Dünyada hər il qalxanabənzər vəzi xəstələrinin sayı 5% artır. Azərbaycanda da bu vəziyyət müşahidə edilir. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Saleki Respublika Klinik Xəstəxanasında 25 may – Ümumdünya Qalxanabənzər Vəzi Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2017-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə dispanser qeydiyyatına 16 986 nəfər götürülüb. Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz, 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir.
B.Saleki qeyd edib ki, Azərbaycanda qalxanabənzər vəzi xəstəliyindən (zob) əziyyət çəkən xəstələrin sayı statistik rəqəmlərdən qat-qat artıqdır. Bunlar da əsasən rayondan gələn və şəhər qeydiyyatı olmayanlardır: “Çox zaman xəstələr qeydiyyata düşməmək üçün müraciət etmirlər. Çox zaman onlar qonşular, tanış həkimlər və ya kiminsə tanışlığı ilə şəxsi klinikalar və ya şəxsi tanışların yanına gedirlər. Buna görə də ölkədə zob xəstələrinin sayı statistik rəqəmlərdən çoxdur”.
B.Saleki əlavə edib ki, qalxanvari xəstəliklərin bir növü də funksiyasının hissəvi və ya daimi çatışmazlığı nəticəsində meydana çıxan hipoteriozdur. Bu xəstəlik 99 % hallarda ömürlük olur və onun müalicəsi üçün yazılan dərman ömürlük qəbul edilməlidir. Belə xəstələr 3-6 aydan bir, ya da ən azı ildə 1 dəfə endokrinoloq müayinəsindən keçməli və hormonlar yoxlanılmalıdır: “Hipoterioz adətən qadınlarda müşahidə olunur. Onlar hamilə olduğu zaman bəzi həkimlər bildirir ki, hamiləlik vaxtı dərman qəbul etməyin. Bu düzgün deyil. Hipoterioz olduqda, hamiləlik zamanı qalxanabənzər vəzin hormonları mütəmadi olaraq qəbul edilməlidir. Bunu qəbul etməyəndə dölyanı sular bulanır, döl özü şişkin olur və nəticədə zehni cəhətdən geri qalmış uşaqlar anadan olur. Uşaqlarda müşahidə olunan anadangəlmə hipoterioz nadir xəstəliklər sırasındadır. Bu xəstəlik vaxtında müalicə və müayinə olunarsa, uşaq normal böyüyür, əks halda, valideynlər hamiləlik zamanı düzgün müayinə aparılmadıqda, 10 yaşlı uşağın zehni 4 yaşlı uşağın zehni kimi çalışır”.
B.Saleki onu da bildirib ki, dünyada 665 milyondan artıq insan yod çatışmazlığı və zob xəstəliyindən əziyyət çəkir. 1 milyon yarım adam isə yod defisiti ilə qarşılaşmaq riski yaşayır.
Bəs görəsən xəstəlikdən əziyyət çəkənlərin sayı niyə ildən-ilə artır? Bunun qarşısını necə almaq olar?
Həkim-terapevt Elnur Rəhimov deyir ki, zob xəstəliyinin geniş yayılmasının əsas səbəblərindən biri qida rasionumuzun və içdiyimiz suyun tərkibində yodun az olması ilə bağlıdır: “Ümumiyyətlə, əksər qidaların tərkibində bizə lazım olan yod tərkibi azdır. Lakin bəzən zob xəstəliyi yodun çatışmazlığı, bəzən isə artıqlığı ilə yarana bilir. Yəni, bu o demək deyil ki, hər kəsdə zob ancaq yod çatışmazlığından yaranır. Digər səbəblərdən biri də bizim gündəlik qidalarımızda dəniz məhsullarından az istifadə etməyimizdir. Bu məhsullar bizə lazım olan faydalı minerallarla zəngindir. Bizim gündəlik qida rasionunda istifadə etdiyimiz balıqların əksəriyyəti vətəgə, şirin su balıqlarıdır. Dənizdən çıxan balıqdan daha az istifadə edilir. Halbuki, dəniz balıqları orqanizm üçün daha faydalıdır. Əsas səbəblərdən başqa biri də stress hesab olunur. Mən Türkiyədə işləyəndə də bununla tez-tez rastlaşırdım. Xəstələrin əksəriyyətində problem məhz stresslə bağlı olurdu. Çünki stress keçirdiyimiz zaman orqanizm maqnezium itirir. Maqnezium isə bizim orqanizmimiz üçün çox vacib mikroelementdir. Bu zaman qalxanabənzər vəzin hormonlarının idarə edilməsində yanlış, yəni tərs mexanizm başlayır. Bu da zob kimi xəstəliklərin artmasına gətirib çıxarır. Qeyd edim ki, qalxanabənzər vəzin xəstəliklərinə təkcə zob aid deyil. Zob qalxanabənzər xəstəliklərinin təkcə bir növüdür. İnsanlarda bu haqda yanlış təsəvvür formalaşıb. Hər kəs elə bilir ki, boğazda yaranan bütün xəstəliklər zob adlanır. Yuxarıda qeyd etdiyim amillər qalxanabənzər vəz xəstəliklərinin hər birinə aiddir. Bəzən insanlar bu xəstəliklərə laqeyd yanaşırlar. Bu zaman düyünlərin sayı artır və həcmi böyüyür. Müalicə olunmadıqda, bu düyünlər bədxassəli törəməyə çevrilə bilir. Bəzən xəstə hətta ağır böhran keçirə bilər. Göz qapaqları, ayaqlar şişir, qan aşağı düşür. Xəstəliyin yüksək dərəcəli növündə ishal da olur”.
E.Rəhimovun sözlərinə görə, qalxanabənzər vəzi xəstəliyinin bəzi növlərində xəstə sürətlə arıqlayır. Hipoteriozda isə bunun tam əksinə olaraq xəstə şişmanlaşır: “Bu zaman qalxanabənzər vəz normadan artıq və ya az çalışır. Əgər xəstədə əsəb problemləri, ürək döyüntüləri varsa və bağırsaqda dəyişikliklər yaranırsa, bu zaman mütləq endokrinoloqa müraciət etmək lazımdır. Hazırda qalxanabənzər vəz xəstəlikləri içərisində autoimmun xəstəliyi daha çox artıb. Bu xəstəlik zamanı orqanizm özündə olan yodu istifadə edə bilmir. Autoimmun qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha çox inkişaf edir. Yaxşı olardı ki, zob xəstəliyi olan insanlar yodla zəngin olan qida məhsullarından daha çox istifadə etsinlər. Bitkilərdən qalxan qaytarma, laminariya, feyxoadan istifadə edilməsi məsləhətdir. Həmçinin dağ duzundan istifadə etmək daha məsləhətlidir”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, qalxanabənzər vəzi xəstəlikləri hormonlarla bağlıdır: “Hormonları idarə edən sinir sistemləridir. İnsan narahatlıq, stress, həyəcan keçirdikdə, orqanizmdə hormonal xəstəliklərin də sayı artır. Hormonal xəstəliklər arasında ən çox şəkərli diabet, zob xəstəliyi geniş yayılıb. Artıq zob xəstəliyinə uşaqlarda da rast gəlinir. Bu da ananın hamiləlik zamanı keçirdiyi stresslə bağlıdır. Digər tərəfdən, müasir həyat tərzi də yeniyetmə və uşaqlarda bu xəstəliyin yaranmasına səbəb olur. Qalxanabənzər vəz xəstəliklərinə daha çox qadınlar arasında rast gəlinir. Çünki bu vəz həm də ginekologiyanı idarə edir. Qadınların orqanizmi bu hormonlara həssas olduğuna görə, onlarda bu xəstəliyə daha çox rast gəlinir. Ona görə də, hər altı aydan bir mütləq müayinədən keçmək lazımdır. Menstruasiya pozğunluqları zamanı dərhal həkimə müraciət etmək lazımdır. Çünki bu da zob xəstəliyin əlaməti hesab olunur”.