Enver HESENOV

“Yeddi oğlu istərəm”in Cəlalı: “Təsbehlərimdən heç Allahşükür Paşazadədə də yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 2. 296

“Uşaqlığın son gecəsi” filmindəki Murad, “Yeddi oğul istərəm”də Cəlal obrazları ilə məşhurlaşan əməkdar artist Ənvər Həsənov  “Yeni Musavat”a müsahibəsində Azərbaycan kinosunda yaratdığı maraqlı obrazlardan, bu sahədə baş verən proseslərdən və s. bəhs edib. “Gencaile.az” həmin müsahibəni oxucularına təqdim edir.

 

– Çox şadam  ki, “Uşaqlığın son gecəsi”ndəki Muradla üz-üzəyəm. Bu gün necəsiz, işləriniz necə gedir?

– Hamı necə, mən də elə. Görürsüz ki, işdəyəm. Əlbəttə ki, artıq əvvəlki vaxtlar deyil. Yaş özünü göstərir. Artıq əvvəlki kimi fəaliyyət göstərə, çalışa bilmirəm, nə rejissor, nə də ki, aktyor kimi. Təbii ki, dəvətlər var. Lakin çox təəssüflər olsun ki, mən gördüyüm o məktəb, çalışdığım o  insanlar bu gün həyatda yoxdur. Həsən Seyidbəyli, Arif Babayev, Muxtar Dadaşov, Tofiq Tağızadə… Bu cür insanları itirmişik. Gələn gənclər isə hələ ki, onların yerini tutmayıb. Bunun üçün də gənclərə vaxt lazımdır. Gərək  onlar püxtələşib, aktyorlarla işləmək qabiliyyətinə malik olsunlar, məkanı seçə bilsinlər. Diplom almaqla deyil, praktikada həyatı gözünlə görüb-götürmək başqa şeydir. İndi universiteti bitirənlər gəlib deyir ki, biz film çəkmək istəyirik. Axı ay qardaş, siz nə qədər gözəl film çəksəniz də, o cür sənətkarlarımızın çəkdiyi filmlərə çatmaq üçün hələ çox vaxt lazımdır.

– Bəs çatışmayan nədir, həmin texniki baza, ya aktyor və rejissorlarda həvəs yoxdur?

– Bu mənim üçün bir qədər çətin sualdır. Kino sahəsində çalışan insanlar, xüsusən də rejissorlar gərək çəkiliş meydançasını, onu əhatə edən insanları hiss edə, aktyorlarla işləmək qabiliyyətinə malik olsunlar. Bir az öncə qeyd etdiyim ki, buna da vaxt lazımdır.

– Bu studiyada neçə ildir ki, çalışırsız?

– 1965-ci ildən. Yəni 52 ildir, bu da bir igidin ömrüdür. Kinoda isə 34 obrazım var. Amma bu rəqəm təxminən 50-dir. Ona görə ki, elə filmlərim var ki, onlar bəzən 2, hətta 10 serialdır. Hər serial da axı bir filmdir. Ona görə bəzən deyirəm ki, 50 filmim var, bəlkə də daha çox. 20 filmin isə ikinci rejissoru olmuşam. Beləliklə 52 il ərzində ümumilikdə 70 filmim var.

– Bəs indi yeni çəkilən serial və ya filmlərə dəvətlər almırsız?

– Dəvətlər olur. Sadəcə, bizim dövrümüzdə əvvəlcə bizə ssenarini verirdilər, biz də oxuyub bilirdik ki, o rolu yarada biləcəyik ya yox. İndi isə məni çağırırlar, ssenarini isə təqdim etmək istəmirlər. Deyirəm axı “bilməliyəm ki, həmin obraz mənə yaxındırımı, onu hiss edirəm ya yox, tərəf müqabillərim kimdir və sairə”. Cavabında isə deyirlər ki, “Ənvər müəllim neynirsiz onu, gəlin elə  meydançada görüşüb, danışaq”. Deyirəm ki, “qardaş, mən belə işləmək istəmirəm”. Yəni indikilərlə uyğunlaşa bilmirəm, mənim özümə məxsus iş prinsiplərim var. Necə yəni meydançaya gedəcəm, mənə mətni verəcəklər, bilmirəm, ssenarinin əvvəli necə olub, ortası, axırı necə olacaq. Belə işləmək olarmı?

