ev

Yeni tikililərdə kommunal və xidmət haqqının məbləği necə müəyyənləşdirilir?

Baxış sayı: 2. 123

Yeni tikililərin əksəriyyətində vətəndaşlardan xidmət haqqı və kommunal ödəniş adı ilə hər ay yüksək məbləğdə pul toplanır. Maraqlıdır ki, həmin binalarda kommunal ödənişlərə görə vahid məbləğ müəyyənləşdirilməyib, demək olar ki, hər Mənzil Tikinti Koorperativində (MTK) ailələrdən fərqli məbləğlər toplanır. Yeni tikililərdən ev alanlar kommunal ödənişlərin məbləğinin yüksək olmasından narazıdırlar. Bu günlərdə belə vətəndaşlardan biri  saytımıza müraciət edib. Mənzil sahibi E. Tağıyev bilmək istəyir ki, MTK-lara kommunal və xidmət haqqı kimi hər ay yüksək məbləğdə pul ödənişi nə vaxtadək davam edəcək, yəni bunun bir sonu varmı? Yoxsa yeni tikililərdən ev aldınsa, hər ay yüksək məbləğdə ödənişləri davam etdirməlisən?

“Orada mülkiyyət hüququna malik olduğu müddətdə həmişə ödəməlidir”

Mövzu ilə bağlı suallarımızı “MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov cavablandırdı. Nüsrət İbrahimovun sözlərinə görə, qanunda bununla bağlı məqamlar öz əksini tapıb: “Yeni tikililərdə prosedurlara uyğun olaraq ödənişlər də müxtəlif formalarda olur. Məsələn, yeni tikilən binalar dövlət qəbul komissiyasına təhvil verilib akt, çıxarış alınanadək onun kommunal xərclərini ödəməlidir yalnız kooperativin üzvləri. Bina MTK kimi tikilibsə, kooperativ tikibsə, onun üzvləri ödənişi etməlidir, yox əgər MMC tikibsə, onun kommunal xidmət xərclərini MMC etməlidir. Mənzil sahibi mülkiyyət hüququ əldə etdikdən, çıxarış alandan sonra isə artıq kommunal xərcləri ödəməlidir. Kommunal xərclərin ödənməsini isə vətəndaş orada yaşadığı, mənzildən istifadə etdiyi, orada mülkiyyət hüququna malik olduğu müddətdə həmişə ödəməlidir”.

Ödənişlərin məbləği necə müəyyənləşdirilir?

Bəs yeni tikililərdə kommunal ödənişlərin məbləği necə müəyyənləşdirilir? Bu sualımıza Nüsrət İbrahimov belə cavab verdi: “Bunların hesablanması forması var. Mənzil mülkiyyətçilərinin birgə yığıncağında idarəedici qurum təsis edilir. Onlar özləri də həmin binanı idarə edə bilərlər, başqası ilə müqavilə bağlayıb da idarə edə bilərlər. Binanın təmir xərcləri, istismar xərcləri hesablanır və mənzil sahibləri arasında bölünür. Daha ətraflı deyim – binada yerləşən mənzil sahibləri ümumi yığıncaqda qərar qəbul edirlər – binanın istismarı, idarə edilməsi ilə bağlı. Vətəndaşlar qurum yaradıb özləri də onu idarə edə bilərlər və ya qurum yaradıb başqa bir şirkətlə müqavilə bağlayıb idarəetməyə də verə bilərlər. Kim ki binanı idarəetməyə götürür onun illik, aylıq, rüblük xərci müəyyənləşidirilib, hesablanıb ümumi yığıncağa təsdiq etdirilməlidir və sonra mənzil sahiblərindən yığılmalıdır.

“Sovet dövründən qalma 5 və 9 mərtəbəli binalara da aiddir, amma…”

Bəs sovet dövründən qalma binaların bir çoxunda niyə xidmət haqqı yoxdur? Yəqin ki, yeni tikililərdən ev alanlar da bunu əsas gətirirlər. Nüsrət müəllim bununla bağlı maraqlı açıqlama verdi. Onun sözlərinə görə, əslində bu qərar sovet dövründən qalma 5 mərtəbəli binalara da aiddir. Yəni həmin binaların da xeyli hissəsi idarəetməyə götürülməlidir. Lakin bu prosedur nədənsə, reallaşmır: “Yuxarıda qeyd etdiklərim əslində sovet dövründən qalma 5 və 9 mərtəbəli binalara da aiddir. Əgər həmin binalarda mənzillərin hamısı özəlləşdirilibsə, artıq idarəetməyə götürülməlidir”. (“Yeniavaz.com”)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir