bagca

Yeni qərar uşaq bağçalarında nə dəyişəcək?

Baxış sayı: 775

Təhsil naziri Emin Əmrullayevin bu günlərdə “Məktəbəqədər təhsil proqramı (kurikulum)” barədə imzaladığı əmr cəmiyyətdə çaşqınlıq yaradıb. Çoxu bunu məktəbəqədər təshildə kurikulumun ləğv olunduğu kimi başa düşüb. Hətta sosial şəbəkələrdə bununla bağlı paylaşımlara rast gəlmək mümkündür. Sosial şəbəkə istifadəçiləri nazirin məktəbəqədər təhsildə kurikulumu ləğv etdiyi barədə əmr imzaladlqlarını bildirirlər.

Bu yazıda nazirin imzaladığı qərarın əsl mahiyyətinin nədən ibarət olduğunu araşdırmışıq.

Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova bildirir ki, “Məktəbəqədər təhsil proqramı (kurikulum)” barədə nazirin yeni imzaladığı əmr bağçalarda kurikulumun tamamilə ləğv olunduğu anlamına gəlmir. Onun sözlərinə görə, 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında qanun” qəbul olunub.

USAQ BAGCASI

Belə ki, həmin Qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib. Üzərində işçi qrupunun müzakirəsi aparıldıqdan, ictimai müzakirəyə çıxardıldıqdan sonra, dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanıb və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Yenisinin təsdiqindən sonra, 2012-ci ildə qəbul olunmuş “Məktəbəqədər təhsil proqramı (kurikulum)” mexaniki olaraq ləğv edilmiş, qüvvədən düşmüş hesab olunur. Köhnəsinin ləğvi, yenisinin təsdiqi məktəbəqədər təhsil sisteminin yeniləşməsi deməkdir.

L. Cəfərova deyir ki, ümumiyyətlə son dövrdə NK-nın sərəncamına əsasən sənədlər beş ildən bir yenilənir. Həmsöhbətimiz bildirir ki, kurikulumun üstün cəhətlərindən biri də odur ki, çatışmazlıqlar nəzərə alınaraq növbəti mərhələdə bir qədər də təkminləşdirilərək yenisi qəbul olunur. Belə ki, 2012-ci ildə qəbul olunmuş kurikulumda məktəbəqədər dövr 3-6 yaş nəzərdə tutulmuşdu. Çünki, Təhsil haqqında qanunda da 3-6 yaş məktəbəqədər təhsil dövrü hesab olunurdu. Amma 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” qanunun qəbulunda 1-6 yaş məktəbəqədər təhsil dövrü hesab olunur. 2010-cu ildə təsdiq olunmuş “Məktəbəqədər təhsilin dövlət standartı”nda isə 3 yaşa qədər dövr məktəbəqədər təhsil dövrü nəzərə alınmamışdı.

Yeni hazırlanmış sənəd isə 1-6 yaş məktəbəqədər dövr hesab olunur: “Nazirin dünən imzaladığı əmr tamamilə fərqli anlaşılıb. 11 aprel 2022-ci il tarixdə yeni kurikulumun təsdiqindən sonra 2012-ci ildə təsdiq edilmiş kurilulum qüvvədən düşmüş hesab olunur. Bu ümumilikdə kurikulumun ləğvi deyil. Onun yenilənməsi deməkdir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.

bagca

Təhsil naziri Emin Əmrullayev bu günlərdə jurnalistlərə açıqlamasında bildirmişdi ki, bağçalarla bağlı vahid məlumat bazası olmadığından proses bir az ləng gedir.

“Artıq aprelin 1-dən uşaq bağçalarının təchizat və təminat məsələləri ilə məşğul olmağa başlamışıq. Hazırda daha çox diaqnostik mərhələdəyik” deyə nazir əlavə edib.

Nazir qeyd etmişdi ki, ilkin məqsəd məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin öyrənilməsi, orada olan tədris və təhsil, o cümlədən uşaqların qidalanması ilə bağlı təchizat və təminat məsələləri ilə bağlı məlumatları toplamaqdır. Onun sözlərinə görə, Təhsil Nazirliyinin nümayəndələri ölkədə olan 1600-dən artıq uşaq bağçasında olub. Bütün data məlumatlar nazirlikdə var.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir