Qidadan zəhərlənmə ilin bütün fəsillərində baş verir. Yay aylarında isə havanın temperaturunun isti olması qidadan zəhərlənmə riskini daha da artırır. Qida zəhərlənməsinin baş verməməsi üçün hansı qaydalara əməl olunmalıdır? İstifadə etdiyimiz məhsullarda daha çox nələrə diqqət etməliyik?
Qida Təhlükəsizliyi Agentliyindən bildirilir ki, qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır.
Məsələn, istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları yemək olmaz: “Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir. Bildiyimiz kimi, qida məhsullarının saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və digər orqanoleptik əlamətləri dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var”.
Agentlikdən bildirilib ki, istehlakçılar ön cərgədə yerləşdirilən, endirimdə olan qida məhsullarını alarkən xüsusi diqqətli olmalıdırlar. Məhsulların qablaşdırılmasının tam şəkildə olması da vacib amildir: “Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırmaya aldanmamalısınız. Qablaşmanın üzərində məhsulun tərkibi haqqında informasiya verən mətni mütləq diqqətlə oxumalısınız. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirin.
Süd zərərli və xəstəlik törədən bakteriyalarla çirkləndikdə, ondan əldə edilmiş məhsullar da sağlamlığımıza təhlükə yarada bilər. Bu baxımdan pasterizə olunmamış (qaynadılmamış) süd və süd məhsullarından istifadə məsləhət görülmür. Süd və süd məhsullarının lazımi şəraitdə və temperaturda saxlanması da vacib şərtdir.
Konservləşdirilmiş məhsulları alarkən malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa və ya qapağı boşalmış vəziyyətdədirsə, bu artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir”.
Yeməzdən əvvəl meyvə-tərəvəzin axar ilıq su ilə yaxşı yuyub istehlak edilməsinin vurğulandığı məlumatda tez xarab olan məhsullara da diqqət çəkilir: “Zəhərlənmə riski yaranmaması üçün ət, toyuq, balıq və süd kimi tez xarab olan məhsulların uyğun müddətdə və temperaturda bişirilməsi vacibdir. Qida ilə təmas edən səthlər, alət və avadanlıqlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmalıdır. Yeməkləri gündəlik hazırlamaq daha yaxşıdır. Əgər hazırlanmış xörəkdən artıq qalıbsa, onu bir dəfədən çox isitmək doğru deyil. Yeməyin metal və bəzi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb ola bilər. Yemək bişirərkən və süfrəyə təqdim edərkən mütləq şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Əllərin və qida ilə təmasda olan səthlərin təmizliyi şərtdir. Düzgün gigiyena, qida hazırlanması zamanı davranış və qidanın növünə müvafiq olaraq saxlanması da qida zəhərlənmələri riskini azaldır”.