İl başa çatır. Artıq hər yerdə yeni ilə hazırlıq işləri görülür. Bəzi məktəblərdə bayramla əlaqədar pul yığımına da başlanılıb. Təbii ki, bayram tədbirləri məktəbdə deyil, əyləncə mərkəzlərində təşkil ediləcəyindən bu, baha başa gəlir. Və belə olan halda da hər kəsin bu şənliklərdə iştirak etməyə imkanı çatmır.
Bakı sakini Südabə Mirzəyevanın sözlərinə görə, sinifdə valideynlər əyləncə mərkəzində şənlik keçirmək üçün pul yığsalar da, o, pulu ödəyə bilməyib və bayramda iştirak etmək istəmədiyini deyib: “Bir uşaq üçün 35 manat yığırdılar. Əlavə özüm və o biri övladım üçün də müəyyən ödənişləri etməliyəm. Biri üçün alıb, o birinə necə deyim ki, sən şənliyə getmirsən? Bir uşağa görə də bir neçə saat üçün o məbləği ödəmək, əlavə 15-20 manat da oyunlara xərcləməyə imkan yoxdur. Əvvəllər biz məktəbin özündə şənlik keçirərdik. Valideynlərdən hərə bir yemək gətirib süfrəyə düzərdi. Maqnitafonu da qoşurduq, hamı oynayıb şənlənirdi. Elə sinifdəcə müəllim maraqlı şənliklər də keçirirdi. İndi isə siniflərdə təşkil etmirlər, hər bayramı keçirmək üçün valideynlər restoran, əyləncə mərkəzləri axtarmalı olur”.
Paytaxt sakininin dedikləri ilə bağlı sorğu keçirdik. Sorğunun nəticəsinə əsasən, Yeni il şənliyində bir uşaq üçün orta hesabla 30-35 manat xərcləmək lazımdır. Əlavə oyun və atraksionlar üçün də 20 manata yaxın pul tələb olunur. Uşaqlar üçün əyləncə mərkəzlərində keçiriləcək Yeni il şənliklərinin qiyməti əl yandırır. Bundan başqa, uşaq əyləncə mərkəzlərində animatorlar, Şaxta baba və Qar qız əlavə qiymətlə gəlir.
“Amazon”da Yeni il şənliyini keçirmək üçün biletləri dekabrın 20-nə kimi aldıqda bir biletin qiyməti 20 manata başa gəlir (Ana+uşaq). Dekabrın 21-dən sonra bilet 40 manat olur. Əlavə özü ilə kimsə adam gətirmək istəyirsə, onun üçün biletin qiymətinin yarısını ödəyir. Biletin qiymətinə tematik bəzəklər, bəzəkli şam ağacı, Qar qız, Şaxta baba, onların uşaqlarla apardığı müxtəlif oyunlar, diskoteka daxildir. Uşaqlar üçün menyuya naqqest və fri, pizza, şirələr, çay, böyüklər üçün salat, Kiyev kotleti və kartof qızartması və ya düyü, kompot, su, çay daxildir.
“Metropark” işçisinin sözlərinə görə, burada Yeni il şənliyi üçün bilet 30 manatdır (Ana+uşaq). İkinci uşaq üçün 15 manat əlavə ödəniş olmalıdır. Burada yeməklər siyahısına böyüklər üçün pizza, şirələr, paytaxt salatı, blinçiklər, kiçiklər üçün naqqest, fri, şirə və oyuncaq daxildir.
“Tom və Ceri” uşaq əyləncə mərkəzində ana və uşaq üçün biletin qiyməti 20 manatdır. Amma əlavə oyun və atraksionlardan istifadə etmək üçün 20 manat da lazım olur.
Digər uşaq əyləncə mərkəzi “Atrium”un işçisi bizimlə söhbətində bildirdi ki, bir uşaq üçün biletin qiyməti 27 manatdır. Uşaqlar üçün menyuya paytax salatı, pizza, blinçik, fri, naqqest, kampot, limonad, qazsız su daxildir. Biletin qiymətinə valideynlər üçün menyu daxil deyil. Valideynlər uşaqlardan ayrıca masada oturur və sifariş etdikləri yeməklərin pulunu ödəyirlər. Əyləncə oyunlarına gəlincə, kart üçün 2 manat lazım olur, oyunların hər biri üçün 1 manat ödəniş edilir, maşın sürmək 4 manat, “zoom” 3-5 yaşa qədər uşaqlar üçün limitsizdir. Şənlik saat 2-dən 5-ə kimi davam edir.
“Bilgi dünyası”ndakı qiymətlərlə və şərtlərlə də maraqlandıq. Burada bir biletin qiyməti 15 manatdır. Menyuya fri, naqqest, pizza, şirələr, paytaxt salat daxildir. Qiymətə valideynin menyusu salınmayıb. Animator, Şaxta baba və Qar qız sifariş etmək üçün əlavə 150-180 manat pul ödənilməlidir.
Bu şənliklərə bileti almağa hamının gücü çatmır, sinifdən ayrı düşən uşaqlar da olur ki, bu da onların psixologiyasına mənfi təsir göstərir. Psixoloq Raminə Həsənovanın dediyinə görə, hər ailə Yeni il şənliyini eyni qaydada qeyd edə bilmir: “Bəzi ailələrdə bayram sadə, bəzi ailələrdə yüksək şəkildə qeyd olunur. Bəzi ailələr bayramları heç keçirmir. Bunların əsasında maddiyyat durur. Maddiyyatın aşağı olması üzündən bayram süfrəsini açmaq, Yeni il bəzəkləri, aksesuarları, yolka almaq mümkün olmur. Valideynlər bayramları keçirməkdə maddi çətinlik çəkirlər”.
Həsənova bildirir ki, hansısa ailədə bayramın keçirilməməsi uşağa çox pis təsir edir: “Hədiyyələr, təzə geyimlər, bayram aksessuarları, oyuncaqlar var ki, uşaq bunları çox arzulayır. Həm də uşaqlar televizorda, internetdə də bu bayramların necə şən keçirildiyini cizgi filmlərindən, verilişlərdən görürlər. Həyat, bayram modeli onlar üçün elə formalaşır. Əgər sinifdən əksər uşaqlar bayramda iştirak edir, şənliyi keçirir və bu haqda təəssüratlarını gəlib sinifdə bölüşürlərsə, şənlikdə iştirak etməyən uşaqlar üzülür, sarsıntı keçirirlər. “Biz hamı kimi deyilik” kimi fikirlər onlara rahatlıq vermir. Uşaqlarda “Niyə biz ala bilmirik”, “Niyə biz gedə bilmirik”, “Niyə biz də maskarad geyimləri geyinə bilmirik” kimi suallar yaranır”.
Psixoloq qeyd edir ki, bayramların uşaqların həyatında önəmi böyükdür: “Uşaqlar hər il Şaxta babaya məktub yazırlar. Bəzi valideynlər məktuba önəm vermirlər. Məktubun nəzərə alınmaması, qiymətləndirilməməsi də uşağa pis təsir edə bilər. Valideynlər bayramlarda həqiqətən də evdə bayram ab-havası yaratmağı bacarmalı, az da olsa, uşağı sevindirəcək nəsə etməlidir. Bayramda uşaq oynamalı, şənlənməlidir, bu, ona yeni uğurları, inkişafı üçün motivasiya verir”.
Aynurə Məmmədova