menzil

Əcnəbilər hansı hallarda Azərbaycanda ev ala bilməz?

Baxış sayı: 1. 250

Turizm imkanları yüksək olan ölkələrdə, o cümlədən qardaş Türkiyədə iqtisadi gəlirlərin önəmli bir qismi daşınmaz əmlakdan daxil olur. Belə ki, Türkiyədə təkcə yerli vətəndaşlar yox, həm də xaricilər mənzil və torpaq sahələri almaq hüququna malikdirlər. Hazırda ölkəmizə xarici investisiyanın hava-su kimi lazım olduğu ərəfədə ölkəmizə maraq göstərən əcnəbi iş adamları, imkanlı şəxslər var ki, ölkənin səfalı bölgələrində ev almaq niyyətindədirlər.

Xüsusən dəhşətli isti iqlimi ilə seçilən ərəb ölkələrinin milyarder şeyxləri üçün Azərbaycanın səfalı yerləri müqəddəs kitablarda vəd edilən cənnəti xatırladır. Hesablamalara görə, son dövrlərdə ərəblərin Azərbaycana marağı artıb, onlar əsasən daşınmaz əmlak almaq niyyətindədirlər. Lakin Azərbaycan qanunvericiliyi əcnəbilərin ev almasına yol versə də, torpaq mülkiyyətçisi olmağı qadağan edir. Bu isə o deməkdir ki, əcnəbilər çoxmərtəbəli binalardan mənzil alsalar belə, birbaşa torpaq üzərində olan heç bir tikiliyə sahib ola bilməzlər.

Müzəffər Baxış: “Azərbaycanda əksər vəkillər ancaq maklerliklə çörək qazanırlar” » Dəyərlər AİN

Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxış da əcnəbilərin Azərbaycanda mənzil sahibi olması ilə bağlı hüquqi şərtləri sadaladı. Bildirdi ki, əcnəbilərin Azərbaycanda mənzil alması ilə bağlı hər hansı problem yoxdur: ““Torpaq haqqında” Qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mənzil  əldə etdikdə Azərbaycan Respublikası vətəndaşlarına nisbətdə bir qədər artıq rüsum edirlər. Lakin torpaq almaqları problemdir. Əcnəbilərin mülkiyyətinə torpaq verilə bilməz.  Bizim qanunvericilik onu qadağan edir. Əgər onların mülkiyyətinə torpaq düşürsə, onu 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Ancaq torpaqdan başqa istənilən növ daşınmaz əmlak ala bilərlər. Məsələn, hər hansı bir xaricinin qohumu Azərbaycan vətəndaşıdırsa, vərəsəlik qaydasında ona 50 sot torpaq qalıbsa, bizim qanunvericiliyimizə görə, 1 il müddətində həmin xarici vətəndaş torpağını özgəninkiləşdirməlidir. Heç bir əcnəbi Azərbaycanda  torpaq sahibi ola bilməz.  Həmçinin bu qanuna əsasən əcnəbilər Azərbaycanda həyət evi ala bilməz. Çünki həmin ev hansısa torpaq üzərində tikilir, o evə çıxarış verilir və həmin evin altındakı torpaq da xüsusi mülkiyyətə daxil olur. Bu baxımdan əcnəbi həyət evi ala bilməz”.

M.Baxış bildirdi ki, qanunvericilik əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin torpaq sahəsi almasını qadağan edir və bu, Mülki Məcəllədə qeyd olunub: “Mülki Məcəllənin 206-cı maddəsində yazılıb ki, əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Mülkiyyətçi əmlakı bu məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Əgər qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin mülkiyyətinə əldə edilməsinə xüsusi icazə tələb olunan və mülkiyyətçiyə belə icazənin verilməsindən imtina edilən əmlak düşərsə, bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən əmlak üçün müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirilməlidir.

Həmin məcəllənin 207-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər”.

“Həmçinin Torpaq Məcəlləsində də əcnəbilərin torpaq mülkiyyətçisi olması qadağan edilir”- deyən hüquqşünas diqqətə çatdırdı ki, əcnəbilər torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər: “Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin məcəllənin 49.4-cü maddəsində isə qeyd edilir ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir