İnsanların əksər hissəsi yuxuda xoruldamanın təhlükəli olduğundan bixəbərdir.
Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Buna tibdə “yuxunun obstruktiv apnoe sindromu” deyilir və bu ciddi xəstəlik sayılır. Yuxuda xoruldama bu xəstəliyin əsas simptomu sayılır.
Yuxu zamanı udlaq əzələləri ciddi zəifləyir, bunun nəticəsində nəfəs yolları tam qapana bilər ki bu, nəfəsalmanın dayanmasına səbəb olacaq. Nəfəsalma kəsildikdə beyin bu haqda məlumat alır və dərhal nəfəs yollarına impuls göndərir. Nəticədə nəfəsalma bərpa olunur. Gecə ərzində bu hal bir neçə dəfə təkrarlana bilər.
Nəfəsalmanın müvəqqəti dayanması insanın orqanizmi üçün izsiz keçmir. Bu zaman insan orqanizmi oksigenin çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Bu orqanların fəaliyyəti üçün xüsusilə çox oksigen tələb olunur. Məhz bu səbəbdən belə insanları gecə saatlarında stenokardiya tutmaları narahat edir. Həmçinin bu insanlarda gecə saatlarında insult və infarkt kimi ağır pozulmalar inkişaf edə bilər.
Bundan əlavə nəfəsalmanın dayanması zamanı arterial təzyiq müvəqqəti kəskin qalxır. Əgər bu hal daim təkrarlanırsa, bu nəticədə insanda hipertoniyanın inkişafına səbəb ola bilər.
Yuxunun obstruktiv apnoe sindromu olan insan tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, özünü daim yorğun hiss edir, onlarda yaddaş və diqqət zəifləyir. Belə insanlardan belə şikayətlər eşitmək olur: “Elə bil gecə yatmamışam, yük daşımışam”.
Yuxunun obstruktiv apnoe sindromu bədən çəkisinin “səbəbsiz” artmasına gətirib çıxarda bilər.
Kişilərdə apnoe potensiyanın və cinsi meylin zəiflənməsinə səbəb olur, hətta impotensiyanın inkişafına gətirib çıxarda bilər.
Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olur ki, yuxunun obstruktiv apnoe sindromu mütləq müalicə olunmalıdır. İlk növbədə bu sindroma səbəb olan amillər təyin olunmalıdır.
Yuxunun obstruktiv apnoe sindromu daha tez-tez hallarda bu kimi qrup insanlarda inkişaf edir:
– nəfəs yollarında pozulmaları (burun çəpərinin əyriliyi, burunda poliplər, böyümüş adenoidlər və badamçıqlar, damaq dilçiyin uzun olması və s.) olan insanlar;
– piylənmədən əziyyət çəkən insanlar,
– yaşlı insanlar.
Qalxanvari vəzinin funksiyanın zəifləməsi və həmçinin qadınlarda klimaks dövrü bu sindromun inkişafına təkan verə bilər. Xroniki yorğunluq, yuxunun az olması, siqaret çəkmək, yuxu dərmanların və sakitləşdirici preparatların qəbulu da sindromun inkişafına səbəb ola bilər.
Yuxuda daim xoruldayan insan mütləq terapevtin, LOR-həkimin və endokrinoloqun müayinsəindən keçməlidir.
Yuxunun obstruktiv apnoe sindromu olan insan yalnız böyürü üstə yatmalıdır (bel üstə yox!), onun yastığı hündür olmalıdır.
Bəzi hallarda həkim belə xəstəyə ağız və burun üçün olan xüsusi vasitələr tövsiyə edir. Bu vasitələr nəfəs yollarını genişləndirir və nəfəsalmanın dayanmasının qarşısını alır. (saglamolun.az)