Azərbaycanda son günlər koronavirus infeksiyasına (“COVID-19”) yoluxma, sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir və yoluxanların sayında artım müşahidə edilir.
Koronavirusa yoluxanlar arasında hamilələr də var və onlar “COVID-19”la bağlı risk qrupuna aid edilir.
Beləliklə, mövzu ilə əlaqədar mama-ginekoloq Nərmin Məmmədzamanlı ilə müsahibəni təqdim edirik:
– Nərmin xanım, koronavirusa yoluxan hamilə qadının bətnindəki körpəyə virus keçə bilirmi?
– Hazırda virusun hamiləlik dövründə anadan uşağa keçib-keçməməsi ilə bağlı dəqiq heç bir məlumat yoxdur. Çünki virus yeni olduğu üçün bununla bağlı araşdırmalar başa çatdırılmayıb. Bizim yanaşmamız isə adi qrip infeksiyasında olduğu kimidir.
– Bildiyiniz kimi, hamilələr də infeksiyanın risk qrupuna aid edilib. Bətndəki körpə üçün koronavirus nə zaman riskə çevrilə bilər?
– Pasientlərim arasında koronavirusa yoluxan şəxslər olub. Onlar hamiləliyin müxtəlif dövrlərində infeksiyaya yoluxub və sağalıblar. Hazırda onların hamiləliyi adi qaydada davam edir və ultrasəs müayinələrində hər hansısa bir problem müşahidə edilməyib.
Qeyd edim ki, dünya praktikasında koronavirusa yoluxub sağalan şəxslərin dünyaya gətirdiyi körpələrdə heç bir problem görülməyib və onlar sağlam olublar. Ancaq xüsusi vurğulamaq lazımdır ki, burada əsas hamilə qadının xəstəliyi necə keçirməsidir. Çünki ananın infeksiyanın ağır və ya yüngül formasını keçirməsi vəziyyəti dəyişə bilər. Bundan çox şey aslıdır.
Bətndəki körpə üçün koronavirus isə 12 həftəyə qədər riskə çevrilə bilər. Tək koronavirus infeksiyası yox, digər respirator viruslar, qrip də hamiləliyin sözügedən dövrü üçün risk hesab olunur. Çünki 12 həftəyə qədər dölün orqanları formalaşır və istənilən xəstəlik ona kənar təsir göstərə bilər. Belə bir hal yaşanarsa, hamilə daimi nəzarətdə saxlanılır. Ultrasəs müayinələr davamlı aparılır və döl normal olursa, hamiləlik saxlanılır. Əks halda isə abort üçün göstəriş verilir.
– Koronavirusla əlaqədar olaraq hamilələr xəstəxanalarda necə qorunur? Onlardan analiz tələb edilirmi?
– Doğuş paketinə artıq koronavirus analizi daxil edilib. Doğuş və ya qeysəriyyə üçün müraciət edən anaların özləri ilə əlavə nələrsə gətirmələrinə ehtiyac yoxdur. Onlar daimi nəzarətdə saxlanılır, yanlarına başqa şəxslər buraxılmır və gigiyenik qaydalara maksimum diqqət edilir.
– İnfeksiyaya yoluxan anaları maraqlandıran əsas məqamlardan biri də əmizdirmə prosesidir. Virusa yoluxan ana təhlükəsiz olaraq övladını əmizdirə bilərmi?
– Qrip hallarında olduğu kimi koronavirus infeksiyasına yoluxan zaman əmizdirmə prosesi təhlükəsiz və mümkündür. Burada əsas şərt ananın temperaturunun 38.5-dən yüksək olmamasıdır.
– Hamiləlik planlayan şəxslərə, eləcə də hamilələrə hansı məsləhətləri verə bilərsiniz?
– Hamiləlik planlama zamanı indiki problemlər nəzərə alınmalı və mütləq immunitet güclənməlidir. Tövsiyəm bundan ibarətdir ki, həmin şəxslər əvvəlcədən kompleks vitaminlər qəbul etsinlər.
Nəzərə alınmalıdır ki, hamiləlik dövründə qadının immun sistemi zəifləyir və müxtəlif infeksiyalara açıq, həssas olur. Ona görə də həkimin məsləhətlərinə qulaq asmaq vacib və mütləqdir. Bununla yanaşı əhval-ruhiyyə də yüksək tutulmalıdır. Çünki sitress birbaşa immuniteti aşağı salan faktorlardan biridir.(“Lent.az”)