10686694_743073889079899_8881362952479452757_n

“Ürəyimdə dedim, nə “krutoy” oğlandır” – MÜSAHİBƏ

Baxış sayı: 6. 494

Yazar Aysel Əlizadə ilə söhbətləşməyi çoxdan planlaşdırırdım. Bu səbəbdən suallarım üst-üstə yığılırdı. Nəhayət, səmimi bir müsahibə alındı. Gencaile.az saytının “Gənc ana” rubrikasının budəfəki qonağı yazar Aysel Əlizadə oldu.

– Aysel xanım, neçə ildir anasınız?
– Analıq stajımın beş ili 2015-ci il yanvarın 10 – u tamam olur.

– Hamiləlik dövrünü necə keçirmisiniz, xüsusi çətinlikləriniz olub?
– İlk üç ay çətinlik çəkmişəm. Buna tibdə erkən toksikoz deyilir. Qan-damar və maddələr mübadiləsinin pozğunluğu nəticəsində baş gicəllənməsi, ürəkbulanma və daha ağır hallar yaşanır.

– Körpənizi ilk qucağınıza aldığınızda keçirdiyiniz hissləri xatırlayırsınız?
– Mən körpəmi qucağa almadan da o hisləri yaşayırdım. İlk tərpənişindən başladı o sevgi. İzel keysəriyyə əməliyyatı ilə doğuldu. Həkimlər onu yuxarı qaldırdılar və mən qızımı görüb güldüm. Bilmirəm, sevindim, yoxsa prosesin özü qəribə və maraqlı gəldi deyə reaksiyam gülüşlə ifadə olundu, nədisə gülürdüm, elə hey gülürdüm. Sonra onu uşaq otağına apardılar. Ağlağan deyildi. Sakitcə mızıldadı və mən uzaqdan “ana qurban” dedim. Səsimi tanıdı, susdu. Səhəri yavaş-yavaş yerimdən durdum, uşaq otağına getdim. Gördüm bütün uşaqlar qışqırır, ağlayır, mənim qızımsa yatıb. Həkimə dedim ki, qızımı öz palatama aparmaq istəyirəm. Burda körpələr qışqırır, səsləri uşağın başına düşər, sinirlərinə toxunar. Həkim mat qaldı. Otuz ildi həkiməm, ilk dəfədi belə şey eşidirəm, dedi. Onlar qırx gün heç nə eşitmirlər, dedi. Təkid elədim. Uşağı palatama apardım. Qızım hər şeyi hiss edirdi, bunu hamiləlik dönəmindən bilirdim.28560_1303487864394_1029143_n

-Deməli, epidural anesteziya (beldən keyitmə) ilə olunub əməliyyat? Hansına üstünlük verirsiniz? Keysəriyyə, ya fizioloji doğum?
-Bilirsiniz, təbii doğuş üçün yaxşı həkim olmalıdı. Bizdə isə doğuş zamanı əksər hallarda ana da, uşaq da travma alır. Yarıqlarla dünyaya uşaq gətirir qadın. Belə olmalı deyil. Uzman həkimlər olarsa qadınlar təbii doğuşa da üstünlük verərlər. Güvən yoxdu. Ən təhlükəsizi keysəriyyədi. Faydasına gəldikdə, həkimimlə bu barədə danışıb məsləhət almışdım. Ona çox inanıram. Tək-tük yaxşı həkimlərdəndi. Məlahət xanım Respublika Klinik Xəstəxanasında çalışır . Bunu deyək ki, yaxşı həkim axtaranlar onu tapa bilsinlər. Tibb hələ dəqiq qərar verməyib təbii doğuş daha faydalıdı, ya yox. Əməliyyatda qadın ağrı çəkmir. Hamı bilir bu necə əzablı prosesdi. Əgər göstəricilər yüzdə yüz təbii doğuşa imkan verirsə, bıçaq altına, narkoza getməyə gərək yoxdu. Bir şərtlə ki, professional həkimin əlinə düşəsən. Mən Məlahət xanımın məsləhəti ilə doktor İslama etibar etdim bu əməliyyatı. Əgər uğurlu təbii doğuş olacağına azacıq belə şübhə varsa əməliyyat ən yaxşısıdı. Ancaq burda da göstəricilər icazə verməlidir. Preparata (narkoza) dayanıqlılıq. Bütün hallarda ən böyük məsuliyyət həkimin üzərinə düşür.

– Ana olmağa hazırlaşan qadın nələri bilməlidi, sizcə?
-Hamiləlik mərhələlərini bilməlidi. Bu, mütləqdi. Hansı dönəmdə nə etmək gərəkdi, qida rasionu, idman, hərəkətlilik fazası və mütləq havada çox olmaq gərəkdi. Qadın özünü stressdən, qanqaraldan nəsnələrdən, oturaq həyatdan, virusdan, epidemik xəstəliklərdən, uşağın inkişafına əngəl yaradan, hətta bəzən onu dayandıran faktorlardan – icazəsiz dərman atmaq, diş düzəltdirmək kimi işlərdən qorusun gərək. Mən doqquz ay yalnız gülmüşəm, klassik musiqi dinləmişəm, kitab oxumuşam, havada çoxlu gəzmişəm, meyvə- tərəvəzi elə bağdan dərib yeyirdim. Dərildiyi an bitginin vitamini üstündə olur, bir neçə saat sonra əslində, ölü qida sayılır.

– Qızınız indi də sakitdi, yoxsa getdikcə dəcəlləşib?
– Yox, elə bircə dəfə doğulanda sakit olub. Çox dəcəldi. İndi də qolunu sındırıb.

– Allah şəfa versin. Deyirlər, dəcəl uşaqlar böyüyəndə çox məsuliyyətli və ağıllı olur.
– Ümid edək. Dəcəl uşaqlar tez-tez zədələnir. Hamı deyir, göz dəyib. Hər halda parapsixologiyada da mənfi, müsbət enerji deyilən bir anlayış var. Baxışdan da ötürülür bu enerji və uşaq öz aurasını qorumaq gücündə olmadığı üçün ola bilsin ki, təsiri olur. Ancaq! Əsas səbəb bu deyil. Bir yazı oxumuşdum xarici saytlardan birində. Psixoloq yazıb ki, özünü qoruya biləcəyi çağa qədər gözünüz uşaqda olsun. Nəzarətsiz qoymayın. Uşaq təhlükəli hərəkətlər edir, ehtiyatsızca atılıb-düşür. Qarşısını almaq valideynlərin görəvidi. Və bunu kobud şəkildə yox, uşağın başını qataraq etməliyik.
– İzelin anası Ayselin anasından nə ilə fərqlənir?
– Mən daha şirindil anayam. Anam qılıqsızdı, ancaq sağlamlıq məsələsində uşağa diqqət göstərməkdə mən ona bənzəməyə çalışıram. Anam bu yaşıma qədər dişimdən, saçımdan, ayağıma qədər bütün orqanizmimin sağlığı ilə ilgilənir. Bütün yazılarımı oxuyur. O, həm də mənim redaktorumdu. Qızıma da çox şeyi anam öyrədir. Rəsm çəkir onunla, hərfləri, rəqəmləri öyrədir, nağıllar danışır. İntellektual ana övladın qazancıdı – həm də ömürlük qazancı. Təsəvvür etmirəm, anam bir yazımı oxuyub fikir bildirməsə, nə edərəm. Özümə gəldikdə, dostların, İzelin bağça müəllimlərinin dediyinə görə çox yaxşı anayam, çünki İzel ağıllıdı, rahatdı və müstəqildi. Daha doğrusu, sərbəstdi, müstəqil olmasına hələ çox var.

– Qızınızın adını kim qoyub?
– Bir əziz adam qoyub, onun da əziz adamının adıdı. Adı eşidən kimi sevdim.

1800094_10201715141817413_1318768467_o

– Sizcə uşaqların adını kim qoymalıdı?
– Dədə Qorqud. (gülür- S) Zövqlü adamlar.

– Yaradıcılıqla məşğul olmağınız analıq qayğılarınıza necə təsir edir?
– Yaxşı təsir etmir, İzel yıxılıb qolunu sındıranda mən yazı yazırdım. Amma yaradıcı mühitdə böyüyən uşaq maraqlı olur. Qızım rəsm çəkir, heykəltaraş olacam deyir. Bizim borcumuz uşağın nədə başarılı olacağını ayırd edib yönləndirməkdi. Onu istədiyimiz peşəyə yönəltmək doğru deyil. Bir gənc tanıyıram. Valideynləri zorla ondan həkim düzəltmək istəyir. O isə maşın ustası olmağı arzulayır. Gizlincə usta yanına gedib öyrənir. Ata-ana imkan versə o, maşınımızı etibar etdiyimiz peşəkar usta, imkan verməsə, evimizi yıxan həkimlərdən biri olacaq.

– Evin büdcəsini kim idarə edir – Ramin Hacılı, yoxsa Aysel Əlizadə?
– Sizcə, necə olar? (gülərək soruşur, Aysel xanım – S)
– Yəqin, Ramin bəy…
– Yox, o qazanır, mən idarə edirəm.
– Demək ki, təqdim etdiyi büdcə layihəsi ümumi müzakirədə təsdiqlənməlidir.
– Ramin bəylə evlənəndə mənə dedi ki, bəsdi çabaladın. İndi sən dincələcəksən, mən çalışacam. Nəyi necə edəcəyimiz, nə alacağımız, planların gerçəkləşməsi isə mənə həvalə olunub.
– Deməli, indi sizin dinclik dönəminizdi?
– İllərlə çalışmışam, yazmışam, layihələr etmişəm, səkkiz kitabım, hələ çap olunmayan nə qədər yazım var. Ötən il ard-arda dörd kitab tərcümə etdim, bir də ayıldım ki, yorulmuşam. Yazıya verilən qiymət bizi dayanmadan külüng vurmağa məcbur edir. Aldığımız qonorar o ağır zəhmətin bədəli deyil. Buna görə də indi yalnız kitablarımla məşğulam, hərdən mətbuatda çox təsirləndiyim mövzularda yazıram. Özümə illərdi layiqli, ruhuma uyğun iş də tapa bilmirəm. Gələn təkliflər də uyğun olmur deyə neçə vaxtdı evə qapanmışam. Televiziyadan da uzaq düşmüşük. Yazda bir proqram hazırladıq. Nə qədər zəhmət, güc qoyduq. Həm maddi, həm peşəkar baxımdan bizim televiziyaların bəlkə bir verilişə beş ay yatırdıqlarını, bir buraxılışa yatırdıq. Dizaynı, mizanı, estetikası yüksək səviyyədə idi. Ancaq neçə kanala yolladıq, efir vaxtını da ödənişlə alacaqdıq, yenə də heç birindən müsbət cavab gəlmədi. Biri dedi, çox intellektual verilişdi, bizim tamaşaçının ziyalı ilə ünsiyyəti alınmır. O biri dedi, auditoriya şou istəyir. Bir başqasının ürəyi getdi, dedi yüz faiz verəcəyik, yalan danışdı. Hamısı baxanda heyran qaldı. Ancaq efirə buraxan olmadı. Peşəkarlıq uğruna can qoyursan, nəticədə səni TV yə gəlin-qaynana mövzusunda danışmağa çağırırlar. Əlin üzündə qalır. Hər şey gözdən düşür. Kənara çəkilirik, gizlənirik, ancaq belə də olmur. Düşünürsən, heç olmasa araya salıb iki cümlə yararlı mesaj vermək olar tamaşaçıya. Yazıçı- filosof Umberto Eko Türkiyənin Hürriyət qəzetinə verdiyi müsahibəsində demişdi ki, artıq yalnız ağıllı insanlara ünsiyyətdə oluram. Bu, sənətkarın özündən razılığı deyil. Bu, sənətkarın illərlə axmaqlıqlara dözməkdən yorulmasıdı.
– Sənət demişkən, sizcə, Elnur Hüseynov “O Ses Türkiye” yarışmasının qalibi olacaq?
– Mən İlahi ədalətə inanıram. İnsanların ədalətinə o qədər də yox. Bircə bunu dəqiq bilirəm ki, çox irəli gedəcək. Çünki ona özünü ifadə etmək üçün sadəcə mikrafon və səhnə lazım idi. Gördüyümüz kimi də alındı. Bizimkilər isə ona lələk zad taxıb böyük səhnəyə göndərmişdilər. Onun sənətinin lələyə ehtiyacı yoxdu ki. Oğlanın üzünü elə qrimləmişdilər o yaraşıqda adam mumiyaya oxşayırdı. Buna görə də nə Azərbaycan, nə Avropa Elnuru tanıya bildi. Biz yalnız gerçək sənətlə dünyanı təəccübləndirə bilərik. Problem budu. Gücümüzü sənətə yox, lələyə, ucuz şouya yatırırıq.
– Qayıdaq Sizə. Fərqli evlilik təklifi almışdınız. Demək olar hər kəs həmin vaxt sizdən danışırdı. Təklifin bu şəkildə olacağını gözləyirdiz?
– Ramin bəy maraqlı adamdır. Ondan hər cür fərqlilik gözləyirəm. Hətta olduğundan dahasını.10600584_743897388997549_804011351520205294_n

