Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycanda ayaqqabı istehsalı 38 faiz azalıb. Həmçinin istehsalla yanaşı, hazır məhsul ehtiyatında da azalma müşahidə edilir. Belə ki, 1 sentyabr 2023-cü il tarixində hazır məhsul ehtiyatı 5,6 min cüt olub. 2022-ci ilin eyni dövründə isə bu rəqəm 50,8 min cüt idi. Statistika rəqəmləri bunu deməyə əsas verir ki, hazır məhsul ehtiyatı 45,2 min cüt, 89 faiz, yəni 9,1 dəfə azalıb. Bəs bu azalmaların səbəbi nədir?
Azalma yox, əksinə, artım var idi
İqtisadçı Xalid Kərimli dedi ki, 2023-cü ilə qədər ayaqqabı istehsalımızda problem yox idi: “2019-2020-ci ildən etibarən Azərbaycanda istehsal olunan ayaqqabı sayında ciddi artım var idi. 2020-ci ildə 544 min 200 cüt ayaqqabı istehsal edilmişdisə, 2021-ci ildə bu rəqəm 1 milyon 214 min cüt olmuşdu. 2022-ci ildə isə 1 milyon 405 min cüt idi. Azalma 2023-cü ildən müşahidə edilir. İstehsalın üçdəbirindən çox azalması ciddi həyəcan təbili deməkdir”.
X.Kərimlinin sözlərinə görə, ayaqqabı istehsalında xaricdən gətirilən materiallardan istifadə olunur: “Ayaqqabı istehsalında istifadə olunan dəri materiallarını özümüz istehsal etmirik, materiallar xaricdən gəlir. Bu sahədə də xaricdən asılılığımız var. Xaricdən idxal olunub ölkəmizdə emal edilir. Çünki nə dəri malları üçün yerli xammal, nə də ciddi sənaye sahəmiz yoxdur”.
Seçimə alıcı özü qərar verməlidir
İqtisadçı bildirdi ki, xarici məhsullar bazarda yerli məhsulları sıxışdırır, lakin bunun qarşısını almaq mümkün deyil. Çünki o zaman rəqabətli bazar olmaz: “Ayaqqabı qiymətləri də, istehsal həcmləri də bazarda formalaşır. Azərbaycan əhalisinin də sayı artır. Bu da o deməkdir ki, alış həcmində ciddi dəyişiklik yoxdur. İstehsalın azalmasına səbəb yalnız idxalın yerli istehsalı sıxışdırması ola bilər. Yəni yerli məhsulların satışı azalıb deyə, istehsalı artırmayıblar. Lakin mağazalarımızda Türkiyədən, Çindən, Rusiyadan, Avropadan ayaqqabıların mövcud olması heç də pis deyil, əksinə, rəqabətli bazardır. Xarici məhsulların gətirilməsinə maneə yoxdur. Digər ölkələr daha yaxşı dizaynda və şərtlərlə istehsal edirlər. Ona görə hansı ayaqqabını alması alıcıların öz seçimidir. Alıcı var ki, 1500 manatlıq Fransanın, yaxud 1000 manatlıq İtaliyanın ayaqqabısını geyinir. 100 manatlıq yerli istehsalı geyinmək istəmirsə, heç kimi məcbur edə bilmərik”.
Onlayn ticarət də istehsala təsir edir
X.Kərimlinin fikrincə, onlayn ticarət də istehsalın azalmasına səbəb ola bilər: “Son dönəmlərdə insanların onlayn alışlarının artması da istehsalın azalmasını gücləndirən səbəblərdəndir. Onlayn satış platformaları alıcıların seçim imkanlarını əlverişli edir. Lakin yerli istehsal üçün əlavə problemlər, çətinliklər yaradır. Onlar daha ucuz və rahat təklif irəli sürürlər və beləliklə də yerli istehsalı sıxışdırırlar”.
İqtisadçı qeyd etdi ki, azalma ayaqqabı bazarımız üçün heç bir təhlükə ehtiva etmir. Amma sahibkarlara, həmin müəssisələrin iqtisadi göstəricilərinə təsir edə bilər.
Yerli məhsullar onlara uduzur
İqtisadçı Pərviz Heydərov da bildirdi ki, ayaqqabı istehsalının azalmasına təsir edən əsas faktorlar həm onlayn alış-verişdə, həm də yerli mağazalarımızda xarici məhsulların daha üstün tutulmasıdır: “Ayaqqabı istehsalının azalması, anbarlarda məhsul həcminin aşağı enməsi ucuz və keyfiyyətli xarici məhsulların ölkəmizə idxalı ilə əlaqədardır. Həmin məhsullar həm keyfiyyət baxımından, həm də qiymət nöqteyi-nəzərindən yerli məhsulları üstələyir”.
P.Heydərovun fikrincə, əgər istehsalı artırmaq istəyiriksə, müəyyən işlər görməliyik: “Xarici məhsullar daxili bazarda yerli məhsul növlərini sıxışdırırsa, satışını məhdudlaşdırırsa, deməli bizim istehsalımız rəqabətdə onlara uduzur. Yerli istehsal rəqabət qabiliyyətli olmalı, yüksək rəqabətə davam gətirməlidir ki, xarici məhsulların daxili bazarda satışını məhdudlaşdıra bilək. Ona görə burada rəqabət məsələsinə ciddi diqqət yetirilməli, yüksək keyfiyyətli məhsul istehsalı təmin olunmalıdır. Həmçinin istehsalı yaxşılaşdırdıqdan sonra daxili bazardakı xarici məhsulları sıxışdırıb çıxarmalıyıq”.
Ekspertin sözlərinə görə, ayaqqabı istehsalındakı statistik rəqəmlər azalan tendensiya üzrə gedəcək. Əgər istehsal olunan məhsulun satışı qənaətbəxş səviyyədə deyilsə, o istehsal, təbii ki, aşağı düşəcək.
Zərif Salmanlı