Müraciət etdiyiniz və cavabını həyəcanla gözlədiyiniz işdən müsbət cavab aldınız. Artıq sizi qane edən bir işiniz var və siz məqsədinizə nail olduğunuzu düşünürsünüz. Ancaq yanılırsınız. Çünki hələ pilləkənin ilk pilləsindəsiniz. Hələ yeni iş yerinizdə sınaq mərhələsini keçməlisiniz. Həyəcanlanmayın. Sadəcə olaraq, yeni iş yerinizdə sizdən nə tələb etdiklərini və daha çox nəyə diqqət yetirdiklərini müəyyənləşdirin. Elə isə sizin üçün 7 qızıl təklif…
1) Yaxşı münasibətlər qurun.
Müdiriyyət üçün sizin iş yerinizə necə uyğunlaşacağınız və ya iş yoldaşlarınızla necə münasibət quracağınız əsasdır. Bir də iş yoldaşlarınızla quracağınız münasibətlərin peşə biliklərinizdən irəlidə gəldiyini unutmayın.
2) Dinləməyi bacarın.
Ətrafınızda nə baş verdiyini öyrənmək istəyirsinizsə, dinləməyi bacarmalısınız. Həm iş yeriniz, həm də iş yoldaşlarınız haqqında kifayət qədər məlumata malik olana qədər sizin üçün danışmaq dinləməkdən daha vacibdir.
3) Geyiminizə diqqət yetirin.
Əgər müəssisənizdə hamı bir-birinə bənzər geyinirsə, siz də bu dəbə uyğunlaşın. Öz geyim tərzinizi sonraya saxlayın.
4) Gülərüz olun.
Səmimi ünsiyyətlərdən çəkinməyin. Ancaq məsafə saxlamağı da unutmayın. Sadə və gülərüz olmaq sizə yeni imkanlar aça bilər.
5) Sizə kömək etmək istəyənlərə imkan verin.
Heç kim sizdən hər şeyi bilməyi tələb etmir. Buna görə də, qorxuya düşməyin. Sizə kömək etmək istəyənlərə arxa çevirməiyn. Üstəlik, köməyə ehtiyacınız olduqda kömək istəyin. Bu, sizin iş yoldaşlarınızla münasibətlərinizi yaxşılaşdırar.
6) Sizdən nə tələb olunduğunu öyrənin.
İşə başladıqdan bir neçə ay sonra müdirinizlə görüşün. Sizdən razıdırmı? Ümidlərini doğruldursunuzmu? Bəlkə üzərinizdə daha çox işləməlisiniz? Ancaq bu sualların cavabını öyrənmək üçün çox gözləmək lazım deyil. Müdirinizin sizə münasibəti, gördüyünüz işə baxışı onun mövqeyini büruzə verəcək. Sizin üzərinizə isə, sadəcə olaraq, müdirinizin hərəkətlərindən nə istədiyini öyrənmək və işinizi ona görə qurmaq düşəcək.
7) İş yerinizi yenidən nəzərdən keçirin.
İşiniz həqiqətən də xoşunuza gəlirmi? Yeni tanış olduğunuz iş yoldaşlarınızla illər boyu bir yerdə işləyə biləcəksinizmi? İş yeriniz sizə özünüzü yetişdirməyə imkan verəcəkmi? Bu suallara cavab tapdıqdan sonra artıq hədəflərinizi müəyyənləşdirə və buna görə hərəkət edə bilərsiniz.