Elektromobil

Yeni sıçrayış: Elektromobillərə maraq artır

Baxış sayı: 547

Azərbaycanda elektrik avtonəqliyyat vasitələrinin istifadəsi sahəsində sıçrayış baş verəcək.

Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov “Caspian Energy Club” tərəfindən təşkil olunan “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda “Caspian Energy Meet Up” zamanı bildirmişdi.

Onun sözlərinə görə, cari il ərzində ölkədə elektromobilliklə bağlı geniş proqram təstiq olunacaq.

Xəlilovun fikrincə, 2025-ci ildən sonra Azərbaycanda elektrik avtomobillərin istifadəsi sahəsində sıçrayış geniş miqyasda baş verəcək.

Nəqliyyat eksperti Aslan Əsədov vurğulayır ki, İstixana və karbon qazlarının ətraf-mühiti çirkləndirməməsi üçün görülən tədbirlər, həmçinin Azərbaycanda yeni, qənaətcil və elektron qaydalarla işləyən avtomobillərin istehsal olunması ilə bağlı tədbirlər sevindirici haldır:

“Ölkəmizdə avtomobillərin istehsalı ilə bağlı kifayət qədər mühüm addımlar atılıb. Amma bu hələki tələbatı ödəyə bilmir. Ölkədə kifayət qədər avtomobil zavodları və avtomobillərin istehsali ilə bağlı, digər böyük xarici şirkətlərlə müqavilələr bağlanıb. Bura, Şamaxı, Nefçala, Naxçıvan, Gəncə şəhərlərini misal çəkmək olar. Eyni zamanda xarici firmalarla İran, Rusiya və digər ölkələrlə qaşılıqlı şəkildə nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı müəyyən müzakirələr olub və müqavilələr imzalanıb. Məsələ ondan ibarətdir ki, istehsal olunacaq avtomobillərin istər daxili, istərsə də, xarici bazara daha səmərəli çatdırılması üçün işlər görülməlidir.”

Nəqliyyat eksperti Elməddin Muradlı isə söyləyir ki, ətraf mühitin qorunması üçün elektrik avtomobilləri istehsal olundu və bu gündə sözügedən nəqliyyat vasitələrinə geniş tələbat var:

Elmeddin Muradli

“Hazırda elektrik avtomobillərinin antitəbliğatı gedir. Hətta həmin maşınların gələcəkdə utilizasiyasının təhlükəli olacağını, ətraf mühiti daha çox çirkləndirəcəyini deyənlər də var. Amma hələki biz bu tarixi yaşamamışıq. Ona görə də bilmirik ki, necə olacaq. Hazırda elektrik avtomobili insanlar üçün çox sərfəlidir. İndi qiymətlər də əl çatan olmağa başlayıb. Çin avtomobilləri ölkəmizə daha çox gətirilir. Növbəti il COP29 Azərbaycanda keçiriləcək. Bununla bağlı yeni güzəştlər gözlənilir. Bəlkə də bu baxımdan elektromobillərə daha çox tələbatın artacağını düşünə bilərik. Ümumiyyətlə bu istiqamətdə təbliğat aparılır və insanlarda həmin avtomobillərə maraq artır”.

 

Fidan Həmişəyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir