parklama

Yeni sistemə keçilir, amma hələ də suallar qalır

Baxış sayı: 550
İyulun 25-dən ölkədə yeni parklanma qaydaları qüvvəyə minəcək. Bu qaydalara əsasən, Bakıda parklanma üzrə ödənişlər dörd zonaya bölünüb. Üstəlik, ödənişlərin nağdsız qəbul ediləcəyi nəzərdə tutulub. Bunun üçün xüsusi tətbiq istifadəyə veriləcək və ilkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Maraqlıdır, yeni parklanma qaydaları Bakıda nəyi dəyişəcək? Gözləntilər nədir? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qəzetimizə verilən məlumata görə, qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. 

Ödənişli parklanma sıxlıq olan ərazilərdə tətbiq ediləcək

Qurumdan bildirilir ki, ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək: “Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilməyəcək. “Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. 15 dəqiqəni keçdikdə, ödəniş tam məbləğdə hesablanır. 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb edilmir”. Parklanma yerlərinin idarə olunmasında əsas hədəflər isə şəhərin küçə-yol şəbəkəsində tıxacların, avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirinin azaldılmasına, ictimai nəqliyyatın orta hərəkət sürətinin artmasına, 2-ci və 3-cü cərgələrdə qanunsuz parklanmanın qarşısının alınmasına nail olmaqdır. Gözləntilərə gəldikdə isə, qurumdan bildirilir ki, düzgün parklanma və idarəetmə şəhər yollarında xaosun qarşısını alır. Küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır.

 

Ödənişlərə kim nəzarət edəcək?

AYNA-dan verilən məlumata görə, istər ödənişlərə, istərsə də, park ərazisindən neçə müddət istifadə edildiyinə dair nəzarət yalnız elektron şəkildə, mobil tətbiq vasitəsilə olacaq: “Tətbiqin üzərində iş gedir, yaxın günlərdə bununla bağlı açıqlama olacaq. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyənləşdirilir”.

Qiymətlər 2 dəfə artıq təklif edilmişdi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, təyin edilən parklanma qiymətləri münasib və vətəndaş üçün əlçatandır. Mütəxəssisin sözlərinə görə, bu qiymətlər bir neçə il öncə 2 dəfə artıq təklif edilmişdi: “Şəhərin mərkəzindən uzaqlaşdıqca, parklanma qiyməti də ucuzlaşır. Dövlət əvvəlki təkliflərlə müqayisədə sosialyönümlü siyasətini nəzərə alaraq, qiymətləri endirdi”.

 

Parklanma nəzarətçiləri olacaq

E.Cəfərov deyir ki, parklanmanın necə həyata keçiriləcəyi ilə bağlı sistem hələ müəyyən edilməyib: “Hazırda mobil tətbiq, parkomat, mövcud ödəmə sistemləri təklifləri var. Amma istənilən halda, ilkin mərhələdə parklanma nəzarətçiləri olacaq. Düzdür, onların sayı və vəzifə öhdəlikləri əvvəlki səviyyədə olmayacaq, amma sistem avtomatlaşdırılana qədər nəzarətçiyə ehtiyac var”.

 

“Parkovşik”lər maaş alacaq

Ən böyük narahatlığı parklanma nəzarətçiləri (parkovşiklər) keçirir. Çünki sistem avotmatlaşdırıldığı halda, onların işinə ehtiyac qalmayacaq. Üstəlik, yığılan pullar kiminsə cibinə deyil, dövlətin büdcəsinə gedəcək. Nəqliyyat eksperti deyir ki, artıq parklanma nəzarətçilərinin də sosial təminatı olacaq: “Hazırda onlar qeyri-leqal çalışır, vergiləri ödənilmirdi. Amma bundan sonra parklanma nəzarətçiləri də normal maaş və gələcəkdə də pensiya ala biləcəklər”.

 

Parklanmadan gələn gəlirlər hara xərclənəcək?

Bu qaydaların şəhərin nəqliyyat infrastrukturunda təsirinə gəlincə isə, mütəxəssis deyir ki, şəhərdə nizam-intizam yaranacaq: “Həmçinin, yol hərəkəti iştirakçılarının daha məsuliyyətli olmasına gətirib çıxaracaq. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına və dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək. Bu qaydaların qəbul olunması böyük nailiyyətdir”.

 

Bütün obyektlərin parklanma yerləri olmalıdır

Bəs hazırda Bakı şəhərindəki parklanma əraziləri avtomobillərin sayına uyğundurmu? Həmsöhbətimiz vurğulayır ki, 2014-cü ilə qədər ölkədə xeyli sayda parklanma əraziləri mövcud olub: “Bakıda bəzi parklanma yerləri kimlərsə tərəfindən dağıdıldı, orada müəyyən obyektlər tikildi. Düzdür, şəhərin mərkəzindəki parklanma yerləri hamıya çatmaya bilər. Amma bu qanunla şəhər mərkəzində olan yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri də nəhayət ki, parklanma yerlərinin təşkil olunması ilə bağlı düşünəcəklər. Bu, şəhərsalma və arxitektura qaydalarında da, dövlətin proqramlarında da mövcuddur. Bakı şəhərində olan bütün yaşayış və qeyri-yaşayış obyektlərinin hamısının parklanma yerləri olmalıdır. Yeni çoxmərtəbəli parklanma yerləri də inşa etmək mümkündür”.

Sistem insanların prioritetinə təsir edəcək

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, hazırkı parklanma sistemi insanların birbaşa həyat tərzinə, gününü planlamasına təsir edəcək: “5 ildir ki, vahid parklanma qiymətinin olmaması nəqliyyat sistemində xaotik vəziyyət yaratmışdı. Sistem qeyri-qanuni fəaliyyət göstərirdi. İri şəhərdə yaşayan, avtomobili olan və mütəmadi olaraq şəhər içərisində parklama problemi yaşayan vətəndaşlar artıq qismən də olsa, bu problemdən azad olacaqlar. İnsanlar tətbiq vasitəsilə, avtomobillərin harada, nə qədər müddətə parklanmasına nəzarət edəcək”.

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, yeni parklanma qaydalarında ən vacib məsələ ödənişlərin dövlət büdcəsinə getməsidir. Qanunsuz parklanmalara görə il ərzində 50 milyon manatdan çox vəsait dövlət büdcəsindən yayınırdı: “Bu ödənişlər yeni avtomobil parklarının salınmasına, yeraltı, yerüstü dayanacaqlara xərcləsək, nəzərəçarpacaq dərəcədə tıxacların qarşısını alacağıq”. Beləliklə, parklanma ilə bağlı yeni qaydalar 3 gün sonra tətbiq olunacaq. Lakin cavabsız qalan suallar çoxdur. Görünən odur ki, yeni sistemə tam keçid yaxın vaxtlarda mümkün olmayacaq. Bir müddət həm köhnə, həm yeni sistemin şahidi olacağıq.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir