ayseba umudlu

Əl Cəzirənin azərbaycanlı əməkdaşı: Ərəblər öz adət-ənənələrində daha mühafizəkardırlar

Baxış sayı: 1. 426

Azərbaycanlı gənclərin xarici platformalarda uğur qazanması, mövqeyə sahiblənməsi həmişə sevin diricidir. Belə gənclərimizdən biri də Aysəba Umudludur. Aysəba xanım bir müddət öncə dünyanın ən məşhur telekanallarından biri olan Əl Cəzirədə işə düzəlib. O, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətdə bu uğura aparan yoldan, qarşıda duran işlərdən, gözləntilərindən danışıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

 

– Əl Cəzirəyə qədər hansı KİV-də çalışmısınız? Xarici yayımçılarla hansısa təcrübəniz olubmu?

– Bəribaşdan deyim ki, məni Əl Cəzirəyə aparan yol heç də rahat olmayıb. Buna qədər mən müxtəlif yerlərdə çalışıb, təcrübə keçmişəm. Həyat məktəbim, sınaqdan keçdiyim ilk məkan isə öz evimiz olub. Belə ki, qurucusu atam olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun yarandığı 90-cı illərin əvvəllərindən bizim evə dünyanın müxtəlif yerlərindən jurnalistlər, beynəlxalq təşkilatların təmsilçiləri gələrdi. (Redaksiyadan xüsusi qeyd: Ayseba Umudlu tanınmış jurnalist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun övladıdı). Evimiz BAMF -ın “baş qərargahı”na çevrilmişdi. Gələn bütün “qonaq”ların səfər proqramları buradan koordinə edilər, görüşləri burdan təşkil olunardı. Burada onların Qarabağa səfərləri təşkil edilər, Ermənistan-Azərbaycan konflikti barədə həqiqətlər tarixi sənədlərlə, kitablarla və xəritələrlə izah olunardı. Qonaqların bir çoxu bəzən bizim evdə qalardılar. Beləcə, mənim uşaqlıq dövrüm qəribə  bir ortamda keçib. Bu da özünəməxsus bir həyat məktəbi idi. Belə bir mühitin mənim ingilis dilini erkən yaşlarımda öyrənməyimdə və jurnalistika peşəsinə meyl salmağımda böyük rolu olub. Bəzən tərcümə işlərində yardım etməyimə atam sevinsə də, hiss edirdim ki, jurnalistikaya meyllənməyimə bir o qədər də xoş yanaşmır.

– Universiteti bitirdikdən sonra işləməyə qərar verdiz?

– Ali təhsilimi bitirdikdən sonra Avrasiya Media Şəbəkəsində çalışmağa başladım. Qlobal media qurumu olan Beynəlxalq Mətbuat İnstitutunun dünyanın müxtəlif ölkələrində keçirilən ən müxtəlif tədbirlərinin iştirakçısı oldum. Televiziya jurnalistikasında təcrübəmə gəlincə, öncə Türkiyədə Beyaz TV xəbərlər şöbəsində təcrübə keçmişəm. Yerli kanallarımızdan Space TV, Xəzər TV-də çalışmışam, bir sıra proqramların müəllifi olmuşam. Ancaq böyük həvəs, əziyyət və əzm bu yolda irəliləməyimə kömək etdi.

– İngilis dilini harada öyrənmisiniz? Ümumiyyətlə, ali təhsili harada almısınız?

– İngiliscəyə həvəsim ilk dəfə atama tərcümə etdikcə yaranmağa başladı, sonra orta məktəbdə və əlbəttə ki, daha sonra ali məktəbdə inkişaf etdirdim. Mən Bakalavr təhsilimi BDU Beynəlxalq münasibətlər-beynəlxalq hüquq fakültəsində almışam, magistr dərəcəmi isə London Siti Universitetində, Beynəlxalq siyasət və insan hüquqları üzrə oxumuşam. Düşünürəm ki, ingilis dili və başqa dillərə yiyələnməklə yanaşı, ana dilimizdə səlis danışmaq olduqca vacibdir. İngiliscə sadəcə danışma, çoxlu mütaliələr etmək lazımdır. İnanın ki, hər qapının açarı savad, bilik, əzmdir. Beynəlxalq status almaq, beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün əcnəbi dilləri daha yaxşı bilmək lazımdır. Bu səbəbdən mən də ingilis dili biliklərimin üzərində daim çalışmışam, özümü inkişaf etdirmişəm.

– Əl-Cəzirə ilə əməkdaşlığınız necə başladı? Təsadüfi oldu, yoxsa necə? Hansı sahə üzrə çalışırsınız orada?

– Əslində buna təsadüf deməzdim, çünki illərdir beynimdə bu fikir vardı. Beynəlxalq bir kanalda çalışmağı həmişə arzu etmişəm. İnsan qarşısına məqsəd qoyur və o məqsədə çatana qədər bəzən yorulur, usanır. Amma daha böyük istək olanda və bir şeyi candan, könüldən istəyəndə məqsədinə, arzusuna yetişir. Çox həvəsdən düşdüyüm zamanlar da oldu, ancaq içimdə bir inam mütləq bir gün nəticə olacağını deyirdi. Belə də oldu, çox şükür.

ayseba2.JPG (55 KB)

Əl-Cəzirə ilə də tanışlığım Beynəlxalq Media İnstitutunun təşkil etdiyi tədbirlər zamanı yarandı. Əl-Cəzirənin tədbirlərinə qatıldım. Daha sonra isə bu media qurumunda təcrübə keçmək imkanım yarandı. Onu da deyim ki, təcrübə proqramının əvvəlindən sonuna kimi çox ciddi imtahanlardan, sınaqlardan keçdim. Bəlkə da sadə səslənir, ancaq həqiqətən gecə-gündüz çalışdım. Üç aylıq sınaq dövründən sonra işə cəlb edildim. Əl Cəzirədə işə başlamağımdan çox keçməyib, amma özümə qarşı çox tənqidi yanaşıram, daha çox öyrənmək, daha yaxşı və fərqli olmaq, yavaş-yavaş da irəliləmək istəyirəm. Qeyd etdiyim kimi, burada çalışmaq böyük bir məsuliyyətdir, gələcəkdir, karyeradır.

– Əl Cəzirədə hansı şöbədə işə başlamısınız?

– Onlayn şöbəsində çalışıram. Sosial media səhifəmiz üçün videolar hazırlayıram, bəzən məqalələr yazıram.

– Dünya şöhrətli bir telekanalda işləmək hansı hissləri yaradır? Əl Cəzirə təcrübəsi Azərbaycan TV-ləri üçün nə deməkdir sizcə?

– Dünya şöhrətli kanalda azərbaycanlı olaraq işləmək, əlbəttə ki, mənimçün böyük qurur hissidir. Burada işlədiyim üçün özümü şanslı hesab edirəm. Əl Cəzirə böyük bir media məktəbidir. Dünyanın ilk beşliyində olan beynəlxalq bir media şəbəkəsidir. Bu kimi media şəbəkələrindən öyrənə biləcəyimiz xeyli biliklər, yeniliklər var. Onların təcrübəsindən faydalanmağın böyük üstünlükləri vardır. Düşünürəm ki, bizim media qurumlarımız da peşəkarlığın artırılması üçün  Əl Cəzirə və digər beynəlxalq media qurumları ilə əməkdaşlıq etsə, faydalı olar.

– Azərbaycan TV-lərindən Əl Cəzirə ilə əməkdaşlıq edəni varmı? Belə bir əməkdaşlığın qurulması üçün çalışmalarınız olacaqmı?

ayseba 3.JPG (48 KB)

– Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan media qurumlarının Əl-Cəzirə Media Şəbəkəsi ilə əməkdaşlığı hiss olunur. Amma rəsmi olaraq hər hansı bir kanalla rəsmi anlaşma mövcud deyil. Arzu edirəm, gələcəkdə bu əməkdaşlıq daha da inkişaf etsin. Belə bir əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. Əlbəttə, bu sahədə hər hansı imkanlar olarsa, mən də öz növbəmdə əlimdən gələni əsirgəmərəm.

– Bir qadın üçün ərəb telekanalında çalışmaq, ərəb ölkəsində yaşamaq hansısa məhdudiyyətlər yaradırmı? Bu telekanala ərəb ənənəsinin, mentalitetinin, cəmiyyətinin təsiri nə qədərdir?

– Düzünü desəm, ərəblərin adət-ənənələri bir neçə spesifik adətləri çıxmaq şərti ilə, Azərbaycan adət-ənənələri ilə çox oxşardır. Sadəcə, ərəblər öz adət-ənənələrində daha mühafizəkardırlar. Lakin bu, burada çalışanlar üçün heç bir problem yaratmır. Əl-Cəzirə beynəlxalq kanaldır. Burada müxtəlif dillərə, dinlərə məxsus peşəkarlar xoş bir ortamda çalışırlar. Burası dünyəvi bir məktəbdir.

ayseba 4.JPG (100 KB)

– Əl Cəzirədə hansı səviyyəyədək yüksəlmək imkanlarınız var? Ümumiyyətlə, başqa tanınmış telekanallara keçmək variantları barədə düşünürsünüzmü?

– Əvvəldə qeyd etdiyim kimi, Əl Cəzirə böyük bir media məktəbdir. Bu həm də öz bacarıqlarını, potensialını ortaya qoymaq, sübut etmək üçün beynəlxalq media platformasıdır. Əl-Cəzirə Media Şəbəkəsi özü elə bir yerdir ki, potensialı olan, əzmkar insanlara yüksəlmək üçün mütləq imkanlar verir. Mən də əlimdən gəldiyi qədər çalışıram ki, bu platformada öz bacarıqlarımı sərgiləyə bilim.

Hələki başqa beynəlxalq telekanallar haqqında düşünmürəm. Əl-cəzirə Media Şəbəkəsi özü elə bir yerdir ki, potensialı olan, əzmkar insanlara yüksəlmək üçün mütləq imkan verir. Mən də əlimdən gəldiyi qədər çalışıram ki, bu kanalda zamanla istədiyim məqama çata bilim.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir