərədən təhqir edəndə özünün kişi hiss edir. Özünün ondan “yüksək olduğunun”  zövqünü yaşayır.

Daha bir məqam qadınların təhsil almasına maneə olmağımızdır. Qızları oxutmağı labüd hesab etmirik. Oğlanlar təhsilsiz qızlarla, körpəciklərlə evlənməyə meyllidir. Yenə din şarlatanlarının aşıladığı çürük bir fikir var – oxumuş qadın üzünə ağ olacaq, təhsilsiz və azyaşlı al ki, sənə itaət etsin. Daha o dərinliyə qədər düşünməyə baş çatmır ki, bu qız sənin uşaqlarının anası olacaq, onları tərbiyə edəcək. Özünün heç bir baqajı olmayan ana övladına nə verə bilər axı…

Qadın, lütfən, uşaqları kitaba meylləndir, özün nümunə ol bunun üçün. Əlində kitab olsun, onu aşıla, uşaqlarla müzakirə et oxuduğunu, maraq yarat onlarda. Yaxşı bədii filmlərə baxın ailəliklə, sonra onu müzakirə edin, yaxşı nədir, pis nədir nəticəsini çıxardın. Dərs vermək olmasın, özümüz də deyib öyrənirik.

Kitab oxuyan heç vaxt zora əl atmaz… Oxumaq meylləri azaldıqca, cəhalət və ondan yaranan şiddət artar. Hamımız günahkarıq…

Qızı köçürəndə “köçdüyün evdən yalnız meyitin çıxsın”, “bu gündən lal, kar, kor ol”-deyən valideynlərdir günahkar. “Yüyrək at özünə qamçı vurdurmaz” fəlsəfəsini bayraq edən cəmiyyətdir günahkar.

Kişiləri tərbiyə edən qadındır. Oğlanları aciz, məsuliyyətsiz böyüdən, qızı təhsildən yayındıran, onu kölə, müti tərbiyə edən qadın. Ən çox qadındır günahkar.  Şiddət göstərən kişini doğan, tərbiyə edən qadın, sənin qızını o “kişi” öldürəcək…

Bir neçə il əvvəl oturdub çantasını daşıdığın həmin oğlan hansısa ananın qızını öldürəcək. “Kişini baş tacı” edib özünün payəndaza çevirən qadın, bir az özünü də sev, bir az inkişafın üçün əziyyət çək.

Bütün hallarda, qadının qazanına tökdüyüdür çömçəsinə çıxan. Başlanğıc qadın özüdür. Yazıq qadın… Çalış yazıq olma.

 

Ramilə Qurbanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir