1. KÖHNƏ BİR DOSTU YADA SALIN
Çoxdan yazmaq istədiyiniz, amma hər dəfə təxirə saldığınız bir dostunuza yazın və ya zəng edin, onunla əlaqələri bərpa edin. İmkan olsa görüşüb, bir çay için.
2. İŞLƏTMƏDİYİNİZ ƏŞYALARI SATIN
Evdəki artıq əşyaları onlayn satışa çıxarın, sata bilmədiklərinizi bağışlayın və ya ehtiyacı olanlara verin, bununla həm xeyir iş etmiş olar, həm də evdə yer azad etmiş olarsınız.
3. CV-NİZİ YENİLƏYİN
Hər ehtimala qarşı CV-ni yeniləyin, 2019-cu ildə əldə etdiyiniz nailiyyətləri, uğurlu proyektləri CV-yə qeyd edin. Gələn ildə yarana biləcək fərqli fürsətləri dəyərləndirmək üçün CV-nin yenilənmiş olması sizə sürətli hərəkət etmə imkanı verəcək.
4. MÜHƏRRİKİN YAĞINI DƏYİŞİN
Maşınınızda (əgər varsa) mühərrikinin yağını dəyişin. Avtomobilin saz olması hər zaman aktualdır, amma yeni il qabağı qaçaqaçda yolda qalmaq və ya tətillərdə usta axtarışında olmaq istəməzsiniz.
5. EVƏ ƏL GƏZDİRİN
Məsələn yanmış lampaları dəyişdirin, pəncərələri silin. Nasazlığı olan mebel və məişət avadanlığını düzəldin. Yeni il motivli – rəngarəng süfrələr salın, yeni dibçəklər alın, qurumuş gülləri dəyişin.
6. KİTABLARI YİYƏLƏRİNƏ GERİ VERİN
Bəli, hər kəsin evində dost-tanışdan oxumaq üçün borc alıb, hələ də qaytarmadığı, bəlkə də oxumadığı kitablar var. Onları bitirib, geri vermək vaxtıdır. İlin əvvəlində oxunacaq kitablar siyahısı olubsa, onu da gözdən keçirin. Siyahıda hələ başlamadığınız kitablar çoxdurmu?
7. KREDİTLƏRİ BAĞLAYIN
Borclarınızı verin, yeni ilə borc yükü ilə getməyin. Əgər belə bir imkan varsa, kreditlərinizi də bağlayın. Bir çox banklarda aylıq ödənişlər ayın 1-10 tarixləri arasına düşür. Həmin zaman tətildə olacaqsınızsa, və ya banklar işləməyəcəksə ödənişdə gecikmə yarana bilər. Bayram tətilinə getmədən öncə bu nüansları bankınızla danışın.
8. İL SONU ÜÇÜN KİÇİK TƏTİL GÖTÜRÜN
Xüsusən də dayanmadan işləmisinizsə, dincəlməyə il ərzində vaxtınız olmayıbsa, ilin sonuna az qalmış, hələ bayramlardan da öncə kiçik bir tətilə gedin, telefonu söndürüb, ətraf aləmdən təcrid edin özünüzü, Qafqaz ya da Talış dağları tərəfdə, az büdcəli bir istirahət təşkil edin özünüzə.
9. HƏDƏFLƏR VƏ PRİORİTETLƏR MÜƏYYƏN EDİN
Yeni illə bağlı hədəflərinizi ən gec dekabrda müəyyən etməsliniz, bu, inkişaf, maliyyə və şəxsi hədəflər də ola bilər. Bir az dincəlin və sizə ən çox nəyin vacib olduğunu və nə etmək istədiyinizi düşünün. Buna əsasən hədəf və prioritetlər təyin edin.
10. YENİ VƏRDİŞLƏR YARADIN
Başlanğıclar üçün mütləq yanvarı və ya yeni ili gözləməyə gərək yoxdur, siz yeni – idman, rəqs, üzgüçülük, pəhriz, rəsm, xarici dil və s. kimi dərslərə və yiyələnmək istədiyiniz vərdişlərə indidən start verin ki, artıq yeni ildə həmin rutin sizin üçün tam oturuşmuş olsun.
11. HƏDİYYƏLƏR SİYAHISINI HAZIRLAYIN
Kimlərə və nə hədiyyə almalısınız. Bir siyahı tərtib edin, hədiyyə alacağınız insanları müəyyən edin, onların gizli arzuları və ya ən çox ehtiyac duyduğu bir şeyi müəyyən edin. Məsələn hər zaman yağışda islanan birinə çətir və ya yağış keçirməyən plaş ala bilərsiniz.
12. SON FÜRSƏTLƏRDƏN YARARLANIN
İl ərzində sizə verilmiş, sadəcə ilin sonuna qədər qüvvədə olan kupon və bonuslardan yararlanın.
13. YENİ İL SÜFRƏSİNİN MENYUSUNU DÜŞÜNÜN
Yeni il süfrəsi üçün nə hazırlayacaqsınız? Buna qərar vermədən öncə soyuducuya və əldə olan ərzaqlara nəzər salın, qərarınızı ona görə verin ki, əlavə xərcə düşməyəsiniz. Almalı oduqlarınızın siyahısını tutun.
Bütün bu detallar sizi bayram öncəsi əlavə stressdən xilas edəcək. Bayram günlərini isə sadəcə yeni il möcüzələrinə həsr edin.