– Sizi dövlət hesabına çəkilən filmlərdə də görə bilmirik.

– Dəvətlər var, bu il də dəvət etmişdilər. Nəsə getmədim. Gördüm ki, obraz mənə uyğun deyil.

– Beləliklə də illərlə obrazsız, çəkiliş meydançalarından kənarda qalırsız.

– Yox, niyə ki, son 4 ildə Ramiz Rövşənin “Dekabrın son günü” televiziya filmində çəkilmişəm. Daha sonra 3 filmə çəkilmişəm. Xatırlayırsınızsa, iki il öncə məşhur fransız aktyoru Jerar Depardye ölkəmizə gəlmişdi. Baxın, bir yerdə şəkillərmiz var (divardakı fotoları göstərir). Məndən xahiş etdilər, onunla birlikdə çəkildim. Hətta çox sevindim ki, aktyor mənim bağımda qonaq oldu və orda da çəkiliş oldu, bu da tarixə düşdü. Yəni, filmlərə çəkilirəm, sadəcə əvvəlki kimi deyil. Yaratdığım obrazlar baş rollar deyil. Əgər o film kinostudiyada hazırlanır və mənim ürəyim təlatüm yarada bilirsə, çəkilirəm. Xoşlayıram ki, çəkilişlər çəkiliş meydançasında olsun, at sürməyi, dinamikanı çox sevirəm. Yoxsa indi çəkilən filmlərə baxırsız? Şəxsən mən baxmıram. O nədir axı, film, seriallara gənclərin hamısı saqqalla çıxır. Bu nə deməkdir? Ümumiyyətlə, onları efirlərə necə buraxırlar? Onlara baxıb deyirəm ki, “mən bunlarla işləyəcəyəm?”. İstəmirəm. İndi oturmuşam öz yerimdə, hazırda da burada kino yayım şöbəsinin müdiriyəm. Əgər nəsib olsa, qalan köhnə sənətkarlarımıza film ayrılsa, biz də yenə də öz bacarığımızı göstərərik.

– Əbdül Mahmudovla birgə işləriniz olub. Bəs indi necə?

– Onunla işlərimiz çox olub. Buna misal olaraq “Qaçaq Nəbi” filmini göstərə bilərəm. Bu film bu gün də sevilir, baxılır və baxılacaq da. Daha sonra 90-cı illərdə onunla “Şah İsmayıl” filmi üzərində işlədik. Film əslində 4 serial olmalı idi. Çox təəssüflər olsun ki, həmin vaxtlar çox böyük maliyyə problemləri yaşanırdı. Buna görə də serialların sayı 2-yə düşdü.

– Amma film ortaya çıxmadı.

– Bəli, maliyyə problemi olduğuna görə qaldı. Lakin bu yaxınlarda görüşüb danışdıq. Əbdül bildirdi ki, ola bilsin bu mövzuya yenidən baxılsın. Allah eləsin, bunu kim istəmir ki. Əbdül çox istedadlı, bacarıqlı sənətkar və rejissordur. 

– Maraqlıdır ki, Əbdül bəy uzun illərdir ki, Əməkdar incəsənət xadimi, 50-dən çox filmə çəkilən Ənvər Həsənov da Əməkdar artist adında qalıb. Xalq artisti adını almaq çətinləşib, ya necə?..

– Allah mərhum prezidentimizə, Heydər Əliyevə rəhmət eləsin. O, həqiqətən də kinonu, sənəti sevən insan idi. Şəxsən mən bu kinostudiyada onu azı 3-4 dəfə görmüşəm. Gəlib bizimlə görüşürdü. 2000-ci ildə heç kimin xəbəri olmadan mənə “Əməkdar artist” adını verdi. Əgər Heydər Əliyev yaşasaydı, çoxdan xalq artisti adını almışdım.

– Ötən gün qonşunuz ilə birlikdə yaşadığınız, durumunuzun ağır olması ilə bağlı xəbərlər yayıldı.

– Kommunal evdir də. Evimin içi isə sanki bir muzeydir. Hazırda mənim elə bir 8 təsbehim var ki, heç Allahşükür Paşazadədə yoxdur. Dünyanın hər yerindən təsbehlər gətirmişəm. Çəksən ağırlığı 4-5 kilo olar.

– Təsbeh həvəskarısız?

– Bəli, bu mənim hobbimdir. Ərəbistandan, Türkiyədən, İrandan və digər ölkələrdən aldığım təsbehləri ipinə qədər söküb, yenidən özüm istədiyim kimi yığıram. Daha sonra evimdə rəsm əsərlərim var. Baxın, burda Mais Ağabəyovun rəsmi var (yenə divardakı rəsmləri göstərir). O biri rəsmim… bəs hanı o biri rəsmim? Dəfələrlə olub ki, rəsmlərimi aparırlar, amma sonra geri qaytarmırlar (bir qədər hirslənir). Yəni evimdə təxminən 10-a yaxın bu cür rəsmlərim, 43 antikvar neft lampası var və sairə. Evimi təmir edə bilmirəm, çünki bütün divarlar təsbehlər, rəsmlərlə bəzəmişəm. Bilirəm ki, onları söküb, yenidən o cür bəzəyə bilməyəcəm.

– Bir az öncə verdiyim suala cavab ala bilmədim. Xalq artisti adını almaq yəni bu qədər çətinləşib?

– Mən bu günə qədər işləmişəm və işimin müqabilində istəyirəm ki, mən qarşı hörmət, izzət olsun. Doğrudur, xalq artisti deyiləm, amma bütün Azərbaycan xalqı məni xalq artisti kimi tanıyır və bu cür qəbul edir. Artıq 7 ildir ki, mənim adımı siyahıda verirlər, hər il təqdimatda var. Lakin fəxri adları öz tanışlarına verirlər, mən isə kənarda qalıram. Baxın, bu il də mənim adım siyahıya verilmişdi və gözləyirdik ki, alınacaq, lakin gördüyünüz kimi olmadı.

– Siyahı məsələsinə Şəfiqə Məmmədova (Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti) ya başqası baxır?

– Şəfiqə xanım da, aidiyyəti rəsmilər də baxır. Görünür, onları qane etmir. Çox təəssüf edirəm ki, bu cür insanlar bu gün kinomuza bu cür biganə münasibət bəsləyir. Sözün düzü bu sualı təkcə jurnalistlər vermir, olduğum məclislərdə də bu məsələ qaldırılır və mən özümü çox pis, narahat hiss edirəm. Bu gün yerindən duran xalq artistidir, onların evi də, imkanları da var. Onlar bizdən yaxşıdır? Neynək… Amma tamaşaçı məhəbbətini hər zaman hiss etmişəm (Hansısa xatirəni xatırlayır və üzündə təbəssüm yaranmağa başlayır).

Bir dəfə dostum İlhamla Nabrana gedirdik. Girdik bir bazara. Bir az bazarlıq eləmişdik ki, mən gün eynəyimi çıxardıb, o birini geyindim. Satıcı qadından aralanmamış bir də gördük ki, qışqırır ki, “ay camaat, bu Cəlaldır”. İlhamla necə qaçıb maşına girdiksə, aldıqlarımızı da bazarda unutduq (gülür). Yəni, tamaşaçıların hələ də hörmətini, məhəbbətini görürük. Buna görə də mən ad üçün kiməsə ağız açan deyiləm. Niyə görə kiməsə xahiş etməliyəm? Yaradıcılığım haqda məlumatlar, sənədlər nazirlikdə də var, sadəcə, maraqlanmırlar.

– İlk dəfə “Uşaqlığın son gecəsi” filminə çəkilmisiz?

– Xeyr. Əvvəlcə “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma”, daha sonra isə həmin filmə çəkilmişəm. Film birdən birə beynəlxalq film festivalında 5 diploma layiq görüldü – ən yaxşı rejissor, operator, ssenari, musiqiyə görə. Mən isə ən yaxşı kişi obrazına görə diploma layiq görüldüm. İlk olaraq Azərbaycana bu mükafatı mən gətirmişəm.

– Həmin vaxt neçə yaşınız var idi?

– 19. Bundan sonra “Dəli kür”, “Yeddi oğul istərəm” filmlərinə çəkildim və sairə. Ümumiyyətlə çəkildiyim filmlərlə bağlı internet resuslarında məlumatlar yerləşdirilib. Sadəcə həmin qəzadan sonra başımda ağrılar var və buna görə kompyuterə yaxın gedə bilmirəm. Heç SMS də yazmıram. Bu barədə bir qədər bədbəxtəm.

– “Uşaqlığın son gecəsi” filmindəki saç düzümünüz sizə aid idi, ya obraz üçün bu cür düzəldilmişdi?

– Yox, özümə məxsus idi. Heç vaxt başqasını təqlid etməmişəm, necə varamsa, o cür olmuşam. O zamanlar gənc oğlanlar mənə baxıb saç düzümü düzəldir, geyimlərinə mənimkinə bənzədirdilər. Mənə isə “malçik jemçuq” deyirdirlər (gülümsəyir). Ləqəbim belə idi.

– Yəqin ki, kadrarxası çox maraqlı hadisələr, xatirələr yaşamısız…

– Həddindən artıq çox gözəl insanlarla işləmişəm. Bəli, xatirələr çoxdur. Eləsi var ki, danışmaq olar, eləsi də var ki, onları mətbuata demək olmaz, yalnız kiçik məclislərdə açıqlaya bilərəm (gülümsəyir).

– Söhbətimiz zamanı məlum qəzadan tez-tez söz açdız, Mömünat xanımı xatırladım (Qeyd edək ki, bir neçə il öncə aktyorun xanımı, tanınmış aktrisa Mömünat Qurbanova avtomobil qəzasında dünyasını dəyişib. Ənvər Həsənov isə başından ciddi zədə alıb). Niyə Mömünat xanım cəmi 3 filmə çəkildi? Halbuki “Qaçaq Nəbi”də yaratdığı Həcər xanım obrazı onun çox istedadlı aktrisa olduğunu bir daha sübut edir.

– Mən istəmirdim. Çünki kinonun əzab-əziyyətini bilirdim, keçmişdim. İndi hazırda da görürsüz ki, kinoya, kino işçilərinə qayğı ilə yanaşmır, fəxri adlar vermirlər. Mömünat xanım universiteti bitirdikdən sonra muzeydə işləməyə başladı. Əvvəlcə bələdçi, 2-3 ildən sonra isə şöbə müdiri vəzifəsinə keçdi və ömrünün axırına qədər orada fəaliyyət göstərdi. Biz nişanlı olanda onunla “Dərviş Parisi partladır” filminə çəkildik. Daha sonra Mömünat xanım universiteti bitirdi, bizim qızımız oldu. Həmin vaxtlar Həsən Turabovla Əbdül Mahmudov “Qaçaq Nəbi” filmini çəkirdilər. Həcər obrazına çoxlu sayda aktrisa namizəd olsa da, heç birini bəyənməmişdilər. Bir gün gəlib dedilər ki, “Ənvər, Həcəri tapa bilmirik, icazə ver bu obraza Mömünatı çəkək”. Dedim “axı onun körpə uşağı var, necə olacaq? Üstəlik, at minməlidir və sairə”. Dedilər ki, “razılıq ver, həmişə sən yanında olacaqsan”. Nə isə, məni razılığa gətirə bildilər. Mömünatın da at sürmək bacarığı, var idi. Belə şeyləri çox sevirdi. Beləliklə, film çəkildi və yaxşı alındı. Daha sonra isə 1995-ci ildə “Sonuncu döyüş” filminə çəkilirdim. Orada bir səhnə var idi ki, restoranda filmin qəhrəmanı ilə görüşməli idin, yanında da nişanlın olmalı idi. Mən də dedim ki, elə Mömünatı aparım, yanımda o  olsun. Yaxşı  ki, çəkildi və yadigar qaldı.

– Belə çıxır ki, Mömünat xanım sənətini öz sevgisinə, ailəsinə qurban verib.

– (qəhərlənir, bir siqaret çıxarıb çəkir)…

– Onu filmlərdən uzaqlaşdırmağınıza peşman deyilsiz?

– Yox. Gözünüzün qabağındayam, mənim kimi olub neynəyəcəkdi?

– “Dərviş Parisi partladır” filmindəki Şəhrəbanu Şahbaz bəyi qısqandığı kimi, Mömünat xanım da sizi də filmlərə, səfərlərə qısqanırdı?

– Oy, oy, dəhşət…  (gülümsəyir).

– Ənvər bəyin arzusunu eşitmək istərdik.

– Yeganə arzum balalarımın xoş gününü görməkdir. Ona görə bu gün yaşayıram və ona görə də bu gün Azərbaycandayam…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir