cinayet

Yeniyetmələr arasında artan qanlı cinayətlər

Baxış sayı: 426

Son vaxtlar məktəblilər, yeniyetmə və gənclər arasında bıçaqlanma, qətl hadisələri artmağa başlayıb və cəmiyyətdə ciddi narahatlıq doğurur.

Xatırladaq ki, bir neçə gün öncə Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, 11-ci sinif şagirdi olan yeniyetməni özündən iki yaş böyük R.Cəfərov bıçaqlayıb.

Ötən ay Cəlilabad rayonunda da bu cür hadisə baş vermişdi. 17 yaşlı məktəbli pz həmyaşıdı tərəfindən öldürülmüşdü.

Bəs cəmiyyətimizdə son zamanlar yeniyetmələr arasında zorakılığın və qanlı cinayətlərin artmasının səbəbi nədir? Məktəblilər, yeniyetmələr arasında zorakılığın kökündə hansı psixoloji problemlər dayanır?

Rövşən Nəcəfov - Son müsahib (HEKAYƏ) » islahat.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı qeyd edir ki, hər zaman təhsil olmayan cəmiyyətdə cinayət hökm sürür: “Zorakılıq və qanlı cinayətlər adi hala çevrilib, çünki onlar artıq təbliğ olunur, nümayiş etdirilir və istənilən problemin həlli yolu kimi təqdim edilir. Yeniyetməlik dövründə məktəbdə, ailədə və ya cəmiyyətdə düzgün nümunə görməyən gənc, təbii ki, özü də sağlam nümunə yarada bilmir. Elm dəyərdən düşdükcə, cəhalət qəhrəmanlığa çevrilir. Rəqəmsal dünyanın içində elm yoxa çıxıb, ağlın yerini səthi məşhurluq, təhsilin yerini isə bayağılıq tutub. Bu, cəmiyyətin fəlakətidir”.

Rövşən Nəcəfov vurğulayıb ki, hazırda ailələrdə valideynlə uşaq arasında səmimiyyət yoxdur. Uşaqlar öz fikirlərini, hisslərini evdə ifadə edə bilmirlər, dinlənilmədiklərini, başa düşülmədiklərini hiss edirlər: “Bu isə onların psixologiyasında aqressiya, inamsızlıq və yadlaşma yaradır. Sağlam düşüncənin nə olduğunu bilməyən, ailəsində və məktəbində sevgi, anlayış və məsuliyyət görməyən yeniyetmə özünü zorakılıqla ifadə etməyə meyllənir. Valideynlə uşaq arasında uçurum dərinləşir və bu boşluğu sosial şəbəkələr, küçə və təsadüfi dırnaqarası nümunələr doldurur.

Məktəblərin də gücü çatmır. Formal təhsil verilir, amma tərbiyə sistemi yoxdur. Məktəb psixoloqlarının fəaliyyəti genişləndirilməli, onlara real səlahiyyət və resurs verilməlidir. Hər məktəbdə yumşaq bacarıqlar, ünsiyyət, empatiya, məsuliyyət, qərarvermə və emosional idarəetmə üzrə təlimlər keçirilməlidir. Hüquq və psixologiya fənləri məktəb səviyyəsində məcburi şəkildə tədris olunmalıdır ki, gənclər həm öz hüquqlarını, həm də başqasının sərhədlərini anlasınlar.

Cəmiyyət tərbiyə olunmalıdır. Uşağın davranışına görə təkcə ailə deyil, bütöv ictimai mühit cavabdehdir. Biganə qaldığımız hər hadisə sabah bizim qapımızı döyəcək. Heç kimin övladı bu prosesdən sığortalanmayıb. Əgər biz indi bu məsələyə ciddi yanaşmasaq, sabah artıq gec olacaq. Zorakılıqla tərbiyə olunan nəsil zorakılıqla idarə olunan gələcəyi formalaşdıracaq”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir