usaq

Azərbaycanda övladlığagötürmə ilə bağlı yenilik nə vəd edir? – EKSPERT YANAŞMASI

Baxış sayı: 782

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən gələn ilin əvvəlindən yeni aylıq müavinət növü təsis olunacaq.

Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

sahib memmedov

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov qərarı şərh edərkən dedi ki, Azərbaycanda təsdiq edilmiş yeni qanun valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına xidmət edir: “Skandinaviya ölkələrində övladlığa götürən şəxslərə böyük müavinətlər verilir. Bu ölkələrdə ayrılan müavinətlərə, hətta qazanc mənbəyi kimi baxanlar da var. Uşaqlar ailələrdə böyüdükcə şəxsiyyət kimi yetişə bilirlər. Demək olmaz ki, uşaq evlərində olanlar yetişmir, onların içərisindən bəzən alimlər də çıxır. Amma hər halda ailələrdə uşaqların böyüməsi daha yaxşıdır. Bu, geniş yayılmış bir formadır.

Xarici ölkələrdə elə ailələr var ki, xüsusən əlilliyi olan, yaxud sağlamlığını itirmiş uşaqları övladlığa götürür. Bu cür uşaqları saxlamaq, eləcə də onların reabilitasiya məsələləri xərclər tələb edir. Buna görə, övladlığa götürülmüş sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq müəyyən olunmuş məbləğ digər uşaqlara nisbətən çoxdur. Qərarı çox normal qəbul edirəm. Bu, uşaqların övladlığa götürülməsinin stimullaşdırılması ilə yanaşı, həm də həmin ailələrin sosial təminatını qismən də olsa, yaxşılaşdırmaq məqsədi güdür”.

Sahib Məmmədov təəssüflə qeyd edir ki, uşaqları xəstə olduğu üçün imtina edən ailələr də var: “2012-ci ildə UNICEF-in xətti ilə Xorvatiyada olmuşam. Orada serebral iflicdən əziyyət çəkən uşaqları ailələr gün ərzində xüsusi mərkəzlərə verir, amma axşamlar götürüb aparırdılar. Bu mənzərə çox təsirli idi, uşaqlar valideynlərini görəndə onlara sarmaşırdılar.

Azərbaycanda isə Şağan və Saray qəsəbələrində xəstə uşaqların mərkəzləri var. Heydər Əliyev Fondu onları çox yüksək səviyyədə təmir edib. Amma təəssüf ki, valideynlər uşaqlarını illərlə atır, yanlarına gəlmirlər. Belələri nəinki başqasının uşağına sahib çıxar, hətta öz övladından da imtina edirlər. Əminəm ki, Azərbaycanda da sağlamlıq imkanları məhdud uşaqları götürən ailələr tapılacaq.

Müşahidələrimə əsasən deyə bilərəm ki, ABŞ-da ailələr sağlamlıq imkanları məhdud uşaqları götürməyə daha çox üstünlük verirlər. Onlar bundan sanki rahatlıq tapırlar, hesab edirlər ki, Allah yanında savab iş görüblər. Hətta xarici ölkələrdən övladlığa götürmədə də sağlamlıq imkanları məhdud uşaqların seçilməsi üstünlük təşkil edir. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə vəziyyət bir qədər fərqlidir. Amma bu o demək deyil ki, hamı belədir. Ola bilər ki, sağlamlıq imkanları məhdud uşaqları da götürüb saxlasınlar”.

Ekspertin sözlərinə görə, Azərbaycanda 10-a qədər uşaq müavinəti növü var: “İndiyə qədər övladlığa götürülən uşaqlar bu növlərdən birinin əhatə dairəsinə düşürdüsə, həmin ailələrə də sosial müavinətlər verilirdi. Bundan əlavə, əgər ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilirsə, 1 yaşına qədər uşaq varsa, əlavə pul nəzərdə tutulurdu. Həmçinin ünvanlı dövlət sosial yardımı təyin edəndə ailə sayında övladlığa götürülmüş uşaqlar da nəzərə alınırdı. Eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlər verilirdi. Görünür, yeni dəyişiklik bu tədbirləri daha da stimullaşdırmaq üçün nəzərdə tutulub”.

Yeganə Oqtayqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir