0566da0c-ef6a-45de-a64e-7dc83361364d

Yük qadının əlində, kişinin də əli cibində

Baxış sayı: 540

İnsan övladı olan yerdə hər şey var, deməkdir: yaxşı da, pis də. Necə deyərlər, yaxşı onsuz da bizimdir, pislərdən danışaq ki, bəlkə onları da yaxşıya çevirə bilək.

Beləliklə, bugünkü söhbətimiz kişi və qadının, yəni ər-arvadın, bəzən uşaqları ilə birlikdə market-bazardan alış-veriş edib qayıdarkən dəfələrlə müşahidə etdiyimiz məsələdir: qadının bir əlində ağır sellofan paket, digər əlində isə uşaq, kişi isə əli cibində. Və yaxud da zənbillər qadının əlində, kişi isə sadəcə uşağın əlindən tutub. Əsla narahat olmur ki, mənim həyat yoldaşım ağır paketləri, zənbilləri daşıyır. Onun düşüncəsinə əsasən bunları qadın daşımalıdır. Necə ki, ev işlərini qadın görür, uşağı gəzməyə aparır, tərbiyəsi ilə məşğul olur, gecə ağlayanda sakitləşdirir, yükü də o, daşımalıdır.

Bu arada qadına hörmət edən, zərifliyinə sayğı ilə yanaşan, evdə bütün işləri onunla birlikdə görən, hətta uşaq gecə oyananda belə onu həyat yoldaşı ilə birlikdə sakitləşdirən kişiləri də xatırladaq ki, sonra yazını oxuyanda bizdən inciməsinlər. Bəli, çoxsaylı belə kişilər var. “Qadın nədir, ağır yük qaldırdı nədir”,- deyən, həyat yoldaşı ilə market-bazara gedərkən onu ağır yükə əl atmağa əsla qoymayan, yeri gələndə uşağı da, yükü də özü daşıyan kişilər də var.

Yuxarıda da vurğuladığım kimi, yaxşı yaxşıdır, yaxşı olmayanlardan danışaq ki, bəlkə səhvlərinin nədən ibarət olduğunu dərk edib onlar da yaxşı olmağa çalışalar.

 

Yükü qadın, yoxsa kişi daşımalıdır…

Dəfələrlə müşahidə etmişik ki, yükü qadına daşıtdıran kişilər var. Görmüşük ki, kişi marketdə ərzaq dolu arabanı belə qadına sürdürür. Əli cibində kassaya yaxınlaşır. Burada isə ərzaqları qadın paketlərə yığır, kişi isə yekəxana şəkildə pul kisəsini çıxarır, ödəyir, vəssalam. Yükü daşımaq isə yenə qadının üzərində qalır. Kişi əgər uşaq yanlarında olarsa, ya onu qucağına alır, ya da əlindən tutur, vəzifəsinin yalnız bundan ibarət olduğunu düşünərək.

Lakin kişi həyat yoldaşının ağır yük götürməsinə yol verməməlidir. Əksinə, uşağı qadına verib, yükü götürməlidir. Və yaxud da uşağın əlindən qadın yapışmalı, yük çox olarsa, yüngülvari olandan birini də həyat yoldaşına kömək məqsədilə götürməlidir. Belə olan hal isə, hər kəs razılaşar ki, ən doğrusudur.

Onsuz da qadınlar cəfakeşdir. Ailədə yükün ağırı həmişə onların çiynindədir. Kişilər yükün birini onlara verməsə belə, qadın həyat yoldaşına kömək etməyə can atacaq. Belə isə kişilər də canıyanan olmalı, qadının evdə gün ərzində gördüyü işləri göz önünə gətirməklə, onlara sayğı ilə yanaşmalıdır.

