Ləl-cəvahirat seçərkən diqqət edilməli bir çox məqam var. Zərgərlərin sözlərinə görə, ləl-cəvahirat seçimində dəri tonu, saç rəngi və üz quruluşu mühüm rol oynayır. Əvvəlcə dəri rənginə, sonra isə saç tonuna diqqət yetirmək lazımdır.
“Gencaile.az” “Publika.az”-a istinadən bu məqalədə xanımları zinət əşyası alan zaman diqqət etməli olduğu vacib detallarla tanış edib.
Dəri rəngini müəyyən edin
İlk növbədə dəri tonunu tapın. Əgər alt dəri tonu çəhrayı və ya qırmızıdırsa, damarlar isə mavidirsə, sizin dəri tonunuz soyuq kateqoriyasına aid edilir. Əgər alt dəri tonu sarı çalarlardadırsa və damarlar yaşıltəhərdirsə, dəri tonu isti kateqoriyasına daxil edilir.
Dəri rəngi ilə metalların uyğunluğu
Metallar da eyni ilə dəri kimi soyuq və isti tonlara ayrılır. Soyuq metal tonları adətən ağ və boz çalarlardır. Bunlara gümüş, platin, titanyum, paslanmaz polad və ağ qızılı misal göstərmək olar. İsti metal tonları isə əsasən qəhvəyi və sarımtıl rənglərdir. Bunlara misal olaraq sarı qızıl və misi göstərmək olar.
Dəri rəngi ilə daşların uyğunluğu
Seçdiyiniz zinət əşyalarının üzərində işlənilən daşlar dərini olduğundan daha cəlbedici və canlı göstərmək gücünə malikdir.
Əlbəttə ki, səhv seçim dəri rənginin solğun görünməsinə səbəb olacaq. Odur ki, ləl-cəvahirat alanda dəri rəngini mütləq nəzərə alın.
Əgər dəri tonu isti kateqoriyasına daxildirsə, onda siz çəhrayı, qırmızı, mavi, bənövşəyi və yaşıl kimi canlı rənglərə üstünlük verməlisiniz.
Əgər dəri tonu soyuq kateqoriyaya aid edilirsə, bu halda narıncı, qəhvəyi, sarı və göy kimi tonları seçərək dərini rəngini balanslaya bilərsiniz.
Saç rənginin rolu
Saçların rolu az ən azı dəri qədər önəmlidir. Əgər saçlarınız qızılı çalarlarındadırsa, mavi və yaşıl tonlarında olan zinət əşyalarını seçin. Saç rənginiz sarıdırsa, onda çəhrayı və bənövşəyi tonları sizin üçün ideal olacaq.
Soyuq dəri tonuna malik olan qəhvəyi saçlı xanımlar qara, qırmızı və neon çəhrayı tonlarına üstünlük verməlidir. İsti dəri tonuna malik olan qəhvəyi saçlı xanımlar üçünsə qırmızı, narıncı və qəhvəyi tonları doğru seçim olacaq.
Qızılı və kürən saçlı saçlı xanımlara ən çox qum rəngi, qara saçlı xanımlara isə mavi, zümrüd yaşlı və canlı bənövşəyi tonları daha yaxşı yaraşır.