Yuxuda olarkən göz bəbəklərinin göz qapaqları altında hərəkəti artıq neçə illərdir ki, məlumdur. Yuxunun paradoksal fazasında gözlərin tez-tez hərəkəti zamanı insan yuxu görür. Lakin gözlər həmin anda heç nə görmür. Bəs onlar niyə tərpənir?
“Gencaile.az” “nkj.ru” saytına istinadla xəbər verir ki, İsrail alimləri insan yuxuda olarkən gözlərin tez-tez hərəkətini tədqiq ediblər. Onların tədqiqat obyekti yuxugörmə, gözlərin hərəkəti, beyinin çox yüksək fəallığı olub. Bunun üçün alimlər layihələrində cərrahiyyə əməliyyatı keçiriləcək epilepsiya xəstələri arasından 19 könüllü seçiblər. Eksperiment zamanı 10 gün ərzində xəstələrin beyin yarımkürələrinə elektrodlar qoşulub. Alimlərin dediyinə görə, onlar görmə və yaddaşı idarə edən gicgah nahiyəsində neyronların fəallıq dərəcəsini qeydə alıblar.
Təcrübə göstərib ki, gözümüzün qarşısında hər hansı bir təsviri canlandıranda, neyronlar fəallaşmağa başlayır, beyinə siqnal gedir. Eləcə də yuxu zamanı “kadrlar dəyişən an”da gözlər qeyri-ixtiyarı hərəkət edir.
Alimlərin mülahizələrinə görə, gözlərin qeyri-ixtiyari hərəkəti anında beyinin fəallığı ayıq vaxtındakı fəallığına bərabər olur.