Qarşıdan Yeni il gəlir. Bəziləri iddia edir ki, müsəlmanlara aid olmayan bayramları keçirmək, şadlanmaq günah hesab edilə bilər.
Yeni ili bayram kimi qeyd etmək günahdırmı? Yaxud yeni ili necə qeyd etsək, günah sayılmaz?
Bu kimi suallarımızı ilahiyyat üzrə fəlsəfə elmləri doktoru, professional ailə müşaviri, həyat koçu, professor Əfzələddin Rəhimli cavablandırır. Onun sözlərinə görə, düşüncələr və dünyagörüşü duyğu və davranışlara təsir edir. Bunun üçün dinimizdə sırf sevinməyə qadağa qoyulmur, doğru əməllərə, hadisələrə sevinmək tövsiyə edilir.
“Buna görə də, İslam dininə görə, Allaha itaətsizlik etmədiyimiz hər bir gün bayramdır. (Nəhcül-Bəlağənin şərhi, c. 20, səh. 73)”,- deyən İlahiyyatçı bildirib ki, bu baxımdan baxmayaraq ki, yeni ilin gəlişi milli və dini bayramımız deyil, amma onun qeyd edilməsinin öz-özlüyündə heç bir problemi yoxdur. Yəni, yad mədəniyyətin elementi kimi deyil, yeni ilin gəlişini bayram kimi qeyd edə bilərlər.
Burada problem olan isə hansına yanlış mədəniyyətin, batil əqidənin, haram əməlin və fəsadın onunla birgə yayılmasıdır. Bunlardan çəkinməklə yeni il qeyd edilirsə, heç bir problem yoxdur.
“İnsanların bir ili tamam edərək, yeni bir ilə qədəm basdıqları üçün Allaha şükür etməsi, süfrə açıb sevinməsi, bir-birlərinin görüşünə getməsinin və hədiyyə verərək şənlənməsinin dinimizlə ziddiyyəti yoxdur. Necə ki, Qurani-Kərimdə buyurulur: “Məryəm oğlu İsa dedi: Pərvərdigara, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizlər və bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.” (Maidə, 114)”,- deyən Əfzəlləddin Rəhimli bildirib ki, Allah dərgahında işlərin ən sevimlisi, insana sevinc bəxş etmək, ehtiyacını aradan götürmək və qəm-qüssəsini dağıtmaqdır.
İlahin Zaman