cimnaz

“Yengə qızın sığortasıdır, boşananda bakirəliyini sübut edəcək” – Aktrisa Çimnazla MÜSAHİBƏ

Baxış sayı: 1. 319

O, ilk dəfə “Sənə inanıram” serialı ilə tamaşaçıların qarşısına çıxıb. Daha sonra “Yüz kağız” filmi, “Qisas” serialında rol alsa da, “Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşıb. 

Həm müğənni, həm aktrisa kimi fəaliyyət göstərən müsahibim Çimnaz Sultanova ilə şəhər restoranlarının birində görüşdük.

 

İlk klipini təqdim edən Çimnaz xanımla söhbətə elə yeni işindən başladıq: “6 il əvvəl ifa etdiyim “Nostalji” mahnısını ekranlaşdırdıq. “Nostalji” mahnısı ilk dəfə 1981-ci ildə İtaliya mənşəli Fransa müğənnisi Dalida tərəfindən ifa olunub. Sözləri Ayaz Həmidova, musiqisi Martin Lauerə məxsus mahnını rejissor Nail Naiboğlu lentə aldı. Biz mahnının sözlərini tərcümə etdik, birə-bir musiqiyə uyğunlaşdırdıq. Bu çətin prosesdir. Ekran işinin çəkilişləri Azərbaycanın cənub bölgəsində baş tutdu. Çəkilişlər çox maraqlı keçdi. Başqa bir mahnıya da klip çəkdirmişəm. Məhərrəmlikdən sonra təqdim olunacaq”.

 

– Hələ də sizi görənlər Larisa deyə çağırır. Sizcə, necə bir  obraz oynamalısınız ki, Larisanı unutdursun? 

– Larisanı unutdurmaq çətindir. Hər aktrisanın damğa vurduğu obraz var. Larisa obrazı unudulmazdır.

 

– Amma serialı yarımçıq tərk etdiniz. Larisa obrazını canlandırdığınız üçün peşman olmusunuzmu?

– Larisa obrazı məni daha da tanıtdı, sevdirdi. Sevərək oynadım. Amma xoşuma gəlməyən hallar olduğu üçün serialdan getdim.

 

– Aparıcı Samir Bayramlı yazmışdı ki, bizim səviyyəli gecə klublarında yerli mahnılar səsləndirilmir ki, səviyyəsizlikdir. Onun fikirləri mübahisə yaratdı. 

– Xaricilərin musiqi janrı fərqlidir. Xarici ölkələrdə müğənnilərin repertuarında “dipp house”  janrında olan mahnılar var. Mən xalq artisti Gülyanaq Məmmədova ilə “Sarı gəlin” mahnısını ifa etdim. Mahnı “deep house” üslubunda hazırlanmışdı. Efirlərə təqdim etməmişəm hələ. Bu mahnını klublar səsləndirəcək. Toyxana mahnıları tam başqadır, klub mahnıları tam başqa.

Image result for çimnaz sultanova

– Fikrinizcə, klub rəhbərləri yerli mahnıları səsləndirməməkdə haqlıdırlar. 

– Hansı mahnıları səsləndirsinlər? 6\8-lik mahnı səsləndirsinlər? Muğam qoysunlar? Muğam ağlaşmadır.

 

– Toyların azanla başladılmasına, toylarda saatlarla muğam oxunmasına son illər daha çox rast gəlirik.

– İnsanlar toya şənlənmək üçün gəlir. Hər toyun öz auditoriyası var. Toyda ağlaşma olmaz, iki gəncin sevincinə sevinmək lazımdır. Hamı itki verib. Amma  itirdiklərinizi gərək iki gəncin sevincli günündə yadınıza salasınız?

Hər geyimin öz yeri olduğu kimi hər musiqinin də öz yeri var. Çimərlik paltarında Pirə, Məşədə getməyəcəksən ki. Eləcə də, toy repertuarını nəzərə almalıyıq. Bir dəfə toya gedəndə düşündük ki, məclisi “Milyon qızılgül”  mahnısı ilə başlayaq. Məkana çatanda bildik ki, sünnətdir. Sünnət toyunu sevgililər üçün yazılan mahnı ilə başlamaq olmaz. Repertuarı dəyişdik.

 

– Son aylar Afət Fərmanqızının “Sığmazam” qəzəlini hind musiqisi üzərində oxuması çox müzakirə  olunur. Bir çox məclislərd də səsləndirilir. Sizdən bu mahnını istəyiblər?

– Bu mahnının istəməyiblər. Amma bir dəfə şou proqramda məndən qayınana mahnısını oxumağımı istəyiblər. Müasir məkanda qayınana mahnısının yeridir? Yəqin ki, qayınanasının ad günü imiş.

 

– Bizim toy adətlərimiz də tez-tez müzakirələrə səbəb olur. Yengədən, qırmızı lentdən imtina edənlərin sayı artıb. Sizcə, bu adətlər qalmalıdır?

– Bu adətlər bizə lazımdır. Düzdür, utandırıcı haldır. Amma heç kim heç nədən sığortlanmayıb. Boşanmaların sayı günü-gündən artır. İnsanlar görüşəndə başqa olurlar, bir damın altında yaşayanda başqa. Boşanma, ayrılıq zamanı gələndə tərəflər bir-birilərinə iftiralar atırlar. Ona görə qızın bakirə olması insanlara göstərilməlidir. Yengə qızın sığortasıdır. Yengə olan zaman bilinir ki, bu qız evlənənə qədər saf-pak qalıb, ata-ananın namusunu yerə salmayıb. Heç kim boşanmaq üçün ailə qurmur, amma həyatdır. Bu mövzuda qadın diqqətli olmalıdır.

 

– Kişilərə bütün azadlıqları verib, saflığı-paklığı ancaq qadından gözləmək nə dərəcədə doğrudur?

– Tək bizdə deyil, yahudilərdə, Rusiya, Ukrayna kəndlərində, Türkiyədə də var. Əsrlər boyu qadının saflığı birinci növbədə gəlib. Əlbəttə, qadının bakirə olmasının bəyin ailəsinə aidliyi var. Bizim gəlinlər bütün günü qayınananın yanındadır. Oğlan işdə olur. Mənə isə çatmayan məsələ uşaqları olan qadınların ikinci-üçüncü dəfə ərə gedəndə xına mərasimi keçirməsi, gəlinlik geyinməsidir.  İnsanları sevin, özünüzü sevin. O kişi səni iki uşaqla qəbul edibsə, xınanı nə edirsən? Bu şou nəyə lazımdır? Qadınların iki uşaqla gəlinlik geyinməsi sadəcə şoudur. Ancaq özünüzü düşünün. Onsuz heç vaxt heç kim sizdən razı qalmayacaq. Mən indi suyun üstündə gəzsəm, heç kim mənə deməyəcək ki, vau möcüzədir, suyun üstdə gəzə bilir. Deyəcəklər ki, Çimnaz üzə bilmədiyi üçün suyun üzündə gəzir.

Image result for çimnaz sultanova

– Çimnaz xanım ikinci dəfə ailə qurmaq istəyir?

– İnsan içindən xoşbəxtdirsə, hər zaman xoşbəxt olacaq. İnsan daxilən xoşbəxt deyilsə, şahzadə gəlsə də, xeyri yoxdur. Ailə qurmaq haqqında düşünmürəm.

 

– Daxilən xoşbəxtsinizmi?

– Çox xoşbəxtəm. Düzdür, məni məyus edən, incidən  hadisələr, yaxınlarımdan aldığım zərbələr var. Amma yenə də özümü xoşbəxt hiss edirəm.

 

Könül İbrahim

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir