kisi

İtirdiyimiz xüsusiyyətlər: kişi sözü III YAZI

Baxış sayı: 389

“Adam kişi olar!”

Sözünü tutmayan, verdiyi vəddən dönən adamlara qarşı istifadə etdiyimiz ilk cümlə belə olur adətən. Kişi sözü möhürdür bizə görə, anddır, imzadır. Kişinin verdiyi sözdən döndüyü görülməyib, rastlanmayıb tarixən bu torpaqlarda. Kişi kişiyə söz verdisə, dünya dağılsa belə əməl edib, kişi öz sözündən dönmək yerinə ölməyi üstün tutub. Bizim kino fondumuzda çox gözəl bir film də var – “Kişi sözü”. Film kişi sözünün əhəmiyyətindən, kişi kimi yaşamağın vacibliyindən və ümumilikdə namus, ləyaqət kimi xüsusiyyətlərdən bəhs edir.

Niyə insanlar vəd verəndə həmişə “kişi kimi söz verirəm” deyirlər? Hətta qadınlar arasında da istifadə edilir bu ifadə. Qadınların sözünə güvən olmur, bəyəm? Yoxsa adət etdiyimiz, alışdığımız ifadə olduğu üçün belə deyirik? Əslində, düşünürəm ki, qadınlarda bu ifadə üçün analogiya olmadığı üçün belə deyilir. Lakin bunu seksist düşüncə tərzi ilə əlaqələndirənlər də çoxdur. Bu cür düşünənlər hesab edir ki, “kişi sözü” ifadəsi cinsiyyət fərqi qoyan ifadədir və seksizm ehtiva edir. Seksist düşüncə, cinslərdən hər hansı birinin – kişi və ya qadının digərindən üstün olduğunu heç bir əsas olmadan iddia etməkdir. Bu cür düşünənlər “kişi sözündən dönməz” ifadəsini də qadınlara edilmiş ən böyük təhqir kimi qiymətləndirirlər.

Əslində, insanların yaxşı və ya pis işlər görüb-görməmələrinə özlərinin qərar verdiyini düşünsək, kişi sözü anlayışının da fərdə görə dəyişdiyini anlamış olarıq. Verdikləri söz onların cinsinə xas deyil, öz şəxsiyyətinə və seçimlərinə aiddir. Biz deyə bilmərik ki, bütün kişilərin mayası eynidir və bütün kişilər verdiyi sözü tutur. Bu, bəlkə də ötən əsrdə belə idi, bəlkə 50 il əvvəl belə idi, axı biz gözümüzü açandan atamız, babamız kişi kimi söz verib, vədinə əməl edən olublar. Amma indi elə deyil. Yalancı vədlər verən, aldadan, yarı yolda qoyan kişilər “kişi sözü”nə əməl edənlərdən qat-qat çoxdur.

HAŞİYƏ:

Kərbəlayı İsmayıl Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biri idi. Əslən Qərbi Azərbaycanın Kolanı kəndindən olan Kərbəlayı İsmayıl 1930-cu ildə bolşeviklərin təqibi ilə Arazın o tayına keçəndə hamilə gəlinini qan düşməni olan və düşmənçilik apardığı Usuboğlunun evinə gətirir. “Gəlinim yüklüdür, onu burda qoymağa məcburam, o tərəfə keçirə bilmirəm, sənə əmanətdir” deyir. Usuboğlu Kərbəlayının yanındaca öz arvadını çağırıb deyir: “Bu, Kərbəlayının gəlinidir. Düşmənçiliyimiz öz yerində, amma gəlini sənə tapşırıram, onun başından bir tük əskik olsa, başını kəsərəm”. Usuboğlu, Kərbalayı arxayın olsun deyə öz oğlunu da girov kimi Kərbəlayıya verir. Deyir, qayıdanda oğlumu gətirib, gəlinini sağ-salamat apara bilərsən.

Kərbəlayı geri dönəndə, İrandan Arazı keçərkən ruslarla gülləbarana düşür və qan düşməninin oğlu hәmin atışmada ölür. Kərbəlayı oğlanın cənazəsini götürüb, əyninə kəfən geyinir və qan düşməni Usuboğlunun evinə gəlir. Deyir: “Öldür məni, sənin oğlun öldürüldü, mən sənin əmanətini qoruya bilmədim”. Usuboğlu cavabında deyir: “Gəlinin oğul dünyaya gətirdi. Əmanətini al götür, amma bir şərtim var ki, nəvənə mənim ölmüş oğlumun adını qoyarsan”. Bu, bəlkə də Azərbaycan tarixində iki düşmən kişinin bir-birinə verdikləri söz və bu sözə xilaf çıxmamaları haqqında ən ibrətamiz hadisə olub.

Söz namus hesab edilib tarixən. Birinə söz verdin və tutmadınsa bu kişilik ayıbı sayılıb. Sözünün üstündə durmayan kişiləri eldən uzaqlaşdırıblar, xor görüblər. “Ya söz vermə, ya da əməl et” prinsipi hökm sürüb yəni. İlk baxışda qəddar davranış kimi görünür sözündən dönəni eç içində xar etmək. Lakin bütün milli dəyərlər kimi bu xüsusiyyət nə qədər gərəkli imiş həyatmızda, itirdikdən sonra anladıq. İndi sözünə güvən, dediyinə inam göstərilən kişilər də barmaqla sayılacaq qədər azdır.

Əslində dil, insanın təfəkkür tərzinə təsir etməklə yanaşı, dünyaya baxışını, məntiqini də əks etdirir. Ona görə də hər zaman dilimizə nəzarət edir, ağzımızdan çıxanı öncə ölçüb-biçirik. Dediyimiz bizi rəzil də edər, vəzir də. Boşuna deyilməyib, “ağızdan çıxan söz quşdur, geri qayıtmır”, “sözü ağzında bişir, sonra çıxart”, “söz var dağa qaldırır, söz var dağdan endirir”.

İndi “kişi sözü” ifadəsini yalnız kişi cinsini xarakterizə etdiyi üçün istifadə edirlər. Yəni, bir kişi, başqa birinə söz verərkən bunu sadəcə kişi cinsindən olduğu üçün, sözgəlişi olaraq istifadə edə bilir. Sözün çəkisini, ağırlığını, məsuliyyətini dərk etmədən, bu sözü verərkən çiyinə oturan öhdəliklərdən bixəbər. Sadəcə, söz xətrinə deyir, çünki onun üçün bu sözü verməyi mənəvi əhəmiyyəti yoxdur. Verdiyi sözü tuta bilməsə də narahat olmur. Kişi sözünü vicdan, əxlaq, ləyaqət, mərdlik göstəricisi kimi verənlər isə, birincilərdən fərqli olaraq bu sözün ağırlığının fərqində olurlar. Dünya dağılsa belə, o sözün hökmünü yerinə gətirirlər.

Mədəniyyət inkişafdır, inkişaf yenilikdir, yenilik isə həmişə yaxşı istiqamətdə olmur. Biz yeniləşə-yeniləşə nələri itirdik, fərqindəsinizmi? Transformasiya bütün yaxşı xüsusiyyətlərimizi aldı bizdən. Kişi sözünün təməlində dayanan inamı, etibarı, ləyaqəti də həmçinin. Bu itirdiklərimizin fonunda kişi sözünün də bir çəkisi qalmadı. Kişi sözünü and bilən köhnə kişilər, köhlən atlara minib getdi…

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir