Yeni ilin yeddi möcüzəsi

Baxış sayı: 5. 867
Yanvarın ilk günlərində Las-Veqasda keçirilən “Consumer Electronics Show” (“CES”) Beynəlxalq Elektronika Sərgisində ilin trendləri olan texnoloji yeniliklər təqdim ounub. Bu texnologiya möcüzələrini təqdim edirik.
Gələcəyin avtomobili. Məlumdur ki, sürücüsüz idarə olunan maşınlar avtomobil nəqliyyatının gələcəyidir. Elə sözügedən sərgidə də əvvəlki illərlə müqayisədə daha çox sürücüsüz avtomobillər nümayiş etdirilib. Bu isə o deməkdir, yaxın gələcəkdə özü idarə olunan maşınlardan istifadəyə başlanılacaq.Virtual reallıq texnologiyaları. Cari ildə virtual reallıq texnologiyaları sahəsində böyük irəliləyiş gözlənilir. Son versiya “CES” sərgisində təqdim edilən “Oculus Rift” virtual reallıq eynəyinin təkmilləşdirilməsi üzrə aparılan işlər davam etdirilir. Qeyd edək ki, “Facebook” daxil olmaqla populyar xidmətlər artıq 360 dərəcə formatlı panorama videosunun göstərilməsini dəstəkləyir.
Pilotsuz uçan aparatlar. Bu sahədə maneələrə (ABŞ və Rusiyada pilotsuz uçan aparatların məcburi qeydiyyatı tətbiq olunub) baxmayaraq, 2016-cı ildə böyük irəliləyiş gözlənilir. Əvvəlki modellərlə müqayisədə yeni modellər daha sürətli və yaxşı manevr etmək qabiliyyətinə malikdir.
Yeni nəsil striminq video xidmətləri. Ən böyük axınlı video tədarükçüləri olan “Netflix” və “YouTube” “CES 2016” sərgisinin əsas iştirakçıları olublar. Bu o deməkdir ki, cari ildə striminq video xidmətləri öz tamaşaçılarını yeniliklərlə sevindirməyə davam edəcək.
Yeri gəlmişkən qeyd edək ki, “Netflix” yanvarın 6-dan Azərbaycanda da xidmət göstərməyə başlayıb. Bu barədə şirkətin baş direktoru Reed Hastings məlumat verib.
“Ağıllı ev” texnologiyaları. Ötən il “ağıllı ev” texnologiyaları sahəsində ümidverici həllər yaradılsa da, bu məhsullar kütləviləşmədi. “Apple” və “Google” şirkətlərinin “ağıllı ev” üçün nəzərdə tutulmuş platformaları smart qurğuları vahid sistem üzrə birləşdirməyi planlaşdırsa da, bu, qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla belə, cari ildə yeniliklər gözlənilir.
Fərdi mini nəqliyyat. Bir çoxları yəqin ki “Hoverboard” adlı cihazla tanışdır. Maqnit sahəsinin köməyi ilə asfalta toxunmadan uçan bu nəqliyyat növünün təhlükəsizliyi müzakirə mövzusu olsa da, “CES 2016”-da bu sahədə bir çox yeniliklər nümayiş etdirilib.
Sağlamlığın qeydinə qalan cihazlar. Personal tibbi qurğular “qızıl dövrünü” yaşayır. Qabaqcıl sensorlar, çiplər və simsiz ölçü cihazları real vaxt rejimində müxtəlif fizioloji parametrlərə nəzarət etməyə imkan verir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir