y

Yırtıqların əmələ gəlmə səbəbləri və müalicəsi

Baxış sayı: 6. 181

İnsanın qarın divarında zəif yerlər var – göbək, qasıq kanalı, qarının ağ xətti (qarının ortasından gedən xətt).

Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır.

Digər səbəblər arasında – ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə. Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər.

Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur.

Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər. Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır. Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir.

Yırtıqlar özü özündən keçmir və bağlanmır. Burada yeganə müstəsna hal – 5 yaşına kimi olan uşaqlarda göbək yırtıqlarıdır (5 yaşına kimi bu yırtıq özü özündən bağlana bilər).

Yırtığın yeganə müalicə üsulu cərrahi əməliyyatdır. Əməliyyat zamanı bir çox hallarda yırtığın yerini bağlamaq üçün torlu implantant istifadə olunur. Torlu implantantın qoyulması yırtıqların müalicəsinin “qızıl standartı” sayılır. Bu metodikanın sayəsində yırtığın təkrar əmələ gəlməsi riski, demək olar, sıfıra bərabərdir. İmpalantant tək yırtıq qapısını bağlamır, o, həmçinin zəifləmiş birləşdirici toxumanı bərkidir. Faktiki olaraq, yırtığın üzərinə yamaq qoyulur. Tor müəyyən elastikliyə malikdir ki, insana fiziki iş zamanı mane olmur.

Əksər hallarda belə əməliyyatdan sonra xəstə 1 gün ərzində klinikada qalır və sonra evə buraxılır. Xəstə daha tez bərpa olunur, ağrılardan daha az əziyyət çəkir.

Bəzən xəstələr həkimlərə sual verir: mən bandaj taxıram, mənə əməliyyat lazımdırmı?

Bandajın taxılması yırtıq qapısını bağlayaraq orqanların yırtıq kisəsinə çıxmasına imkan vermir. Lakin bu müvəqqəti tədbirdir. Bandaj yırtığı müalicə etmir, yırtığın boğulmasına mane olmur. Əksinə uzun müddət ərzində bandajın taxılması yırtıq kisəsində bitişmələrin və çapıqların əmələ gəlməsinə səbəb olur ki, bu gələcəkdə əməliyyatın həyata keçirməsinə mane olur. Bu səbəbdən bandaj yalnız əməliyytın həyata keçirməsinə ciddi maneələr (məsələn, hamiləlik) olduqda müəyyən müddət ərzində tətbiq oluna bilər. (saglamolun.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir