koronavirus

Yenidən qapanma təhlükəsi?

Baxış sayı: 925

İki ildən çoxdur ki, dünya COVID-19 infeksiyası ilə mübarizə aparır.  COVID-19 pandemiyasının bir müddət səngiməsi, yoluxmaların və xəstəlikdən ölüm sayının azalması, eyni zamanda, karantin rejimi qaydalarındakı yumşalmalar xəstəliyin tezliklə sona çatacağına ümidləri artırsa da, hazırda bunun əksi müşahidə olunur. Son həftələrdə  dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq dünyada infeksiyaya yoluxma halları artaraq 567 milyonu ötüb. Hazırda ABŞ, Fransa, Böyük Britaniya, Hindistan, Braziliya və Almaniya ilk altılığa düşür. Qonşu Rusiya, Türkiyə və İranda da koronavirusa yoluxma sayı və hətta, ölüm halları artır.

Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb. Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavalerinin sözlərinə görə, infeksiyanın yayılmasına son dərəcə yoluxucu olan “Omicron” ştamının – BA.4 və BA.5 alt növləri səbəb olur. Avropa ölkələrində BA.4 və BA.5 variantlarının dominant olacağı gözlənilir və çox güman ki, iyulun sonuna kimi bütün digər variantları sıxışdıracaq. Mütəxəssisin sözlərinə görə, hazırda “Omicron” ştamının bu yarımtiplərinin ağır xəstəlik riskinin artmasına dair heç bir sübut yoxdur, lakin yaşlılar arasında yoluxma hallarının sayı artır ki, bu da ağırlaşmaya səbəb olur.

COVID-19-a yoluxma və ölüm sayında artım dinamikası ölkələri yenidən sərt karantin tədbirlərinə əl atmağa sövq edə bilər. Artıq bununla bağlı ayrı-ayrı ölkələrdən anonslar da gəlməkdədir. Virusun mutasiyaya uğraması sayəsində yeni altvariantlarının yaranması, yenidən sürətlə yayılması səbəbindən artıq bəzi ölkələrdə karantin rejimi qaydaları yenidən tətbiq olunur, müvafiq qurum əhalinin ikinci buster və ya dördüncü doza vaksin vurdurmasını tövsiyə edir.

Yeni növ koronavirusun “vətəni” sayılan Çində cari ilin mart ayından etibarən yeni qapanma tədbirlərinə əl atılıb. Bu ölkəyə gələnlərin, həmçinin COVID-19 xəstələri ilə yaxın təmasda olanların 7 günlük  karantində qalma müddəti tətbiq olunur. Rəsmilərin məlumatına görə, ölkəyə gələn insanlar yeddi gün karantində qalmalı, daha sonra üç gün evdə səhhətlərinə nəzarət etməlidirlər. Cari ildə bu ölkədə son iki ilin ən sərt qapanma tədbirləri  25 milyon əhalisi olan Şanxayda tətbiq edilib. Qeyd edək ki, Çində qeydə alınan yoluxmaların ümumi sayının üçdə-biri Şanxayın payına düşür. Kipr Respublikasında iyulun 8-dən ictimai yerlərdə 12 yaşından böyük hər kəs mütləq qaydada maskadan istifadə etməlidir. Sözügedən qərar mayın 31-də ləğv olunmuşdu. Bununla yanaşı, Pakistanda da iyunun 28-dən daxili aviareyslərdə maska taxmaq tələbi qüvvəyə minib.  Qətərdə də COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska taxmaq məcburi olub. İsrailin Səhiyyə Nazirliyi hələlik qapalı məkanlarda və ictimai nəqliyyatda maska rejiminə qayıtmaqda israr etmir, lakin sakinlərə hər halda maska taxmaq tövsiyə olunur. Amma bu ölkədə xəstəxanalarda, poliklinika və apteklərdə, yaşlı insanların olduğu müəssisələrdə maskadan istifadə məcburidir.

Türkiyəli həkim, yoluxucu xəstəliklər üzrə mütəxəssis, professor Bülənt Ərtuğrul qeyd edib ki, yoluxma sayının artmasına səbəb COVID-19-un üzə çıxmış yeni variant – BA5-in yoluxuculuq gücünün daha da yüksək olmasıdır. Bu variant əvvəlkilərə nisbətən daha da yoluxucu və təhlükəlidir. Professor yoluxma sayının artmasına yay fəslində insanların bir yerdən digərinə səyahət etməsinin, yerdəyişməsinin də səbəb olduğunu göstərir. Həkim məsləhət görür ki, fiziki məsafəni qorumaq mümkün deyilsə, hətta açıq havada da tibbi maskalardan istifadə edilməlidir. Xüsusən də istirahət yerlərində, turistik məkanlarda fiziki məsafə saxlamaq mümkün görünmür. Ona görə də qoruyucu maskalardan mütləq istifadə edilməlidir. Həmçinin sonuncu vurulan peyvəndin üzərindən 6 ay keçibsə, yenidən peyvənd vurdurmaq məsləhətdir.

Amerikanın “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla bildirib ki, dünyada koronavirusun yayılmasının yeni dalğası artıq başlayıb: “Hələlik insanlar həkimlərin əllərində olan dərmanlar sayəsində adi həyat tərzinə təhlükəsiz şəkildə davam edə bilirlər. Pandemiyanın yeni dalğası başlayıb. Düşünürəm ki, hələ hamı peyvəndin dördüncü dozasını qəbul etməyib və hazırda nəzarət etmək daha çətin olan “omicron” ştamı yayılıb. Peyvənd COVID-19-dan xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalını azaldır.”

Son vaxtlar yoluxma sayında müşahidə olunan  mənfi dinamika  və virusun yeni mutasiyalarının aşkarlanması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmağa çağırır, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator-gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir. Təşkilat COVID-19 peyvəndinin ikinci buster dozası ilə bağlı payız fəsli üçün tövsiyələrini verib.  Məlumatda qeyd olunub ki, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyətə, ÜST-ün Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyasına və “Omicron” ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə peyvəndin ilkin 2 dozası və 1-ci buster dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir. Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə, COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bir sıra addımlar atmalıdır. 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci buster dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələrdə yer alıb.

 

Bəs Azərbaycanda vəziyyət necədir?

Son günlər dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma hallarının artdığının şahidi oluruq. Yoluxanların sayındakı artım, hətta ölüm hallarının qeydə alınması mütəxəssislərdə narahatlıq yaradır. Buna bir sıra faktorların səbəb olduğu bildirilir. Belə ki, istirahət mövsümündən dolayı istər ölkəyə gələn turistlər, istərsə də digər ölkələrə vətəndaşlarımızın gediş-gəlişi, habelə isti hava ilə əlaqədar maskalardan istifadə edilməməsi yoluxanların  sayının yenidən artmasına yol açır. Epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır.  Ölkəmizdəki yoluxma dinamikası intensivləşəcəyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər. Virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var.

 

Meymunçiçəyini də unutmayaq…

COVID-19-la yanaşı, dünyada yeni bir pandemiyanın da olduğunu unutmamalıyıq. Meymunçiçəyi virusu da yayılmaqda davam edir. Onun COVID-19 kimi pandemiya olmadığı deyilsə də, lakin infeksiya ilə əlaqədar həyəcan təbili çalınır. Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi ilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib. O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını deyib. Qebreyesus rəhbərlik etdiyi təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da açıqlayıb.

Virusun yayılma yolları COVID-19-dan daha genişdir. Yayılma sürətinin aşağı, amma aqressivliyinin yüksək olduğu bildirilir. Xəstəlik, əsasən, Avropada geniş yayılsa da, artıq qonşu ölkələrdə – Türkiyə, Gürcüstan, Rusiyada da ilk yoluxma faktları qeydə alınıb. Bu da xəstəliyin qısa zamanda Azərbaycana da gələ biləcəyi ehtimalından xəbər verir.

 

 Virusdan qorunmağın yolları dəyişmir

Təbii ki, yoluxmaların sayı daha çox artsa, ölkədə bəzi məhdudiyyətlərin tətbiqinə başla­nacaq. Bunu isə inanırıq ki, kimsə arzu etmir. Ona görə də meymunçiçəyi və koronavirusun eyni vaxtda yayıldığı şəraitdə gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələri, vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyimiz gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələri tövsiyə olunur.  Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda, vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələri məsləhət görülür. Vəziyyətlə əlaqədar səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Bu  gün yenidən fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması bir nömrəli vəzifə olmalıdır. Unutmayaq ki, ehtiyat igidin yaraşığıdır.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir