gurcustan

Gürcüstana sərbəst səyahət: qiymətlər, yerlər, imkanlar

Baxış sayı: 297

Azərbaycanın qonşusu olan Gürcüstan son vaxtlar dünyanın hər yerindən olan turistlər üçün ən sevimli yerlərdən birinə çevrilib. İmkan yaranan kimi, bakılılar da tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq bu kiçik dağlıq ölkədə istirahət etməyə can atırlar. Əgər siz bu vaxta kimi Gürcüstanda olmamısınızsa, onda əldən verilmiş bu imkanın əvəzini ödəməyin yolları haqqında sizə danışacağıq.

Gürcüstanın şəhərləri: haranı seçməli

Tiflis – həm ölkənin paytaxtı, həm də onun turizm mərkəzidir. Bu seçim Gürcüstanda heç olmayanların, eləcə də, bizim eranın birinci minilliyində tikilmiş dörd məşhur məbədi sayəsində ölkənin başlıca turist Məkkəsi hesab edilən – Tiflis yaxınlığındakı Mtsxetanı ziyarət etmək arzusunda olanlar üçündür.

Batumi – yay mövsümündə istirahət üçün ən əlverişli seçimdir. Burada Gürcüstanın ən yaxşı çimərlikləri yerləşir, şəhərdə isə kurort ab-havası hökm sürür.

Kutaisi – Gürcüstanın ikinci paytaxtı hesab edilir. Bu, sakitliyi və əmin-amanlığı ilə seçilən, ilin istənilən fəslində istirahət etmək üçün şəhərdir.

Bakuriani – dağ-xizək kurortu kimi tanınmış şəhər tipli qəsəbədir. Qış fəslində ailəvi istirahət üçün yaxşı seçimdir.

Qudauri – qəsəbə olub, həmçinin ən uzun trasları ilə məşhur olan dağ-xizək kurortudur. Buraya yüksək səviyyədə təşkil edilmiş istirahəti qiymətləndirən bütün qış idmanı həvəskarları gedə bilərlər.

Gürcüstanda bu siyahıya düşməyən bir çox gözəl yerlər var. “Çabuki” ekskursiya bürosunun sahibi bu barədə deyir: “Əgər siz heç bir əhəmiyyətli yeri buraxmadan bütün Gürcüstanı bir dəfəyə gəzmək istəyirsinizsə, bunun üçün sizə iki həftə vaxt lazımdır. Adi məzuniyyət üçün Tiflisdə bir həftə qalmağı və diqqətəlayiq yerləri görmək üçün imkan daxilində yaxın şəhərlərə səfər etməyi məsləhət görərdim”.

Viza lazımdırmı?

Tavisupleba_square._Monument_of_St._GeorgeGürcüstan viza rejiminə görə dünyanın ən azad ölkələrindən biridir. Azərbaycan, Belarus, Ukrayna və bəzi digər ölkələrin pasportlarının sahibləri Gürcüstanda istədikləri qədər qala bilərlər. ABŞ, AB ölkələri, Avstraliya və bir çox ölkələrin vətəndaşlarının qalma vaxtı 360 günlə məhdudlaşır. Rusiya, Qazaxıstan və Türkiyədən olan qonaqlar isə ölkədə 90 gün rahat qala bilərlər.

Yeganə məhdudiyyəti işğal olunmuş ərazilərin – Abxaziya və Cənubi Osetiyanın möhürlərinin pasportunuzda olması yarada bilər: sizi böyük miqdarda cərimə və ya həbs təhlükəsi gözləyir. Rusiya Federasiyasının vətəndaşları qeydiyyat yeri və səfərin məqsədi kimi əlavə suallara cavab verməyə hazır olmalıdırlar.

Nəqliyyat seçimi

Bakıdan Gürcüstana təyyarə, qatar və ya avtobusla getmək olar. Bakıdan Tiflisə müntəzəm birbaşa reysləri “Azal” və “Qatar” aviaşirkətləri təşkil edir. Ekonom-klasda bir tərəfə biletin qiyməti 120-250 AZN arasındadır. Uçuş vaxtı – 1 saat təşkil edir.

Qatar variantı ucuz səyahət üçün münasibdir. Biletlərin qiymətləri: plaskart – 20 AZN, kupe- 30 AZN, SV- 50 AZN. Yola sərf edilən vaxt – 15 saat.

Yaxşı olar ki, biletləri əvvəldən alasınız. İnternet vasitəsilə də bilet almaq olar, lakin yol biletini yalnız nəzərdə tutulan səfərdən əvvəlki 10 gün ərzində sənədləşdirmək mümkündür.

Avtobusla da səfərə çıxmaq olar, amma yalnız o halda ki, təyyarəyə və ya qatara bilet tapılmasın. Mərkəzi avtovağzaldan birbaşa Tiflisə 15 AZN-a getmək olar, lakin təbii ki, bu zaman heç bir komfortdan söhbət gedə bilməz.

Avtomobillə səyahət etmək istəyənlər gərək nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni və sürücülük vəsiqəsini özləri ilə götürsünlər.  ;

Mehmanxanalar: harada qalmalı

Tiflisdə qonaqlara pansionlardan başlamış beşulduzlu otellərə kimi mehmanxanaların geniş seçimi təklif edilir. Xüsusi evlərin və ya böyük mənzillərin kirayəsi də mümkündür. Yaxşı olar ki, qalacağınız yeri əvvəldən xüsusi saytlar vasitəsilə bronlaşdırasınız. Otellərdə və ya ayrıca sanitar qovşağı olan mehmanxanalarda bir günlük orta qiymət 50-60 avrodur.

Yerli Valyuta

Gürcüstanın milli valyutası – laridir. Manatın lariyə görə məzənnəsi dəyişsə də, təxminən həmişə 1:2 nisbətindədir. Yəni 1 manat = 2 lari.

Mobil rabitə və İnternet

Azərbaycanın bütün mobil rabitə operatorları sizin səyahətiniz zamanı avtomatik rouminq xidmətini qoşmur. Buna görə də bu məsələni əvvəldən xidmət mərkəzləri ilə əlaqə yaradaraq həll etmək lazımdır. Tiflisin demək olar ki, bütün mərkəzi turist məkanları ödənişsiz Wi-Fi şəbəkələri ilə təchiz edilmişdir.

Tibbi yardım

Səyahətə, xüsusən də, travma təhlükəsi olan idman növləri ilə məşğul olacaqsınızsa, əvvəldən tibbi sığorta əldə edərək çıxmaq daha əlverişlidir. Lakin, əgər siz bu vəziyyəti nəzərə almamısınızsa, Gürcüstanda bir sıra dövlət klinikaları və özəl klinikalar var ki, sizə kommersiya əsasları ilə adekvat qiymətə xidmət edə bilərlər. Həkim qəbulu 10 avrodan başlayan qiymətlərlədir.

Mətbəx və hədiyyələr

Ümumilikdə gürcü mətbəxi Qafqaz regionundakı qonşularının mətbəxinə oxşasa da, bir sıra fərqli cəhətləri də var.  Gürcü mətbəxinin məşhur yeməklərinə acar xaçapurisi, xingəl, paxladan hazırlanan lobio, quş ətindən raqu – çaxoxbili və s. aiddir. Lakin, milli xörəklərdən bezsəniz, siz Tiflisdə planetin ən müxtəlif regionlarına məxsus xörəklərin verildiyi restoranlar tapa bilərsiniz.

Əlbəttə, gürcülərin milli fəxri – şərabı da unutmaq olmaz. Ölkənin bütün şəhərlərində bu məhsulu əldə etməklə bərabər, həm də dadına baxmağın mümkün olduğu mağazalar var. Hətta otellər və turist agentlikləri sizin üçün “şərab turu” təşkil edə və sizi bu içkinin istehsal edildiyi yerlərə apara bilərlər

Bununla yanaşı, gözəlliyi və istehsalının çətinliyi ilə məşhur olan, xüsusi şüşəyəbənzər örtük – arakəsməli emaldan hazırlanan bəzək əşyaları xanımları maraqlandıra bilər.

Səyahətə nə zaman getməli

Mülayim iqlimi  və müxtəlif çeşidli istirahət imkanları sayəsində Gürcüstanda turist mövsümü ilin bütün fəsillərində açıqdır. Tiflisin “Aroma Jazz” kafesinin meneceri Nino Qvişiani bununla bağlı belə deyir: “İl uzunu turist axını kəsilmir, lakin hər dəfə Yeni il bayramını qeyd etmək üçün buraya gələn çoxlu sayda azərbaycanlı ailəyə xidmət edirik. İlin bu oAvropadan gələn qonaqlarımız dəfələrlə az olur”.

Mənbə : Biznesinfo.az