ABŞ yol hərəkəti ekpertlərinin hesablamalarına görə, ölümlə nəticələnən qəzaların 66 faizi gündüz saatlarında baş verir və 88 faiz sürücü qüsuru ucbatından baş verir. Qüsurlu sürücülərin mürgüləməsi və dalğın olması üçün mütləq həddən artıq yorğun olmaq lazım deyil. İnsan zehni mütəmadi bir xəbərdarlığa məruz qaldığı zaman dalğınlaşır. Məsələn, davamlı eyni ritmdə musiqi dinləyən biri bir müddət sonra başqa şeylərə diqqətini yönəldir və qısa zaman içində o musiqini eşitmir. Eyni ilə tramvay xətti yaxınlığında evlərdə yaşayanlar tramvay səsinə alışdıqları üçün bu səsə qarşı laqeydlik yaranır. Yolun monotonluğu səbəbilə beynin transa düşməsi də eyni vəziyyətdir.
Uzun yol üçün sevdiyiniz musiqi növündən fərqli musiqilər dinləyin. Tempi dəyişən, nizamsız mahnıları ard-arda dinləmək işə yarayacaq”.
Müsahibimiz deyir ki, uzun yola çıxan sürücülər yeməklərinə də diqqətli olmalıdırlar. Belə ki, ac mədə ayıq insan deməkdir. Yemək üçün yolun bitməsini gözləyin. “Çalışın ki, yola çıxdığınız saatlar hər gün yatdığınız saatlara təsadüf etməsin. Uzun yollarda gözlər quruduğu üçün avtomobilinizdə göz damlası saxlayın. Şüşələri arada endirib təmiz hava alın. Telefonunuzun qulaqcığını və ya blutuzunu qulağınıza taxıb oyaq qalmağa çalışın. Əgər yuxunuz gəlirsə, avtomobilinizi kənara çəkib yatın”.
Ölkədə hər il minə yaxın insan avtomobil qəzası zamanı dünyasını dəyişir. Amma təəssüf olsun ki, onların ruh halı və yol hipnozu nəzərə alınmır. Əgər alınsaydı, buna görə xüsusi maarifləndirmə işləri görülə bilərdi. “İnkişaf etmiş ölkələrdə səbəbi tam olaraq təsbit edilə bilməyən qəzalar xırdalığına qədər araşdırılır. Və bu qəzaların əsl səbəbinin “yol hipnozu” olduğu deyilir. Bəzi ölkələrdə sürücülərə “yol hipnozu”ndan qorunmaq üçün kurslar keçirilir. Azərbaycanda isə qəzadan sonra “sürücü səhlənkarlığı” deyilib keçilir” deyən A.İmamverdi bizim ölkədə də sürücülər üçün xüsusi “yol hipnozu” kurslarının təşkilini vacib sayır.
İradə Cəlil