 

Qadına pul verməyən kişilər…

Yükü qadına daşıtdıran kişilərdən söhbət açmışkən, qadına pul verməyən kişilərdən də danışmaq yerinə düşər. Çünki bu da qadına sayğısızlığın bir tərəfidir. Bir dəfə yaxın qohumlardan bir ər-arvadla səfərə çıxmışdıq. Gördüm ki, qadın nə alırsa, ödənişi kişi edir. Bu, başadüşüləndir, bir yerdə olanda, təbii ki, kişi ödəyə bilər. Lakin elə oldu ki, kişilər çayxanada oturmalı, biz isə yenidən alış-verişə getməli olduq. Bu an qadının qəribə bir tərəddüd keçirdiyini hiss etdim. Anladım ki, pul kişinin cibində olduğu üçün qadın bu hala düşür. Belə olanda onun həyat yoldaşına dedim ki, zəhmət olmasa, yoldaşına pul ver, biz alış-verişə gedirik. Məhz mən deyəndən sonra sanki bu adama çatdı ki, doğrudan da, mənim yoldaşım pul olmadan necə alış-veriş edə bilər?..

Marketlərdə də tez-tez buna bənzər hallarla rastlaşmaq olur. Baxırsan ki, qadın nə almaq istəyirsə, həyat yoldaşından icazə alır. Çünki pul ondadır…

Bir dəfə isə elə bir hadisə ilə qarşılaşmışam ki, əsla yadımdan çıxmır. Həyətə göyərti satan gəlmişdi, qapıbir qonşunun onunla dialoqu diqqətimi cəlb etdi. Xanım deyirdi ki, sabah da gələcəksiniz, mən də göyərti almaq istəyirəm. Göyərti satan isə cavabında “sabah yox, o biri gün gələcəyəm”,- dedi. Qonşu: saat neçədə gələcəksinizsə, deyin, mən də gəlib göyərti almaq istəyirəm. Göyərti satan qadın isə, nə üçün indi almırsan ki, dedi. Xanım cavab verdi ki, yox, yoldaşıma demədən ala bilmərəm.

Bu hadisə bəlkə də 10-12 il öncə olub. Lakin bu gün olubmuş kimi o hadisəni əsla unuda bilmirəm. Yəni bəzi kişilər bu qədər qəddardırmı? Qadınlar bu qədər hüquqsuzdur? Qadın əgər evə adi göyərti almaq üçün də həyat yoldaşından icazə almalı olursa, buna həyat demək mümkündürmü?

Əslində isə ailədə büdcə bir olmalıdır. Qadın da, kişi də gəlirini o büdcədə birləşdirməlidir. Və ay ərzində nə alınmalıdır, nə qədər pul xərclənməlidir, bunlar müəyyən edilməlidir. Qadın da, kişi də gəlirə görə hərəkət etməklə əlavə xərclərə yol verməməlidir. Lakin bu demək deyil ki, kişilər maaşı ciblərində gəzdirsin və yaxud da evə pul qoymasınlar ki, həyat yoldaşları göyərti-çörək ala.

Eləcə də harasa səfər edəndə də, market-bazara gedəndə də kişi ilə yanaşı, qadının da pul kisəsində müəyyən qədər pul olmalıdır. Bəzən elə olur ki, yuxarıdakı hadisədə olduğu kimi, alış-veriş ayrı-ayrı istiqamətlərdə olur. Belə olan halda qadın heç nə ala bilməyəcək ki, yanında pul yoxdur.

Yəni bütün bunlar o qədər incə məsələlərdir ki, belə kişilər aradabir düşünməli və nəticə çıxarmalıdır: biz bunu düzgün edirikmi?

 

Market-bazar tanımayan kişilər

Hələ market-bazar tanımayan kişilər də var. Bəs bunlardan nə üçün söhbət açmayaq? Ev işləri, uşağın bağçaya, məktəbə aparıb-gətirməsi ilə yanaşı, market-bazar işlərini də həyat yoldaşına həvalə edən kişilər var. Onlar birdəfəlik ki, bazarın, marketin yolunu bilmirlər.

Qadın səhər uşağın birini məktəbə, birini bağçaya qoyur. Tər-qanın içərisində evə qayıdır. Evi sahmana salır, yemək hazırlayır. Sonra da üz tutur bazara. Ağır yüklərlə evə qayıdır, onları yerbəyer edir. Və bir də hazırlaşıb uşaqların ardınca gedir. Kişi isə axşam işdən qayıdır, əynini dəyişir, əyləşir televizorun önündə. Qarşısına yemək, çay gəlir. Bu arada uşaqlar səs-küy salanda, “ay qız, istirahət edirəm axı, uşağın səsini kəs də”,- deyir. Görəndə ki, yox, evdə narahat oldu, “yaxşı mən bir çıxım, fırlanım, gəlim”,- deyir Və gedir ya çayxanaya, ya da idmana, filana. İki-üç saatdan sonra gəlir. Bu da onun bir günlük həyatı…

Belə kişilərin ən acınacaqlı tərəfi isə olur ki, alış-verişdən xəbəri olmaya-olmaya hələ üstəlik pulun çox xərclənməsi davasını da edirlər. Qadın dillənəndə isə, “məgər bu, mənim vəzifəmdir, vəzifənin nə olduğunu niyə bilmirsən”, deyirlər…

 

Qarşılıqlı hörmət uzunömürlü ailədir

Bəli, əslinə gəlincə, kişi və qadın cəmiyyətdə də, evdə də eyni hüquqlara malikdir. Onlardan heç birinin haqqı yoxdur ki, bu hüquqları nəzərə almasın. Birlikdə həyat yoluna çıxan, bir evdə yaşayan iki insan əl-ələ verib həyatı gözəl yaşamalıdır. Həyat isə o zaman gözəl olur ki, insanlar bir-birilərini anlaya, hörmət bəsləyə bilir.

Ər və arvad ən birincisi, bütün məsələlərə insani hisslərlə, yəni qarşılıqlı sayğı göstərməklə yanaşmalıdır. Qarşılıqlı hörmət olmayanda, bax, yuxarıda sadaladığımın hər biri tez-tez baş verir: kişi qadına sayğı ilə yanaşmır, uşağı da, yükü də ona daşıtdırır, pulu cibində saxlayıb qadını xoşagəlməz vəziyyətdə saxlayır, qadının bir dəstə göyərti belə almağa hüququ, həm də pulu olmur, evdə bütün işlər qadının üzərinə yüklənir və sair. Belə olan halda isə söz-söhbət yaranır, narazılıqlar meydana çıxır. Söz-söhbət olmaması üçün qadın susduqda isə istər-istəməz ürəyində həyat yoldaşına qarşı soyuqluq yaranır. Çünki həyat yoldaşının ona sayğı duymaması onu içdən yaralayır.

Hörmətin qarşılıqlı olması isə uzunömürlü ailə deməkdir. Boşanmaların kulminasiyada olduğu bir dövrdən ötən illərə baxdıqda orada özünə “Qızıl toy”, “Brilyant toy”, “Gümüş toy” edən ailələri görürük. Bilirsiniz, o ailələr nə üçün belə uzunömürlü ola biliblər? Çünki sayğı, hörmət olub o ailələrdə. Ər beli götürəndə, qadın dırmığı götürüb, qadın ləyəni götürəndə, kişi vedrəni götürüb, qadın yemək hazırlayanda, kişi uşağı sakitləşdirib. Kişi arvadına həmişə xərclik verib, qadın isə o xərcliyi özünə deyil, evdə bir çatışmayana xərcləyib. Bazara da bir gediblər, toya da, yasa da. Birlik olublar ki, dirrikləri də olub.

Bəs biz bu qədər gözəl ailə dəyərlərindən nə üçün pay almayaq? Ala bilərik, o zaman ki, yaxşı düşünə bilək. Beləliklə, gəlin yaxşı-yaxşı düşünək, evimizdən, ailəmizdən, bir-birimizdən hörməti, sayğını əsirgəməyək ki, ömür yolu bizlər üçün xoş və yaddaqalan anlarla ötüb keçsin. Sona qalan gözəl xatirələrimiz olsun ki, həmin xatirələr dünəndən bizə qalanlar kimi, bizdən də sabaha qalsın…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir