yeni il

Yeni il hədiyyələrinin keyfiyyəti və qiyməti nə yerdədir?

Baxış sayı: 602

Yeni ilin gəlişinə sayılı günlər qaldığından artıq iri supermarketlərdə, mağazalarda yeni il hədiyyələrinin satışına başlanılıb. Bir-birindən fərqli, rəngarəng və bəzəkli qutulara yığılan bayram sovqatları uşaqları sevindirmək məqsədilə hazırlansa da, bəzən bu hədiyyə qutularındakı şirniyyatlar heç də uşaqlara bayram ovqatı bəxş etmir.

Hədiyyə qutularının içindən keyfiyyətsiz, vaxtı keçmiş şirniyyatların çıxma ehtimalı bu il də aktualdır. Beləliklə, marketlərdə yeni il hədiyyələrinin keyfiyyəti, qiyməti ilə bağlı reportajı oxuculara təqdim edirik.

Supermarketlərdə satılan yeni il hədiyyələri iki qismə ayrılırdı. Onların qiymətinə görə düzüldükləri vitrinlər də ayrı idi – qiyməti yüksək olan yeni il hədiyyələri, qiyməti ucuz olanlar. Ucuz yeni il hədiyyələrinin qiyməti 2 manat 50 qəpikdən başlayırdı. Satıcı bildirdi ki, yeni il hədiyyələrinin qiyməti təkcə içərisindəki şirniyyat və oyuncaqların qiymətinə görə fərqlənmir. Hədiyyənin qutusu burada əhəmiyyətli rol oynayır. Arzu Orucova adlı satıcı Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində onu da bildirib ki, qiyməti ucuz olan yeni il hədiyyələrinin qutuları sadə, içərisindəki hədiyyələr isə çox ucuzdur:

yeni il

“Mağazada müxtəlif çeşiddə və qiymətdə bayram hədiyyələri var. Bunu ona görə etmişik ki, aztəminatlı ailələrin də öz övladına bayram hədiyyəsi almağa imkanı çatsın. Qiyməti baha olan hədiyyələrin qutuları isə gördüyünüz kimi fərqlidir. Çoxunda Şaxta baba oyuncaqları var. Burada hədiyyənin qiyməti təkcə içərisindəki şirniyyatlardan formalaşmır. Oyuncağın, hədiyyə qutusunun qiyməti də üzərinə gəldiyindən, qiymət bir qədər baha olur. Belə oyuncaqların qiyməti 12 manat 50 qəpikdən 30 manata qədər dəyişir. Təbii ki, onların içərisindəki şirniyyatlar da baha və keyfiyyətlidir”.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, qiyməti baha olan yeni il hədiyyələrinin üzərində istehsalçı şirkətin adı, hədiyyə qutusunun içərisindəki çeşidi göstərilsə də, ucuz hədiyyələrdə qutunun üzərində heç bir qeyd yoxdur. Qiyməti 1 manat 50 qəpikdən başlayan hədiyyə qutularının üzərində istehsal tarixinə də rast gəlmədik.

Alıcılar isə həm qiymətdən, həm də keyfiyyətdən şikayətləndilər. Turqut Babayev adlı alıcı Sputnik Azərbaycan-a bildirdi ki, hələki övladına yeni il hədiyyəsi almayıb. O, yeni il hədiyyə qutularının içərisində keyfiyyətlin şirniyyatların olmadığını söylədi:

“Ötən bayram oğluma da, qızıma da yeni il hədiyyəsi almışdım. Qutunun içərisindən çıxan şirniyyatların çoxu ovulmuşdu. Hədiyyə qutusuna çox ucuz şirniyyatlar yığırlar. Bəzən elə şirniyyatlar qoyurlar ki, o adda peçenyeni, şokaladı ömür boyu alıb uşağa verməmişik, yəni satışda elə məhsul yoxdur. Bu ucuz şirniyyatları haradan alırlar, bilmirəm”.

Digər alıcı Alimə Paşayeva isə şirniyyatların qiymətinin bahalaşdığından narazılıq etdi. Bildirdi ki, ötən illə müqayisədə yeni il hədiyyələrinin qiyməti xeyli bahalaşıb:

“Ötən il 8 manata aldığımız hədiyyələr bu il 12 manatdır. Bu il qiymətlər ən azı 4 manat bahalaşıb. Yaxşı hədiyyə almaq istəsək, gərək iki uşağa 25 manat xərcləyək”.

Həmsöhbət olduğumuz digər alıcılar isə ucuz yeni il hədiyyələrinin keyfiyyətsiz olduğunu, baha qiymətə olanları isə almağa maddi imkanları çatmadığını bildirdilər.

“Azad İstehlakçılar Birliyi”nə isə artıq indidən keyfiyyətsiz yeni il hədiyyələri ilə bağlı məlumat daxil olmağa başlayıb.

eyyub huseynov

 

Birlik sədri Eyyub Hüseynov bildirdi ki, alıcılar bayram hədiyyəsi alarkən diqqətli olmalıdırlar:

“İstehsalçılar məhsulları cəlbedici qablaşdırmada təqdim etməyə çalışsalar da bəzən bahalı hədiyyələrin də içərisindən keyfiyyətsiz və vaxtı keçmiş məhsul çıxa bilər. Ona görə də, istehlakçılar mütləq üzərində istehsalçı barədə məlumat olan yeni il hədiyyələrini alsınlar”.

Onun sözlərinə görə, hədiyyələrin üzərində məhsulların çeşidi, hədiyyə qutularının istehsal tarixi, eləcə də istehsalçı barədə məlumat göstərilməlidir.

“Əgər hədiyyə qutusunun üzərində bu məlumatlar yoxdursa, almaq məsləhət deyil. Çox yaxşı olardı ki, validynlər öz övladlarını sevindirmək istəyirlərsə, bayram üçün hədiyyə qutusunu özləri hazırlasınlar. Qutunu alıb içərisinə şirniyyatları özləri yığsınlar. Çünki, bəzən valideynlər yeni il şənliklərində onlara verilən hədiyyə qutularının içərisinə diqqət yetirmirlər. Uşaqlar yedikdən sonra zəhərlənmə baş verir”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir