Son illərdə Azərbaycanda ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı kəskin artıb. Dövran qabağa getdikcə düşüncələrimiz geri qaçır sanki. Daha namuslu olmaq adı altında vəhşiləşirik.
Müxtəlif psixoloji səbəblərlə ailədə yaranmış narazılıqlar zamanla toplanaraq faciə ilə nəticələnir. Boşanmanı ayıb kimi qəbul edən ailələrdə ya ölürlər, ya da öldürülürlər.
Çox zaman qurban qadınlardır. Ən pisi bu faciəyə namus donu geyindirilməsi, qadının kişinin namusuna ləkə vurduğu üçün öldürülməsi kimi təqdim olunmasıdır. Bu ad altında cəmiyyətdə kişi cinayətkar yox, namusunu təmizləmiş qəhrəman imici qazanır. Bu adla həbsxanaya düşən kişilərin ordakı mövqeyi bir pillə yuxarıda qərarlaşır. Azərbaycanda mövcud olan bu bəlanın kökləri cəmiyyətin yanlış tərbiyəsindən və təzyiqindən başlayır.
Bütün ailələrdə oğlan uşağının doğulması üstünlük kimi qəbul edilir. Bu qayda ilə tərbiyə olunan balaca oğlan qadın üzərində dominantlıq etmək ixtiyarının olduğunu düşünərək böyüyür. Zaman keçdikcə yeniyetmə oğlanın yol verdiyi xətalar şuluqluq, qızınkı isə ömürlük damğa, “qara ləkə” , pozğunluq adı alır. Yəqin ki, bir tək Azərbaycanda qadın bir xətanın cəzasını ömrü boyu ödəməklə yaşayır. Bu xətanın adı sevgi olsa belə onu üzqarası kimi yaşayır Azərbaycan qadını.
Yəqin dəfələrlə eşitmişik, nikahdan kənar əlaqə yaşadığına görə öldürülən qadınlar, qızlar barədə. Belə bir hadisə illər öncə Ucar rayonunda baş vermişdi. 22 yaşlı qardaş adı bir kişiylə hallanmış dul bacısının başını kəsmiş, özü də ömürlük həbsə atılmışdı.
Sadəcə qadını yetişdirən mühitin sərt və qəddar tərbiyə üsullarının göstəricisidir bu kimi faktlar. “Başına bir iş gələrsə başını kəsərik, adına söz çıxarsa, öldürərik!” kimi hədələrlə böyüyən insanın beynində bu fakt dünyanın ən dəhşətli fəlakəti kimi əks olunub. Təcavüzə uğrayan, zorlanan qızlara fərqli baxır bizim cəmiyyət. Ayıbı edənin yox, qurbanın adı hallanır. Belə qızlar daha ailə qura bilmir, müxtəlif problemlərlə üzləşirlər. O qızları həm mənən, həm fiziki olaraq öldürən mentalitet adı altında bizə sırınan namus düşüncəsidir.
Sizdən soruşuram, o qızlar, o qadınlar xalqın sərvətini sorub kasıbların, yetimlərin payını öz malıymış kimi mənimsəyən məmurlardan çoxmu namussuz idilər? Şər böhtan atıb üzə duran şantajçılardan, fırıldaq yolu ilə başqalarının əmlakını talayan dələduzlardan, rüşvətxorlardan, ara qarışdırıb yuva yıxanlardan çoxmu ağır idi namus yükü o zavallı qadınların, qızların?!
Ananı namus yüküylə təzyiq altında saxlayan cəmiyyətdir bir qadını öz balasına qarşı amansız cinayətə sürükləyən. Namusu hələ də yalnız qadın bədənində görən beyinlərdir. Mən əxlaqsızlığı təbliğ edək demirəm. Amma qərb dünyası yarım əsrdir sərbəst münasibətlərə icazə verib, nə dağılır, nə də məhv olur. Bu sadəcə belə qəbul olunub. “Evlənmədən sevmək olur”u qəbul edir. Edək demirəm. Amma olmuşsa bu ölümlük fətvaya səbəb verməməlidir. Ərə gedə bilməyən və ömürlük tənha yaşayan nə qədər qadın var bu ölkədə. Ayıblara yenilən. Namussuz, əxlaqsız adını almaqdan qorxan. bakirə qarıyan və ölən.
Namus mentalitetinin axınına düşüb, nə qədər insan öz anasına, bacısına, qızına qıyır. Eldə adı biabır olmasın deyə. Məhz bu səbəblə öz doğma balasına qıyacaq qədər namuslu olan bir ana da cinayətkara çevrilib.
Namus dedikləri bizim cəmiyyətdə qadınların bədənində gizlidir. Dürüstlükdə, şərəfdə, qeyrətdə, ləyaqətlə yaşamaqda deyil. Mən bu qurşaqdan aşağı namusu anlamıram. Burda bir qadın acizliyi var, cəmiyyət vecsizliyi, ittihamlar var.
Evdə ata-ana, qardaş, qısqanc (qədərindən artıq , bəzən vəhşilik dərəcəsində qısqanc) bir ailədə böyüyən qızlar nə qədər xoşbəxtdirlər? Bu məsum qızlar dərdin, sərini qanından, canından olan ata-anasına deməyib (əksər hallarda nə deyə bilirlər, nə danışa bilirlər) kimə deməlidi? Danışmaq problemi var bizim ailələrdə. Yaxınını dinləmək, anlamaq və çıxış yolu aramaq problemi. Hər zaman ən qısasını seçirik- Cəzalandırmağı.
Bir insanı öldürmək (üstəlik o insan 14 yaşlı qızdırsa və sənin balandırsa çırpıntısına, xırıldayan səsinə, “ana” deyib qorxmasına, yalvarmasına, qışqırmasına qulaq vermədən öldürmək) qəddarlığın zirvəsidir.
Bir neçə müddət öncə istəmədiyi adama ərə verildiyi üçün intihar edən qızın “Vağzalı” ilə dəfn edilməsi xəbəri yayılmışdı.
Nə acı ironiyadır, o gözəl bala elə zamansız və istəksiz “Vağzalı”dan qaçmaq üçün intihar etməmişdimi? Ölsə belə yenə “Vağzalı” ilə köçdü bu dünyadan. Valideynlərdə nə “Vağzalı” düşkünlüyüdür bu. 14 yaşlı qızı nişanlayıb sonra nişanlısının təcavüzünə məruz qaldı deyirlər. Sevmədən ərə getmək, hər gün özündən xeyli yaşlı bir kişiylə eyni yatağa girməyə məcbur olmaq ömürük təcavüz deyilmi? “Bir an öncə ərə getsin, qız yükü duz yükü, adı üstümüzdən silinsin” rəzalətinin qurbanlarıdı bu balalar. Həmdə 2020-ci illərdə. Namus dedikləri nə idi? Öldürülən və təcavüz edilən qızların qurban verilməsimi?
İlhamə Həkimoğlu