teqvim

Zənginlər işləyir, kasıblar bayram edir? – Alın, bizdən də rekord

Baxış sayı: 643
Bir çox hallarda mart ayını “bayram ayı” adlandırırıq. Səbəbi də bir çoxumuza məlum olduğu kimi bu ayda bayram günlərinin çox olmasıdır. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, mart ayında qeyd edilən 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı qeyri-iş günləri hesab edilir. Ölkə reallığına görə, həmin günləri qeyri-iş günü kimi istirahət edənlər də olur, istəyərək və ya məcburən iş başında keçirənlər də.Lakin bayram günlərini kimin necə keçirməsindən asılı olmayaraq, rəsmi formada qeyri-iş günü hesab edildiyindən bir sıra sahələr fəaliyyətini dayandırır. Bu da bir çox insanın işinə əngəl törədir. Kimi sözün həqiqi mənasında, bayram edərkən, kimi də bayram günlərinin bitməsini, işlərinin yenidən öz yoluna düşməsini gözləyir.

Belə olduğu halda, bayramla əlaqəli bu qədər çox qeyri-iş günlərinin faydası daha çoxdur, yoxsa ziyanı?

İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, bayramla əlaqəli qeyri-iş günlərinin sayının çox olması heç də ürəkaçan deyil: “Belə ki, bayram günləri həftə sonuna təsadüf etdikdə həmin günlərin iş günü ilə əvəzlənməsini doğru hesab etmirəm. Yerdəyişmə olduqda bayram günlərinin sayı artır. Bizdə hazırda 360 günün 40%-i qeyri-iş günüdür. Bu da kifayət qədər çoxdur. Bu göstərici də ancaq az inkişaf etmiş ölkələrdə belədir. Heç bir Avropa ölkəsində bu qədər tətil verilmir. Həmçinin qeyd etməliyəm ki, sözügedən ölkələrin sənayesi inkişaf edib və sənayesi inkişaf etmiş ölkələrdə istirahət günlərinin sayının çox olması imkansızdır. Bizdə isə sənaye inkişaf etməyib”.

“Digər bir məqam isə bayram günlərində bir sıra sektorların fəaliyyətinin dayanmasıdır. Bu halda həmin sektorlar zərərə düşmüş olur. Bank sektorunda bayramla əlaqəli qeyri-iş günlərində heç bir əməliyyat aparılmır. Bu, xarici ticarətlə məşğul olan şirkətlərin də işinə mane olur. Əməliyyat aparılmadığından idxal-ixrac əməliyyatları iflic olur. Baxmayaraq ki, banklarımız onlayn xidmət göstərir, amma bayram günlərində fəaliyyətlərini dayandırırlar. Bu da ölkədaxili, ölkəxarici ticarət fəaliyyətinə çox mənfi təsir göstərir. Dövlət orqanları da işləmir. İnsanların hansısa xidmət almaq imkanları məhdudlaşır. Məsələn, kimsə şəxsiyyət vəsiqəsi almaq, yeniləmək istəyir, lakin bayrama görə məcburən gecikmiş olur və s. Bunlar da özlüyündə iqtisadi aktiviyə mənfi təsir göstərən amillərdir”, – deyə həmsöhbətimiz bildirir.

Ekspert həmçinin deyir ki, inkişaf etmiş Avropa və Asiya ölkələrində il ərzində bayramla əlaqəli qeyri-iş günlərinin sayı 9-12 gündür: “Bayram günləri qeyri-iş günlərinə düşdükdə bizdəki kimi əvəzlənmə olmur. İnkişafda olan – Hindisatn, Pakistan və bəzi Afrika ölkələrində bu günlərin sayı 15-dən çoxdur. Bizdə isə belə günlərin sayı 19-21 gündür. Bayram günlərinin sayının çoxluğuna görə dünyada birinci yerə çıxmaq üzrəyik. Bizdəki kimi bayram günlərinin bu qədər çox olmasının heç bir iqtisadi qanunauyğunluğu yoxdur. Bəzi ölkələrdə qəbul edilmiş qaydalara əsasən, qeyri-iş günü olan bayram günlərinin sayı il ərzində 12 gündən çox ola bilməz. Bu, iqtisadi inkişaf üçün nəzərdə tutulmuş optimal rəqəm hesab olunur. Çünki il ərzində qeyri-iş günlərindən əlavə, məzuniyyət günləri də var”.

“Təbii ki, bayramın bu qədər uzun çəkməsi insanların büdcəsinə də təsir edir. Biz bayrama mümkün qədər yaxşı hazırlaşır, çox önəm veririk. Milli adət-ənənələri qorumağı, bayram günlərində qonaq getməyi, qonaq qəbul etməyi sevirik. Bayram günlərinin də sayı artdıqca insanların alış-verişə tələbatı çoxalır. Tələbat çoxalanda da qiymətlər yüksəlir. Bu, çox sadə iqtisadi qanunauyğunluqdur. Buna görə Qurban bayramında ətin, Novruz bayramında çərəzlərin, 8 Martda gülün və s. qiyməti artır. Təbii ki, bu da insanların büdcəsinə təsirsiz ötüşmür”, – deyə mütəxəssis fikrini davam etdirib.

Onun sözlərinə görə, bayramla bağlı qeyri-iş günləri çox olduqda insanlar xarici ölkələrə üz tuturlar və bu zaman da ölkədən xeyli valyuta axını olur: “Məsələnin digər ürəkaçan tərəfi odur ki, hazırda pandemiya davam etdiyindən bu bayramda xarici ölkələrə axının az olduğunu müşahidə etdik. Əvvəlki illərdə daha çox insan bayram günlərində xarici ölkələrə üz tuturdu. Bu zaman da bizdən xeyli valyuta axını olurdu. 2019-cu ildə bizdən xaricə 6 milyon turist gedib. Bu da o deməkdir ki, həmin adamlar ölkədən özləri ilə külli-miqdarda valyuta çıxarıblar”.

“Lakin bu, o demək deyil ki, bunlar olmamalıdır. İnsanların gəzmək, istirahət hüququ var. Sadəcə bizim iqtisadiyyatımız hələ tam inkişaf etməyib. Dünyanın heç bir inkişaf etmiş iqtisadiyyata sahib ölkəsində bu qədər tətil yoxdur. Statistika da göstərir ki, iqtisadiyyatı inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdə tətil günləri daha çoxdur. Bir çox iqtisadçı alimlər də da hesab edirlər ki, inkişafda olan ölkələrdə tətil günlərinin sayının çox olmasının səbəbi insanların başını müəyyən qədər qatmaq, ciddi problemlərdən uzaqlaşdırmaq üçündür”, – deyə Kərimli vurğulayır.

Müsahibimiz qeyri-iş günlərinin sayının çox olması ilə bağlı yaşanan problemlərdən danışarkən digər məqamlara da toxunub: “Bayram günlərinin sayı artanda insanlar rayonlara üz tuturlar. Düzdür, bu zaman rayonlarda xidmət sektorunda canlanma olur. Lakin bizdə tənzimləmə olmadığından pərakəndəlik var və bu cür hallar bahalaşma ilə nəticələnir. Çünki rəqabət mühiti məhduddur. Bunu da qeyd etmək yerinə düşər ki, bu bayram günlərində xidmət sektorunda işləyən çox sayda insan var. Onlar bayram günlərində də iş başında oldular. Bayram günlərində işləməyin bir problemi yoxdur, amma əmək qanunvericiliyinə görə, məvacibdə bu amil nəzərə alınmalıdır. Bizdə isə işçilər istismar olunurlar. Müqavilə ilə işləyən bir çox işçilər bu bayram günlərində də iş başında olsalar da, həmin günlər üçün əlavə əməkhaqqı almırlar”.

“Tətil günlərinin bu qədər davam etməsi təhsil proqamına də öz mənfi təsirini göstərir. Bizim təhsil proqramı onsuz da ağırdır. Bayram günlərinin bu qədər uzun müddət davam etməsi proqramın daha da sıxılmasına məcbur edir. Nəticədə tətildən qayıdan şagird, tələbə daha artıq dərs yükü götürmək məcburiyyətində qalır”, – deyə ekspert fikrini yekunlaşdırdı.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir