senedsiz evler

Zəlzələdən sonra həyət evləri bahalaşacaq? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 699

İki gün öncə baş verən zəlzələdən sonra əhali arasında müəyyən narahatlıq yaranıb. Yayılan xəbərlərə görə, zəlzələ fərdi evlərə təlabatı artırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, həyət evlərində müşahidə edilən qiymət artımı zəlzələ ilə bağlı deyil. Bu proses may ayından başlayıb.

“Hər il may aylarından başlayaraq avqust ayınadək həyət evlərinə təlabat artır. Baş verən zəlzələdən sonra həyət evlərinə maraq bir qədər artsa da, bu birdən-birə həyət evlərinin qiymətini kəskin bahalaşdıra bilməz. Düzdür, zəlzələ xəbəri qısa zamanda hündürmərtəbəli binalara alıcılıq qabiliyyətini aşağı salacaq. Amma nəzərə almaq lazımdır ki, son illlər satılan evlər kreditli şərtlərlə satılan evlərdir. Kreditlə satılan evlərə isə çıxarış tələb olunur. Həyət evlərini isə kreditlə almaq çətindir. Fərdi yaşayış evlərini ancaq nağd şəkildə almaq mümkündür. Əhalinin çox az hissəsinin nağd ev almağa maddi imkanı çatır. Ona görə də, qısa zamanda hamının kütləvi şəkildə fərdi yaşayış evi alması mümkün deyil” , – deyə ekspert bildirir.

elnur ferzeliyev

E.Fərzəliyev deyir ki, fərdi yaşayış evlərinin qiyməti 20-25 faiz arta bilər. O, bildirib ki, Azərbaycanda əmlakların qiyməti baha olduğundan, zəlzələ ciddi təlafat yaratdığı halda fərdi yaşayış evlərinə kütləvi axın ola bilər.

Ev-alqı satqısı ilə məşğul olan “makler”lər də qiymətlərdə bahalaşma gözlənildiyini bildirirlər. Ev alqı-satqısı ilə məşğul olan İlqar Abbasov deyir ki, gecə baş verən zəlzələdən sonra fərdi yaşayış evlərinə kəskin təlabat müşahidə olunmasa da, ümumilikdə son illər həyət evlərinə maraq artıb.

Həmsöhbətimiz Türkiyədə baş vermiş zəlzələdən sonra fərdi yaşayış evlərinin qiymətində 10-15 min manat civarında bahalaşma olduğunu bildirdi. Onun sözlərinə görə, gecə baş verən zəlzələ dağıntıya səbəb olmadığından, fərdi yaşayış evlərinə tələbatda kəskin artım yoxdur. Pandemiya və Türkiyədə baş verən zəlzələdən sonra insanlar torpaq alıb ev tikməyə, fərdi yaşayış evi almağa daha çox maraq göstərir. Bununla belə, İ.Abbasov hündürmərtəbəli yeni yaşayış binalarına da tələbatın qaldığını söylədi.

İ. Abbasov deyir ki, həyət evləri Bakı ətrafı ilə müqayisədə şəhərdə daha bahadır. Şəhərdə fərdi yaşayış evlərinin qiyməti milyonlarla ölçülür. Şəhərdən kənar qəsəbələrdə isə fərdi yaşayış evlərinin qiyməti son bir ildə xeyli bahalaşıb. Belə ki, əvvəl Bakı ətrafında 35 min manata fərdi həyət evi almaq mümkün idisə, indi bu qiymətlər 45-47 min manatdan bahadır.

Ekspert son illər Bakı ətrafı ərazilərdə boş torpaq sahələrinin də azaldığını söyləyib. Bu isə fərdi yaşayış evlərinin bahalaşmasına gətirib çıxarıb.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir