bina

Yeni tikilən binaların qiyməti niyə yüksəlir?

Baxış sayı: 429

Bakıda yeni tikili binaların qiyməti günü-gündən sürətlə artır. Ötən ay da mənzil bazarında qiymət artımları müşahidə olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) məlumatına görə, əvvəlki aylarda olduğu kimi, mart ayında da fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1,4 faiz qiymət artımı qeydə alınıb.

Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0,9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1,3 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında isə qiymətlər dəyişməyib.

Ekspertlər isə hesab edir ki, sadəcə bizdə deyil, inkişaf etməkdə olan ölkələrdə əmlak qiymətlərində bahalaşma müşahidə edilir. Doymuş iqtisadiyyatlar olan Avropa ölkələrində isə vəziyyət nisbətən fərqli olur. Həmin ölkələrdə əmlak qiymətlərində çox yüksəlmə görünmür.

Əmlak etibarlı investisiya alətlərindən biri sayılır. Əhali əmlaka həm də investisiya kimi baxır. Nəticədə qlobal dünyada geosiyasi məsələlər, maliyyə birjalarındakı təlatümlər dünyanın müəyyən ölkələrində əmlak qiymətlərinə müxtəlif cür təsir göstərir.

elnur ferzeliyev

 Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, Azərbaycanda əmlak qiymətlərində müşahidə olunan artım artıq təbii bir tendensiya kimi qəbul olunub:

 

“Hər il əmlak bazarında 10-15 faiz qiymət artımı baş verir.

Tikinti materiallarında müşahidə olunan artım da əmlak qiymətlərinə öz təsirini göstərir. O cümlədən də hazırda Bakıda ev tikmək üçün yerin azalması, yeni binaların tikilməsi üçün tələblərin sərtləşdirilməsi buna təsir edir.

Daha çox Bakının mərkəzində, mərkəzə və metro stansiyalarına yaxın və köhnə evlərin qiymətləri artır. Bu evlərə imkanı olanlar yatırım edirlər. Çünki bu evlər söküləndə 2-2 il yarım vaxt ərzində müntəzəm kirayə pulları verilir. Daha sonra bina hazır olanda oradan uyğun olaraq mənzil verilir. Həmin mənzilin qiyməti vətəndaşın köhnə evindən 2-3 qat baha olur. Köhnə binalar ipoteka kreditlərinə çevrilə bilmir, bank onları girov götürə bilmir. Çünki bu evlərin əksəriyyəti istismar müddətini başa vurub, çoxu da qəzalıdır. Süni səbəblərdən qiymətlər artıb”.

bina

E.Fərzəliyev də qiymətlərdə ucuzlaşmanın gözlənilmədiyini vurğulayır.

Ekspertin sözlərinə görə, mənzil bazarında qiymət o halda enə bilər ki, alıcı qıtlığı olur: “Yəni mənzil bazarında müştəri olmur. Qiymətlərin kəskin şəkildə enməsi üçün hansısa qlobal problem baş verməlidir. Müharibə, zəlzələ, subasma kimi hadisələr və ciddi inflyasiya halları müşahidə olunarsa, qiymətlər qısa vaxtda enə bilir. Bu kimi hallar olmadığına görə və tələbat günü-gündən artdığı üçün artımlar davam edir”.

 

Şəymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir