koronavirus

Korona vaksinləri ürək xəstəliklərinə səbəb olurmu?

Baxış sayı: 382

Koronavirus epidemiyasının başlamasından 5 il ötür. Alimlər tərəfindən hazırlanmış koronavirus vaksinləri epidemiyanın başlanğıcında müşahidə olunan kütləvi ölümlərin qarşısını aldı. Bununla belə, bir çox insanlar hələ də peyvəndlərin təhlükəli olduğunu və xüsusilə ürək xəstəliklərinə səbəb olduğunu əsas gətirərək peyvənddən yayınırlar.Bəs bu iddia nə dərəcədə doğrudur?

İllər sonra alimlər bu araşdırmaya son qoydular. Mütəxəssislərin bu mövzuda apardığı araşdırmaların nəticələrini təqdim edirik.

İlk dəfə Çinin Uhan şəhərində ortaya çıxan və oradan bütün dünyaya yayılan koronavirus (“Covid-19”) milyonlarla insanın həyatına son qoyub. Pandemiya bitdi, ancaq pandemiyadan qalan peyvənd müzakirələri bitmək bilmir.

“Covid” peyvəndlərinin ürək çatışmazlığı və virus səbəbiylə qan laxtalanması riski yaratdığı iddiası hələ də xüsusilə sosial mediada tez-tez dilə gətirilən bir nəzəriyyədir. Bu iddianı araşdıran alimlər mübahisəyə son qoyublar.

İngiltərə, İspaniya və Estoniyada 20 milyondan çox insanın sağlamlıq qeydlərini təhlil edən alimlər araşdırmanın nəticələrini açıqlayıblar. Sözügedən araşdırmaya görə, “Covid” peyvəndləri virus səbəbiylə ürək çatışmazlığı və qan laxtalanma riskini artırmır, əksinə, azaldır.

İngilis “Guardian” qəzetindəki xəbərə görə, elm adamları İngiltərə, İspaniya və Estoniyada 20 milyondan çox insanın sağlamlıq qeydlərini təhlil edərək, peyvəndlərin xəstəliyin ciddi ürək-damar fəsadlarından qoruduğuna dair ardıcıl sübutlar tapıblar. “Oxford-AstraZeneca”, “Pfizer” və “Moderna” da daxil olmaqla “Covid” peyvəndləri pandemiya zamanı ağır xəstəliklərin qarşısının alınmasında yüksək effektivliyini sübut etdi. Son araşdırma, “Covid” peyvəndinin ümumi təsirini araşdırmaq məqsədi daşıyıb, çünki virus infeksiyasının ürək çatışmazlığı və müxtəlif digər ciddi ürək-damar problemləri riskini əhəmiyyətli dərəcədə artırdığı bilinib.

Oksford Universitetinin farmakoloji və cihaz epidemiologiyası professoru Daniel Prieto-Alhambra: “Bu çox böyük araşdırmada göstərdiyimiz şey, peyvənd edilmiş insanların “Covid”dən sonra bu fəsadların inkişaf riskinin daha aşağı olmasıdır”, – deyib.

“Heart” jurnalında yazan tədqiqatçılar, “Oxford-AstraZeneca” və “Janssen” tərəfindən istehsal edilən adenovirus əsaslı “Covid” peyvəndlərinin, “Pfizer” və “Moderna”nın “mRNA” əsaslı peyvəndlərinin ilk dövrdə “Covid” ilə əlaqəli ürək çatışmazlığı və qan laxtalanmasına qarşı ən qoruyucu olduğuna diqqət çəkdilər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, peyvəndlərin qoruyucu təsirləri uzun müddət ərzində azalsa da, peyvənd olunanlarda “Covid” ilə əlaqəli ürək çatışmazlığı və qan laxtalanma riski bir ilə qədər peyvənd olunmayanlara nisbətən daha az olub.

İnfeksiyadan 3-6 ay sonra peyvənd edilmiş insanlarda ürək çatışmazlığı riski peyvənd olunmamış insanlara nisbətən 39% aşağı olub. Prieto-Alhambra: “Ümumi mesaj budur ki, peyvənd olunsanız, “Covid”dən sonra ürək-damar və tromboembolik ağırlaşma riskiniz olduqca kəskin şəkildə azalır. Bu, xüsusilə yüksək risk altında olan və ya ürək-damar ağırlaşmalarından və ya qan laxtalanmasından qorxan insanlar üçün çox faydalı sayılır”, – deyib.

 

Qadir

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir