“Yetkinlik yaşına çatmayan şəxslərə, qız uşaqlarına qarşı zorakılıq faktları, ayrı-seçkilik növləri və digər problemlər bütün cəmiyyətlər və dövlətlərdə mövcuddur. Ana bətnində olan abortlar, xüsusilə selektiv abortlar, qız uşaqlarının təhsildən yayındırılması, erkən nikahlar, qadınların məcburi əməyə cəlb edilməsi, qızlara və qadına qarşı zorakılıq, ayrı-seçkilik kimi hallar Hindistan, Çin, Əfqanıstan, ABŞ, həmçinin müharibə vəziyyətində olan ölkələrdə də müşahidə olunur”.
“Gencaile.az” xəbər verir ki, bu barədə “AzVision.az”-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O qeyd edib ki, 2016-ci ildə yetkinlik yaşına çatmayan şəxslərə qarşı 553 cinayət faktı törədilib.
E.Səfərov qeyd edib ki, yerli icra hakimiyyətlərinin tərkibində olan monitorinq komisiyyasının təmilləşdirilməsi və uşaqlara qarşı zorakılıq faktlarının qarşısının alınması və digər işlərin ödənişli edilməsi məqsədəyuğundur.
“Onlar təlimləndirilməli və maarifləndirilməlidir. Bəzən kimissiyalarda işləyənlərin vəzifələri çərçivəsində işlərini əhatə edə bilmədiklərini görürük. Uşaqlara qarşı olan faktlara qarşı ümumi sistem olmalıdır. Bu sistem yaradılıb və təkmilləşdirilməsi davam etdirilməlidir. Qız uşaqları arasında zorakılıq faktları əsasən 14-18 yaş aralığında olur. Təəssüflər olsun ki, 8-12 yaşda da müəyyən hallar müşahidə olunur. 12-14 yaşda uşaq nikahları ilə bağlı bizə daxil olan siqnalın hamısının qarşısı alınıb və dayandırılıb. Say o qədər də çox deyil, hər il 10-15 belə fakt baş verir. Bunlar sırf dövlət qurumuna daxil olan məlumatlardır. Əsasən Şimal Qərb, Şəki, Zaqatala, Xaçmaz zonallarında belə hallar yaşanır”.
Komitə rəsmisi bildirib ki, uşaq nikahları ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Onun sözlərinə görə, xüsusi məsuliyyət növləri müəyyənləşdirilməsə, bu kimi hallar olacaq.