psixoloq

Uşaq bağçalarında psixoloqa ehtiyac varmı?

Baxış sayı: 1. 291

Məktətəqədər və məktəb yaşlı uşaqların davranışında bir problem yaranan kimi müəllimlər valideynlərə övladlarını psixoloqa aparmağı məsləhət görürlər. Orta məktəblərdə psixoloqların olması valideynlərin işini bu məsələdə nə qədər yüngülləşdirirsə, uşaq bağçalarında psixoloqların olmaması valideynləri bir o qədər çətin duruma salır.

 

Valideyn Xalisə Məhərrəmovanın sözlərinə görə, oğlunu iki yaş yarımından uşaq bağçasına qoyub: “Artıq bir ildir ki, uşaq bağçaya gedir. Lakin uşağın davranışında müəyyən problemlər olur ki, müəllimlər onları həll etmək iqtidarında deyil” deyən valideyn bildirir ki, övladı bağçaya gedəndən sonra gecələr yatmır. Səhərə yaxın yuxuya gedir. Bununla yanaşı uşağın davranışında aqressiya müşahidə olunur. “Bundan başqa, yaşıdları ilə yola getmir. Tez-tez bədənində cırmaq izləri, zərbədən göyərtilər olur. Səbəbini soruşanda müəllimlər oğlumun uşaqlarla yola getmədiyini və oyuncaq üstündə dalaşdığını bildirirlər. Məni psixoloqa göndərirlər. İşlədiyim üçün uşağı həm bağçaya, həm də ayrıca psixoloqa aparmağa vaxtım olmur. Yaxşı olardı ki, uşaq bağçalarında ayrıca psixoloq ştatı olsun və uşaqlarla işləsin”.

Digər valideyn Səbinə Sərdarovanın sözlərinə görə, qızı Zeynəb uşaq bağçasına gedəndən sonra dişləməyi vərdiş edib: “Amma özünün bədənində də dişlək izləri çox olur. Bununla bağlı hər dəfə müəlliməyə şikayət edirəm. Amma bir faydası olmur. Müəllimlər daha çox uşaqlarla pedaqoji iş aparır”.

 bagca

Psixoloq Arzu Müzəffərovanın sözlərinə görə, uşaq bağçalarında ayrıca psixoloq ştatının yaradılması uşaqların inkişafı üçün müsbət bir addım olardı: “Uşaq çoxdur və müəllimlər onların psixoloji durumuna nəzarət etməyə, müəyyən psixoloji problemlərini yoluna qoymağa, bu səpkidə hər uşağa individual yanaşmağa vaxt tapmır. Psixoloq valideynlərlə də işləməlidir. Çünki 3-4 yaşında olan uşaqlarda psixoloji problem olursa, onun kökünü ailədə tapmaq və valideynlərə müəyyən məsləhətlər vermək lazımdır. Məsələn, yanıma azyaşlı uşaqları gətirirlər. Ana belə bir ifadə ilə şikayətinə başlayır ki, “uşağımın psixoloji problemi var”. Amma 3-4 yaşında uşağın nə kimi problemi ola bilər ki? Problem, əlbəttə ki, anadan-atadan, ailədən qaynaqlanıb. Münasibətlərdə nələrsə baş verir ki, bu da uşağa təsir edir”.

Müzəffərova qeyd edir ki, əslində pedaqogika və psxiologiya ixtisası üzrə təhsil alan müəllimlər uşaqlara həm psixoloji, həm də pedaqoji yanaşmalıdırlar: “Amma hər müəllim psixologiyanı dərindən bilmir. Uşaqlar daha çox sərbəstliyi sevir, lakin müəllimlər onlara bu sərbəstliyi vermir”.

Onun dediyinə görə, pedaqoq-psixoloq 20-30 uşaqla birgə çalışır: “Sırf psixoloq yanaşması isə fərdi olur. Əlbəttə ki, bağçada narahatlığı olan uşaqlar olur. Uşaqlarda qorxu, özünəqapanma halları müşahidə olunur. Təzə gələn uşaqlar ilk günlərdə adaptasiya ola bilmir. Travmalar alır. Bu baxımdan uşaqlarla psixoloq fərdi işləməlidir. Ancaq bağçadakı müəllimlər işlərini daha çox pedaqogikaya istiqamətləndirirlər. Gün ərzində uşaqlarla ancaq pedaqoji işlərlə məşğul olurlar”.

Uzun illər bağça müdiri işləmiş Cəmilə Pərvizin sözlərinə görə, uşaq bağçalarında psixoloqlara ehtiyac yoxdur: “Elə biz özümüz həm pedaqoq, həm də psixoloquq. Belə ki, müəllimlər pedaqogika və psixologiya fakültəsini bitirib. Uşaqlarda psixoloji problemlər olanda özümüz onlarla məşğul oluruq”.

 

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir