yeni il

Yeni il səyahəti üçün çemodan yığmağın qızıl qaydaları

Baxış sayı: 1. 993

Yeni İl bayramını ölkədən kənarda keçirəcəksiniz? Əla fikirdir! Səyahətin rahat keçməsi üçün ona düzgün hazırlaşmaq lazımdır. Xanımların çoxu səyahətə nələr götürəcəkləri haqda çox götür-qoy edirlər. Budəfəki məqaləm də elə bu haqdadır. Adi vaxtda getdiyimiz səyahətlərdə bizə bir cüt rahat ayaqqabı, iki cins şalvar iki-üç sviter kifayət edirdisə indi vəziyyət fərqlidir. Axı siz getdiyiniz bu səyahətdə bayram qeyd edəcəksiniz. Buna görə də seçdiyiniz geyimlər də bayram əhvalına uyğun olmalıdır. Bundan əlavə getdiyiniz ölkədə bayram axşamına özünüz hazırlaşacaqsınız. Gözəllik salonunda etdirdiklərinizi otel otağında özünüzün edə bilməyiniz üçün lazımi əşyaları götürməyi unutmayın.

Yeni İl gecəsi mükəmməl görünmək üçün ilk öncə Yeni İl gecəsi üçün obrazınızı müəyyən edin. Elə bir geyim seçin ki, bayramı gecə klubunda və ya eleqant restoranda keçirsəniz konseptə uyğun olsun.

“Gedib ordan alaram” fikrini unudun. Birincisi gedən kimi vaxtınızı mağazalarda keçirməyin. Bu adətən cütlüklər və ya ailə üzvləri arasında mübahisəyə səbəb olur. Çünki Yeni İl qabağı nağıl kimi bəzənmiş şəhər qalır qıraqda və siz mağazalardan çıxa bilmirsiz. Bundan əlavə tələsik verilmiş qərarla alacağınız geyim hər zaman uğurlu olmur. Bayram günü geyinəcəyiniz ayaqqabını və  çantanı neytral tonlarda və neytral tərzdə seçin ki, digər axşamlarda geyinəcələrinizlə yaraşsın.

Saçlar

Getməzdən əvvəl youtube-da asan əmələ gələn və sizə yaraşacaq saç düzümünü gözəllik salonuna getmədən etməyi öyrənin. Bu saç düzümünü etmək üçün lazım olan ütü feni və ya burmaq üçün fen, saç sancaqları, kiçik boylu saç fiksatoru götürməyi unutmayın.

Bayram makiyajı

Yeni İl gecəsi üçün geyim və saç düzümü seçmisinizsə bunlara uyğun makiyaj da seçə bilərsiniz. Bayram axşamı edəcəyiniz makiyajı əvvəlcədən seçməklə artıq kosmetik vasitələr götürməkdən də qaça bilərsiniz. Makiyaj obrazınızı seçərkən nəzərə alın ki, parıltılı göz kölgələrini vurmaq daha asandır və onlar makiyajınıza bayram əhvalı qatacaq. Tünd və əlvan rəngli dodaq boyaları isə ən sadə makiyajı belə təmtəraqlı göstərə bilər.

Deyək ki, Yeni İl gecəsini uğurla başa vurdunuz. Sonraki günlər üçün geyim və aksessuarlarınızı müəyyən etmək üçün tətil planı hazırlayın. Məhz gedəcəyiniz yerlərə uyğun və rahat geyimlər seçin.

Özünüzlə isti, rahat və bütün geyimlərinizlə uyğunlaşan bir cüt qış ayaqqabısı götürün. Yeni İl əhvallı sviterlər, kardiqanlar, sviter-donlar, uzun yun donlar səyahət boyu həm tərzli həm rahat olmağınıza kömək edəcək. Üzünüzə yaraşan papaq, şərf, əlcəkləri də unutmayın. Onlar sizi istidən qorumaqla yanaşı tərzinizin də bir hissəsi olacaqlar. Getdiyiniz yer dağ-xizək kurortudursa xizək kostyumu və eynək götürmək də lazımdır. Əgər belə bir dəstiniz yoxdur və ona pul xərcləmək istəmirsinizsə, getdiyiniz yerdə onları kirayə də götürə bilərsiniz. Dağ-xizək kurortuna gedirsinizsə mütləq ikinci üst geyimi götürün ki, qar-topu oynayarkən və ya xizəkdə sürüşərkən üst geyiminiz islandığına görə oteldə oturmağa məcbur olmayasınız.

Əgər qış tətili üçün dörd-beş ulduzlu otel seçmisinizsə, otelin spa mərkəzi də olacaq. Spa mərkəzindən rahat istifadə üçün bir dəst çimərlik dəsti də götürməyi unutmayın.

Aksessuarlar

İri kolye, kəmər, şərf, şlyapa, uzun sırğalar, broş kimi aksessuarların sehrli olduğunu və bir toxunuşla geyimi necə dəyişdiyini bilirik. Məhz bu aksessuarlar həm çamadanda az yer tutacaq, həm də onların köməyi ilə bir geyimi bir neçə formada geyinə biləcəksiniz. Məsələn dünən günorta geyindiyiniz yun donu bu axşam broş və kəmərlə axşam yeməyinə geyinsəniz birgə səyahət etdiyiniz ailəvi dostunuzun xanımı sizdən bu qədər paltarı necə bir çamadana yerləşdirdiyinizi həsədlə soruşacaq.

Bayram günü geyinəcəyiniz geyimə kapron corab lazımdırsa mütləq onları burdan özünüzlə aparın. Bir dəfə getdiyim ölkədə toya dəvətli idim və mənə lazım olan kapron corabı tapmağa düz iki saat vaxtım getmişdi.

Əgər səyahəti sevgiliniz və ya həyat yoldaşınızla edirsinizsə üst geyimləri qədər alt paltarları və gecə geyimləri də vacibdir. Yeni İl gecəsi üçün qırmızı krujeva gecə geyimi götürsəniz gecəniz daha da yaddaqalan ola bilər. Amma krujeva gecə geyimindən əlavə çamadanınıza Yeni İl əhvallı qalın pijama da qoymağı unutmayın.

Xırda və vacib detallar

İri qablaşdırmalı baxım vasitələrini kiçik boylu səyahət dəstləri ilə  əvəz etməyə çalışın. Bundan başqa bəzi kosmetik mağazalarda və ya marketlərdə kiçik boy boş flakon dəstləri satılır ki, istədiyiniz vasitəni onlara dolduraraq özünüzlə apara bilərsiniz. Bu qabların həm çəkisi az, həm də ölçüləri kiçik olmaqla yanaşı qapaqları da çox kip bağlanır. Son zamanlar bütün səyahətlərimdə bu flakonlardan istifadə etmişəm.Geyimlərinizin qırışını açmaq üçün ütü fenindən rahatlıqla istifadə edə bilərsiniz inanın ki, çox effektlidir. Allergiyadan və ya baş ağrısından əziyyət çəkirsinizsə hər zaman istifadə etdiyiniz dərman preparatını götürməyi unutmayın.

Kosmetik vasitələr

Gündəlik makiyaj üçün neytral çalarlarda makiyaj vasitələri aparın ki, bütün geyimlərinizə və obrazınıza uyğunlaşsın. Dırnaq boyasında da neytral rəng seçsəniz uduzmazsınız.Ətir olaraq isə ədviyyat və sitrus notları ilə zəngin olan ətirlərə üstünlük versəniz Yeni İl əhvalınız daha da artacaq və ən əsası üstündən uzun müddət keçsə belə hər dəfə o ətri vurduqdə sevdiklərinizlə keçirdiyiniz gözəl və unudulmaz tətil günlərini xatırlayacaqsınız. Axı ətirlər ən güclü xatirə daşıyıcılarından biridir…

Ümidvaram ki, məqaləm sizə yararlı olacaq və səyahətiniz üçün kompakt və praktik çamadan hazırlaya biləcəksiniz.  Hamınıza gözəl və maraqlı bayram tətili  arzu edirik.

Nigar Xəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir