teker

Zibilliyə atılan milyonlarla köhnə təkərin aqibəti necə olacaq?

Baxış sayı: 1. 758

Azərbaycanda milyon yarımdan çox fəal istifadə olunan avtomobil var. Bu avtomobillərin orta hesabla iki ildən bir şinləri dəyişdirilir. Ekspertlərin hesablamalarına görə, hər il təxminən 1 milyona yaxın köhnə avtomobil şini zibilliyə atılır. Bakının kənar qəsəbələrində heç kimə lazım olmayan belə şinlərdən ibarət qəbiristanlıqlara rast gəlmək olar. Bəzən isə yer tutmamaq üçün onları elə atıldıqları zibillikdə yandırırlar. Təkərlərin tərkibi isə müxtəlif kimyəvi maddələrin qarışığından ibarət olduğundan, yandırılarkən çıxan tüstü ətrafda yaşayanlar üçün ciddi təhlükə mənbəyidir.

Atılan təkərlərin təbii yolla eroziyaya uğraması uzun illərdən sonra gerçəkləşir və əgər təkər eroziyaya uğrayaraq torpağa qarışarsa, həmin torpağı da yararsız hala salır. Əslində, kifayət qədər qiymətli material hesab olunan avtomobil şinlərinin təkrar emalı mümkün deyilmi? Ətraf mühitə və cibimizə ziyan vurmaqdansa, bu qədər köhnə şini utilizasiya edərək, həm də gəlir əldə etmək olmazmı?

Maraqlıdır ki, ölkədə köhnə şinlərin təkrar emalı ilə məşğul olan heç bir zavod yoxdur. Zibilliyə atılan köhnə şinlərin bir hissəsi “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən sənaye parkına qədər gəlib çıxsa da, təkrar emal müəssisələrinin olmaması onların gələcək taleyini anbara bağlayır.

 

Anbarda “ikinci bahar”ını gözləyən köhnə şinlər

“Təmiz Şəhər” ASC təkərlərin emalı ilə məşğul olmur. Bizim sənaye parkına zibillərin içərisində köhnə avtomobil şinləri də gəlir, amma onları yandırmaq mümkün deyil: gec yanır, atmosferi çirkləndirir. Şinlərin utilizisiyası ilə məşğul olan zavod olmadığından, biz onları digər tullantılardan ayıraraq xüsusi anbarda saxlayırıq. Düşünürük ki, gələcəkdə rezident olsa, onlardan istifadə oluna bilər”, – deyə ASC-nin mətbuat xidmətinin rəhbəri E.Məlikov bildirib.

Dünyanın bir çox ölkələrində, bizdən fərqli olaraq, istismar müddəti bitmiş təkərlər yığılaraq təkrar emal edilir. Mütəxəssislər hesab edir ki, utilizasiya sayəsində iqtisadiyyatda ciddi irəliləyiş əldə etmək mümkündür.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, köhnə şinlərdən daha çox kimya sənayesində istifadə olunur, onlardan aşağı keyfiyyətli polimerlər, zibil paketləri hazırlanır. Bəzən isə dənəvər halda asfaltın tərkibinə qatılır.

 

Dünya köhnə şinlərdən belə istifadə edir

Məsələn, Almaniyada yolların asfaltlanmasında köhnə şinlərdən istifadə olunur. Asfalt qatı bu zaman daha uzunömürlü olur, həm də həmin istiqamətə daha az maliyyə vəsaiti xərclənir. Gürcüstanda isə artıq avtomobil şinlərinin təkrar emalı üçün zavod inşa edilib. Zavodun aylıq emal gücü 10 min tondur və xammal olaraq hər ay 4 tondan çox kauçuk-rezin, 1 tona yaxın dəmir məftil emal edilir. Emal edilən kauçuk-rezinin 30 faizi yerli tələbatın ödənilməsinə sərf edilir. Qalan 70 faiz isə Çin, Türkiyə və İran kimi ölkələrə satılır.

Avtomobil şinlərinin utilizasiyası problemini rusiyalı alimlər də həll ediblər. Mütəxəssislər şinləri xüsusi reaktorlarda tamamilə həll edirlər. İndiyə qədər rezin şinlərinin emalının ən geniş yayılmış üsulu onların xırdalanması idi. Neftçilər isə bütün işlənmiş rezinin onun fasiləsiz həll edilməsi yolu ilə ekoloji cəhətdən təmiz emal üsulunu ixtira ediblər. Bunun üçün şinlər xüsusi avtoklavda yerləşdirilir və xüsusi məhlul əlavə edilir. Daha sonra reaktorda temperatur artırılır və lazımi təzyiq verilir. Nəticədə, avtorezin həll olunur. Alınmış kütlədən yüksək oktanlı benzin və mazutun komponenti olan texniki karbon almaq mümkündür.

Ə.Hüseynov deyir ki, xarici ölkələrdə, o cümlədən, qonşu Gürcüstanda köhnə şinlər emal edilsə də, Azərbaycandan təkərləri ora apararaq utilizasiya etmək baha başa gəlir. Görünür, bu məsələdə yeganə yol Azərbaycanda da qonşu ölkələrin təcrübəsinin tətbiqidir.

 

Zavod açmaq mümkündür, dövlət heç bir vəsait ayırmasa belə…

İqtisadçılar hesab edirlər ki, ölkəmizdə bu qədər tullantı təkər olduğu halda, şinləri, rezin texniki məmulatları, mühərrik və sürtkü yağlarnıı xaricdən maya dəyərindən bir neçə dəfə baha qiymətə alaraq ölkəyə gətirmək cibimizə ziyan vurmaqdan başqa bir şey deyil. Halbuki, Azərbaycan vaxtilə Qafqazın ən böyük şin zavodlarına sahib olub. Bu gün də ölkə öz daxili tələbatını ödəməyə və hətta rezin-kauçuk ixracını gerçəkləşdirməyə qadir ola bilər.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu sahə rentabellidir və dövlət heç bir vəsait ayırmadan belə zavodlar açıla bilər:

“Bu cür müəssisələrin yaradılması üçün stimullaşdırıcı tədbirlərlə investorları cəlb edə bilərik. Onları vergi güzəştlərindən azad edərək subsidiyalar təklif edə bilərik. Həmin istehsal sahələrini formalaşdırmaqla Azərbaycanda atılan məhsullardan yeni məhsullar əldə etmək olar. Bu, həm ekoloji baxımdan sərfəlidir, həm də yeni iş yerlərinin açılması, məşğulluq probleminin həlli deməkdir”, – deyə V. Bayramov bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir