MASIN

Zövqümüzü korlayan köhnə maşınlar

Baxış sayı: 567

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, hazırda Azərbaycanda olan 85 min avtomobilin yaşı 5 ilə qədərdir. 80 faizdən çox maşının yaşı isə 10 ildən çoxdur. Müşavir bildirib ki, avtomobillərin 7-8 faizinin yaşı isə 40 ildən artıqdır. Bu tendensiya il-ildən artmaqda davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Müşavirin sözlərindən belə qənaətə gələ bilərik ki, Azərbaycanda avtomobil parkı qocalmış vəziyyətdədir. Avropa ölkələrində avtomobil parkının yenilənməsi üçün işlər aparılır. Bəs Azərbaycanda bu istiqamətdə hansı işlər görülməlidir?

Köhnə maşınlara qadağa qoymaq lazımdır

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev dedi ki, artıq Azərbaycanda da avtomobil parkının yenilənməsi üçün müəyyən addımlar atılmalıdır: “Köhnə avtomobillər həm ekoloji vəziyyəti pisləşdirir, həm təhlükəsizlik baxımından mənfi hadisələri artırır. Təhlükəsizlik qaydaları, texnikası zəif olduğu üçün köhnə maşınlarda ölüm halları çoxalır, həmçinin tıxacları da artırır. Ona görə də ölkəyə gətirilən avtomobillərə istehsal tarixinə görə limit qoymaq lazımdır. Məsələn, yalnız son 5 yaxud da 10 ildə istehsal olunmuş avtomobillər ölkəyə gətirilsin. Daha gec istehsal olunmuşları gətirməyə qadağa qoymaq lazımdır”.

Hökumətin atdığı addımlar

Y.Mustafayevin sözlərinə görə, bu vaxta qədər görülən tədbirlər də var: “Son 2 ildə istehsal olunan hibrid avtomobillər ƏDV-dən azaddır. Elektromobillərə isə son 2 ildə istehsal olunubsa, ölkəyə gətirilməsində həm ƏDV-dən, həm də gömrük rüsumundan azad olmaq kimi güzəşt tətbiq edilir. Nazirlər Kabineti də köhnə avtomobillərin istismardan çıxarılması barədə qanun layihəsi hazırlayır. Məlumata görə, insanlar köhnə avtomobilləri təhvil verməklə vauçer (yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlər) əldə edəcək. Həmin vauçerlə güzəştli şərtlərlə, endirimli qiymətə avtomobil alacaqlar. Həmçinin də ola bilər ki, avtomobilin vəziyyətinə və çəkisinə görə metal hissələrinin yenidən təkrar emala getməsilə əlaqədar müəyyən məbləğdə vəsait ödənilsin. Bu tədbirləri də avtomobil parkının yenilənməsi ilə bağlı hökumətin atdığı addımlar kimi qiymətləndirə bilərik”.

Güzəştlər olsa da…

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bildirdi ki, nə qədər tədbirlər görülsə də, elektrikli avtomobillər hələ də əlçatan deyil: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı var. Bu sərəncamın beşinci bəndi ətraf mühitin yaşıllaşdırılması ilə bağlıdır. Sərəncamdan dolayı işçi qrupu yaradıldı. İşçi qrupun tərkibində ekoloji avtomobillərin stimullaşdırılması, cəmiyyətdə təbliğatı, təşviqatı yönündə işlərin aparılması ilə bağlı görüşlər, konfranslar, iclaslar keçirildi. Ondan sonra ekoloji avtomobillərə gömrüklə, bankla bağlı məsələlərdə güzəştlər olundu. Məsələn, ilk olaraq elektromobillər ƏDV-dən azad olundu. Sonra 10 faiz ilkin ödənişlə elektromobil əldə etmək imkanı yaradıldı. İlin sonunda isə elektrikli avtomobillər gömrük rüsumundan azad olundu. Amma elektriklə işləyən avtomobillər yenə də hamı üçün əlçatan deyil”.

Bu məsələ 1-2 günə həll oluna bilməz

E.Əliyevin fikrincə, aidiyyəti qurumlar da üzərlərinə düşən müəyyən işləri görürlər: “Hamının birdən-birə hibrid və ya elektrikli avtomobilə keçidi mümkün deyil. Avtomobil parkının yenilənməsi 1-2 günə həll oluna bilməz. Aidiyyəti qurumların iradəsi tələb olunur, həmçinin dövlətimizin müəyyən güzəştləri də lazımdır. Bu gün Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası bu istiqamətdə təkliflər irəli sürür və işlər görür. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi utilizasiya proqramına (təkrar emala göndərilmə) start verildiyini açıqlayıb. Avtomobillərin utilizasiyası ilk olaraq könüllülük prinsipi əsasında həyata keçiriləcək”.

İmkan olsa, heç kim köhnə avtomobil almaz

İcraçı direktor qeyd etdi ki, əlavə müəyyən tədbirlər də görülsə, artıq insanlar köhnə avtomobil almaq istəməz: “Öncə utilizasiya proqramına düşmüş köhnə və yararsız avtomobillərin ölkəyə girişini qadağan etməliyik. Ölkəyə girən maşınların buraxılış illərinə nəzarət, yenidən dəyişiklik olunmalıdır. İkincisi, elektrik və hibrid avtomobillərə güzəşt etdik, bank şərtləri, faizləri dəyişdik. Elektriklərdə ilkin ödənişi 10, hibridlərə 20 faizə saldıq. Bunu benzin və dizellə işləyən maşınlara da tətbiq etsək, avtomobil parkımız yenilənə bilər. Ən əsası, ölkədə lizinqin (razılaşdırılmış müddətə icarəyə verilmə) doğru-dürüst işləməsi lazımdır. Əsl standartlara uyğun, beynəlxalq dərəcədə qəbul olunmuş mexanizm yeritsək, heç kim köhnə avtomobil almaz, lizinq şərtləri ilə yeni avtomobil əldə edər”.

E.Əliyev bildirdi ki, işlər belə davam edərsə, avtomobil parkının yenilənməsi sürətlənəcək: “Yəqin ki, atılan addımların davamı gələcək. Davamında güzəştlərin benzin və dizellə işləyən avtomobillərə də tətbiq edilməsinin şahidi olacağıq. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapar”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir