İş yerində başınızı aşağı salır, özünüzü günün ortasında hədsiz yuxulu hiss edirsiniz? Bu vəziyyətin niyə təhlükəli olduğuna və nə ilə əlaqəli ola biləcəyinə dair danışacağıq.
Müasir insanın həyatı çox vaxt sağlam yuxudan məhrumdur. Yuxusuz bir gecədən sonra erkən qalxmaq və gün ərzində yuxulu olmaq tamamilə normaldır. Ancaq kifayət qədər yatmısınızsa, lakin eyni zamanda hələ də özünüzü yuxulu hiss edirsinizsə, bu, hər hansı sağlamlıq problemlərinizi göstərə bilər.
Davamlı yatmaq istəyinin səbəblərini daha ətraflı nəzərdən keçirək:
Yuxunun olmaması
Gün ərzində yuxulu vəziyyətin ilk və ən açıq səbəbi xroniki yuxusuzluq ola bilər. Bir insanın 7-9 saat, bəzilərinin isə daha çox yatması lazımdır. Əgər gündə 7 saatdan az yatsanız, gün ərzində ayıq və enerjili qalmaq son dərəcə çətin olacaq. Bu, davamlı baş verərsə, o zaman insanda qeyri-kafi yuxu sindromu inkişaf edə bilər – bu, ciddi bir pozuqluqdur, düşüncə və diqqətin pozulmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, yuxunun keyfiyyəti də vacib bir göstəricidir. Yuxu çatışmazlığı tez-tez kifayət qədər yatmış kimi görünən insanlarda baş verir, lakin digər amillər onların kifayət qədər yuxu almasına mane olur. Bu, səs-küy, parlaq işıqlar, uyğun olmayan döşək və ya çox isti olan yorğan ola bilər. Yatan insan özünü mümkün qədər rahat hiss etməlidir, onda yuxu daha keyfiyyətli olacaq.
Fiziki fəaliyyətin olmaması
Oturaq həyat tərzi idmandan qat-qat yorucudur. Nə qədər oturub tərpənməsəniz, bir o qədər uzanmaq və ya yatmaq istəyəcəksiniz. Yalnız iradə bu pis vərdişi aradan qaldırmağa kömək edə bilər.
Müntəzəm olaraq orta fiziki məşqlər etməyə çalışın, bu zaman gün ərzində ayıq və şən olacaqsınız.
Həddən artıq fiziki iş
Bir ifratdan digərinə keçməyə də dəyməz. Həddindən artıq məşq və ya fiziki fəaliyyət yuxu probleminə və gündüz yuxululuğuna səbəb ola bilər. Əgər həddən artıq çox məşq etsəniz, bədənin bərpa olunmağa vaxtı olmayacaq. Həddindən artıq yüklənmə bir çox digər sağlamlıq problemlərinə də səbəb ola bilər.
Yeri gəlmişkən, yatmazdan əvvəl və gecə aktiv olmamalısınız, bu müddət ərzində daha rahat fəaliyyətlərə vaxt ayırmaq yaxşıdır.
Sirkadiyalı ritmlərin pozulması
Sirkadiyalı ritmlər bədənin daxili saatıdır, müəyyən vaxtlarda yuxuya getməyi və oyanmağı tənzimləyir, eyni zamanda gün ərzində enerjinin paylanmasına cavabdehdir. Alatoranlığın başlaması ilə insan orqanizmində yuxuya getməyimizə kömək edən inhibitor mexanizmlər işə düşür.
Problemlər saat qurşaqlarının dəyişməsi, növbəli iş səbəbiylə və hətta bir insanın hər gün fərqli saatda yuxuya getməsi və hər dəfə fərqli vaxtda oyandığı zaman, yəni rejimin olmaması səbəbindən baş verə bilər. Sirkadiyalı ritm pozulduqda insanın yuxu və oyanma dövrləri pozulur. Səhər tezdən işə getməli olduqda və gecə üçə qədər yuxuya gedə bilmədikdə, bu, xroniki yuxusuzluğa səbəb ola bilər.
Zəif qidalanma
Yuxusuzluğun və yorğunluğun aydın səbəblərindən biri çox sadə karbohidratlar yeməkdir. Mürəkkəb karbohidratlardan fərqli olaraq, onlar tez sorulur, qanı qlükoza ilə kəskin şəkildə doydurur. Ancaq sonra qanda şəkərin səviyyəsi də kəskin şəkildə azalır və enerji artımı yox olur və aclıq yenidən başlayır.
Ancaq sadə karbohidratlardan başqa, digər qidalar da yuxululuğa səbəb ola bilər. Yuxu problemlərinin səbəblərindən biri də spirtli içkilərdir, yuxunun strukturunu pozur və bütün orqanizmdə problemlərə gətirib çıxarır. Qəhvə, çay və enerji içkilərinin həddindən artıq istehlakı sinir sisteminin həddindən artıq həyəcanlanmasına səbəb olur. Bu içkilər yuxuya getməkdə problemlər yaradır və sonradan gündüz yuxululuğuna təsir edir.
Həm də ağır şam yeməyi etməməlisiniz, ağır yeməklər mədə-bağırsaq traktını çox yükləyə bilər. Bədən yeməyi həzm etmək üçün çox səy göstərməli olacaq.
Vitamin çatışmazlığı
Yuxululuq tez-tez vitamin və ya mikroelement çatışmazlığından qaynaqlanır. Çox vaxt yorğunluq bu vitaminlərin çatışmazlığı ilə əlaqələndirilə bilər: dəmir, B vitaminləri, Vitamin D və C. Probleminizi həll etmək üçün həkimə müraciət etməyə dəyər.
Xroniki yorğunluq sindromu
XYS bir insanın üç həftə və ya daha çox müddət ərzində enerjisinin olmaması və yorğunluq hissi ilə müşayiət olunan olduqca yayğın bir xəstəlikdir. Daimi və izaholunmaz yorğunluq olur.
Xroniki yorğunluğun simptomları digər xəstəliklərin simptomları ilə eyni ola bilər. Buna görə özünüzə diaqnoz qoymayın. Yalnız həkim dəqiq diaqnoz qoya bilər.
Diabet
Yuxululuq diabetin inkişafının xüsusi əlamətlərindən biridir. Şəkərli diabet xəstələrində qlükozanı qandan hüceyrələrə çatdıran hormon olan insulinin istehsalı pozulur. Əgər insulin azdırsa, hüceyrələr daha az qlükoza alır. Buna görə insan bir pozulma və daimi yuxululuq hiss edəcək. Diabet ciddi bir xəstəlikdir və nəzarət edilmədikdə bir çox fəsadlara səbəb ola bilər. Bədəninizə qulaq asın.
Yuxusuzluğa səbəb olan dərmanlar
Gün ərzində yorğunluğa müəyyən dərmanlar da səbəb ola bilər. Bunlara benzodiazepinlər, qeyri-benzodiazepin sedativlər, antihistaminiklər, antikonvulsanlar, opioid analjeziklər, sedativ antidepresantlar və neyroleptiklər daxildir. Dərmanları yalnız həkim məsləhəti ilə qəbul edə bilərsiniz.
Nubar Süleymanova