– İzel evlilik qərarınızı necə qarşıladı?
– İzel çox çətinliklə qəbul edib sayın Hacılını. İzel adamlara qarşı vasvasıdı. Ünsiyyətcil olsa da, hər adamı sevməz. Evliliyi də asanca qəbul etmədi. Sadəcə, Ramin özünü sevdirə bildi. İndi İzel rəsm çəkəndə birinci onu çəkir. Psixoloq fikrinə görə uşaq kimi evdə avtoritet sayırsa, onun şəklini birinci çəkir.
– Necə tanış olmusuz?
– İkimiz də prezidentliyə namizəd İqbal Ağazadənin vəkili idik. Seçki ərəfəsində tanış olduq. Seçki gününün axşamı yazışmağa başladıq. Mən müşahidəçi kimi bir məntəqədə qalmaqal yaşamışdım. O da fürsətdən istifadə edib o dəqiqə inboxa yazdı: Gəlim? Kömək lazımdı? Ürəyimdə dedim nə “krutoy” oğlandı. Bir neçə gün sonra facebook səhifəsinə baxdım, statuslarını, şəkillərini izlədim. Stili və təmkini xoşuma gəldi. Ancaq elə bildim evlidir. Çünki uşaqla şəkli vardı. Sonra bildim ki, qardaşı qızıdır. Yalandan “heç ağlıma gəlməzdi” tipli sözlər deməyəcəm. Onu görən kimi bəyənmişəm. Və ikimizlə bağlı heç bir plan qurmamışam. Rahat idim. Pis heç nə düşünmürdüm. Çox yaxşı dostluğumuz başladı. Plan, xəyal zad qurmurdum. Zaman hara aparır ora gedəcəm deyirdim özümə. Bir də gördüm elin önündə evlənmə təklif etdi. Təcrübəmdən türkiyəlilər demiş, qadınlarımıza bir önəridə bulunum. Kişiyə ilk andan şikar kimi yanaşmaq çox yanlışdı. Kişi bunu hiss edən kimi qaçır. Necə ki, bütün şikarlar ovlanacağını duyan kimi aradan çıxır. Sadəcə, ona sizinlə elə rahat olsun ki, sizi evi bilsin. Sizdə dincəlsin. Hesabat vermək, özünü savunmaq zorunda qalmasın. Əksinə, hər şeydən qaçıb sizdə sakitləşsin. Heç nə göydəndüşmə deyil. O məni təkcə qadın kimi yox, dost kimi də görüb, sınayıb, tanıyıb. Elə durduq yerdə gəlib deməyib, evlənək. Ona görə də qızlarımız bilsin ki, sayğını, sevgini, dəyəri adam dişi, dırnağı ilə qazanır. Və sevgi böyük bir əmək istəyir.

-Mətbəxlə aranız necədir? İzelin ən xoşladığı yemək hansıdı?
-Mətbəxlə, məişətlə aram çox da yaxşı deyil. Bütün yeməkləri ən yüksək səviyyədə bişirməyi bacarsam da, mətbəxdə saatlar keçirməyi vaxt itkisi sayıram. Raminin anası bizlə qalır. Bəzi işlərdə o da kömək edir. Hərdən ev işlərinə yardım edən qadın da gəlir. İzelin xoşladığı yeməklərə gəldikdə, səhərlər yumurta yeməyi sevir. Başqa vaxtlarda sevdiyi yemək ayrı-ayrılıqda makaron və kotletdir. Şirniyyatı isə bütün uşaqlar kimi gözünə təpir. (Gülür – S.) Acı, qoxulu, turş şeyləri xoşlamır.
Ailəniz üçün hansı planlarınız var?
– Evimizin olmasını planlayırıq. Hələlik kirayə evdə qalırıq. Yəqin, tezliklə bu məsələni də yoluna qoyacağıq.
– Son olaraq demək istədiyiniz, əlavə etmək istədiyiniz nəsə varmı?
– Nə deyim?.. Məsələn, azad ruhlu insanların bir-birini tapması aslanların birləşməsi kimidi.

Söhbətləşdi: Səbinə

1441401_10203238335576305_3705164409936250652_n

10659425_723201857733769_630428994191210881_n